Vətən müharibəsi iştirakçılarının “intihar dalğası”…

357

Elçin Əhmədov: “Döyüşçü yoldaşlarımın arasında tərxis oldunduqdan sonra psixoloji problemləri yarananlar var”

Elnur Rüstəmov: “Psixoloji yardımın göstərilməsi üçün rayonlarda da yadım mərkəzləri təyin edilməlidir”

Aynur Hacıyeva: “Vətən müharibəsindən dönən hər bir əsgərimiz müayinədən keçməlidir ki, biz onları itirməyək”

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vətən müharibəsi iştirakçısı Vüsal Musayevin intihar etməsi faktıyla bağlı hazırladığımız yazıdan sonra, çox keçmədi ki, növbəti intihar hadisəsi baş verdi. Bu dəfə isə hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar etdi. Vyetnam müharibəsi, İkinci Dünya Müharibəsinin  və s. savaşların təcrübəsindən çıxış etsək, çox dəhşətli və acınacaqlı faktlarla üz-üzə qalmış olduğumuzun fərqində ola bilərik. Tarixə nəzər yetirsək görərik ki, Vyetnam müharibəsindən sonra, ABŞ-da intihar edən amerikalı əsgərlərin sayı, onların Vyetnamda itirdikləri əsgər sayından heç də az deyildi… Odur ki, məsələnin gələcəkdə ciddi və təhlükəli olduğunu nəzərə alaraq, Vətən müharibəsi iştirakçılarının “intihar dalğası”na son vermək və onlara psixoloji dəstəyin vacibliyini dövlət qurumlarının nəzərinə çatdırmaq üçün mövzunu davam etdirməyi özümüzə borc bildik.

“Bəzi döyüşçülərimiz var ki, onlara medallar verilməyib…”

İkinci Qarabağ savaşının iştirakçısı Elçin Əhmədzadə “Hürriyyət”ə müsahibəsində bildirdi ki, döyüşçü yoldaşlarının arasında tərxis oldunduqdan sonra psixoloji problemləri yarananlar olub. O, psixoloji problemlərin əsas səbəblərindən birini də müharibə iştirakçıların bəzilərinə heç bir medalın verilməməsiylə əlaqələndirib:

“Mediadan oxuduğum informasiyalara görə, bu işlə bağlı pisoxoloqlar təyin edilib. Vətən müharibəsində iştirak etmiş şəxslər üçün bu istiqamətdə “qaynar xətt” yaradılıb. Türkiyədən də psixoloq komandası Azərbaycana göndərilib. Əgər kiminsə psixoloji yardıma ehtiyacı varsa, yararlana bilər.

Müharibədə iştirak etmiş şəxslərdə psixoloji problemlər əsasən ətrafında yaranır. Məsələn, bəzi döyüşçülərimiz var ki, onlara medallar verilməyib. Vətən müharibəsində iştirak etmiş şəxsən tanıdığım döyüşçü var. Dostları, tanışları yarızarafat və yarıciddi ona bildirirlər ki, yəqin, döyüşlərdə olmamısan ki, sənə medal verilməyib. Halbuki, bu adam döyüşçü yoldaşımızdır. Bizimlə birlikdə döyüşlərdə iştirak edib. Belə hallar da onun psixologiyasına çox pis təsir edir. Hətta buna görə evdə atasıyla da mübahisə edib.

Düşünürəm ki, müharibədə iştirak etmiş şəxslərin siyahısı daha dəqiq araşdırılmalıdır. Haqqı olanlara medal verilməlidir. Mənim özümə də medal verilməyib. Yalnız döyüşlərdə fəal iştirak etdiyimə görə “fəxri fərman” verilib. Başqalarını deyə bilmərəm, amma məni medallar o qədər də maraqlandırmır. Mən yalnız Vətəni və torpağımı sevdiyimə görə, döyüşlərdə iştirak etmişəm. Döyüşlər vaxtı düşünməmişəm ki, mənə medal veriləcək, ya yox… Düzdür, insan təltif olunan zaman həvəslənir. Əziyyətinə qiymət verildiyi üçün qürur hissi keçirdirsən. Amma baxırsan ki, burda da boşluqlar var.

Az öncə nümunə göstərdiyimiz sadəcə, bir insanda olan psixoloji prosesdir. Bilmədiyimiz və görmədiyimiz nə qədər belə müharibə iştirakçısı var. Düşünürəm ki, mütləq şəkildə müharibə iştirakçılarına psixoloji yardımlar olunmalıdır”.

“Şəxsən mənim özümün də psixoloji yardıma ehtiyacım var”

Elçin Əhmədov özünün də psixoloji yardıma ehtiyacı olduğunu deyir. Lakin işlədiyi yerdən icazə ala bilmədiyi üçün psixoloq yanına getməyə zaman ayıra bilmir:

“Şəxsən mənim özümün də psixoloji yardıma ehtiyacım var. Sadəcə, mən əsəblərimi cilovlaya bilirəm. Hərdən evdə uşaq səs edən zaman əsəbləşirəm. Halbuki uşaq normal qaydada səs edir. İstəməyərək uşağın üzərinə qışqırıram. Çünki istəmədən mənə təsir edir. Hətta evin ab-havası belə mənə pis təsir edir. Həqiqətən də müharibə iştirakçılarımızın psixoloji yardıma ehtiyacı var. Qazilərimizin də intihar etməsi çox pis təsir etdi. Onlar müharibədən sağ çıxmasına baxmayaraq, təəssüf ki, intihar etdilər. Halbuki, onlar o cür döyüşlərdən sağ çıxmışdı. Döyüşçülərimizdə psixoloji təsirlərin olma səbəbi bilirsiz nədir? Çünki döyüşlər zamanı mərmilər yanımızda partlayıb. Adicə, bayramlarda yanımızda protexniki məhsullar partladılanda diksinirik. Halbuki, bu partlayıcılar xırdadır. Amma müharibədə olan zaman toplar və raket zərbələri daha pis təsir edir. Müharibədən qayıtdıqdan sonra qapı çırpılanda belə insana pis təsir edir.

Döyüşlərdən qayıtdıqdan sonra işlədiyimə görə, psixoloq yanına da gedə bilmirəm. Bununla bağlı özəl və dövlət qurumları tərəfindən şərait yardılsaydı, yaxşı olardı… İş yerimdən bildirilir ki, yalnız məzuniyyət müddəti ərzində gedə bilərsiniz. Düşünürəm ki, dövlət tərəfindən bu istiqamətdə Vətən müharibəsi iştirakçıları üçün şərait yaradılmalıdır”.

“Qazilərimiz və şəhid ailələri də psixoloji yardımla təmin edilməlidir”

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov “Hürriyyət”ə bildirdi ki, bu istiqamətdə işlər mərkəzləşdirilmiş şəkildə həyata keçirilməlidir. O, qazilərin və şəhid ailələrinin böyük qisminin rayonlarda yaşadığını nəzərə alaraq, bölgələrdə də psixoloji yardım mərkəzlərinin təşkil edilməsinin vacibliyini vurğulayıb:

“Ümmiyyətlə, Vətən müharibəsi iştirakçılarına psixoloji yardım göstərilməlidir. Eyni zamanda, qazilərimiz və şəhid ailələri də psixoloji yardımla təmin edilməlidir. Bu, dünya praktikasında da tətbiq olunur. Azərbaycanda da bu proses həyata keçirilir. İstər Müdafiə Nazirliyi, istərsə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi, istərsə də Heydər Əliyev Fonundunun Regionların İnkişafı Birliyi tərəfindən yardımlar olunur. Sadəcə, Vətən müharibəsi iştirakçılarımızın sayı və onların qeydiyyata alınmasıyla bağlı proqram hazır edilməlidir. Bu istiqamətdə həyata keçiriləcək bütün işlər də mərkəzləşdirilmiş şəkildə olmalıdır. Əgər mərkəzləşdirilmiş şəkildə olarsa, onlara lazımi dəstəkləri göstərmək olar. Nəzərə alaq ki, qazilərimiz, şəhid ailələrimiz və ümumilikdə Vətən müharibəsi iştirakçılarının hamısı paytaxtda yaşamır. Onların böyük qismi rayonlarda yaşayır. Psixoloji yardımın göstərilməsi üçün rayonlarda da yadım mərkəzləri təyin edilməlidir. Bunu yaratmaq da problem deyil. Sadəcə kadr potensialını yaratmaq lazımdır.

Bizim bu istiqamətdə peşəkar kadrlarımız da azlıq təşəkil edir. Bunun özü də spesifik probemdir. Nəzərə almaq lazımdır ki, bir psixoloq bir müharibə iştirakçısıyla həftədə iki-üç dəfə seans keçirməlidir. Ağır hallar olan zaman hər gündə seans keçirilə bilər. Seansların müddəti də 45 dəq-dən 1 saata qədər olur. Praktiki olaraq, bir psixoloq həftə hərzində bütövlükdə özünü bu işə sərf etsə, 10-12 nəfərin reabilitasiyasıyla məşğul ola bilər. Həkim dərman yazır, bir aydan sonra yenidən müayinəyə çağırır. Amma psixoloji yardım tamam fərqli olur. Ümumiyyətlə, psixoloji yardımın nə olduğunu bəzən qarışdırırlar. Bu istiqamətdə də maarrifləndirmə aparmaq lazımdır. Bizə qələbəni qazandıran əsgərlər olub. Onlar aktiv müharibədə iştirak edib. Bu baxımdan, bu iş mərkəzləşdirilsə daha yaxşı olar”.

“Tək onlara yox, ailələrinə də psixoloji dəstək göstərilməlidir”

Elnur Rüstəmov bəzi müharibə iştirakçılarına medallar verilməməsinin onlara psixoloji təsir etdiyi haqda fikirlərə də münasibət bildirdi: “Prezidentə siyahı təqdim edilir və o, imzalayır. Nəinki medalların verilməməsi, müharibə iştirakçılarına  qarşı hər hansısa biganəlik onların ruh halına mənfi təsir göstə bilər. Tək onlara yox, ailələrinə də psixoloji dəstək göstərilməlidir. Əsasən də şəhid ailələrinə dəstək göstərilməlidir. Şəhidlərimizin bir qismi ailəli, bir qismi isə subay olub. Əsas istiqamət dəstəyin göstərilməsidir. Biz özümüz gün ərzində dəstəyimizi təmənnasız olaraq göstəririk. İnanıram ki, hər bir psixoloq qazilərimiz və ya şəhid ailələrimizlə təmənnasız məşğul olur. Sadəcə olaraq, say etibarilə gündəlik buna zaman yetmir”.

Psixoloq onu da bildirdi ki, psixolji yardım almaq üçün iş yerlərindən müharibə iştirakçılarına icazə verilməməsi gələcəkdə daha böyük fəsadlara səbəb ola bilər: “Bu haqda dəqiq məlumatım yoxdur. Bildiyim qədəriylə icazələr veriləcək. Hər bir özəl və dövlət müəssisəsi istəməz ki, onun hansısa əməkdaşında problemləri yaransın. Bir şeyi də diqqətə almaq lazımdır. Hansısa bölgədə yaşayan şəxsin psixoloji yardım üçün Bakıya gəlməsi nə qədər məqsədəuyğundur?… Bu məsələnin görünən və görünməyən tərəfləri var. Ümumiyyətlə, psixoloji yardım üçün icazələr verilməlidir. Dediyim kimi, bu şəxslər bizə  qələbəni qazandıran və akiv müharibə iştirakçılarıdır. Onların psixoloji durumunda hər hansısa gərginlik ola bilər. Onlar küsə və inciyə də bilər. Bu baxımdan, onlara mərkəzləşdirilmiş şəkildə dəstək göstərilməlidir. Əgər həmin adama psixoloji yardım almaq üçün işdən icazə vermirlərsə, həmin adam işdə nə dərəcədə faydalı ola bilər?… O, problemini həll etməlidir ki, işdə də faydalı ola bilsin”.

“Yardım yalnız maddiyyat demək deyil…”

Sosioloq Aynur Hacıyeva isə “Hürriyyət”ə müsahibəsində bildirdi ki, təkcə qazilərimiz deyil, Vətən müharibəsindən dönən hər bir əsgərimizin psixoloji müayinədən keçməsi vacibdir: “Yaşadığımız Vətən müharibəsindən sonra həmin ağır günlərin ağır nəticələri özünü göstərməyə başlayıb. Müharibə zamanı baş verən itkilərdən sonra  hələ də itirməyə davam edirik. Artıq iki intihar hadisəsi baş verib. Bu, bizi cox sarsıtdı. “Bu cür hadisələrin bir daha baş verməməsi ücün nə etməliyik” kimi suallarla qarşı-qarşıyayıq. Həmin zamanlarda isti evimizdə televiziya qarşısında hər an cəbhədən xəbər gözləyərkən keçirtdiyimiz həyacanı nəzərə alsaq, əsgərlərimizin həmin müharibənin içərisində nələr yaşadığını və nələr gördüklərini təsəvvür etmək o qədər də çətin deyil. Vətən müharibəsində iştirak etmiş hər bir qazimiz, hər bir qəhrəmanımız və hər bir övladımız böyük psixoloji sarsıntı keçirib. Biz xalq və Azərbaycan dövləti olaraq hər zaman onların yanında olmalı və onlara dəstək olmalıyıq. Mən şəxsən özüm qazilərimizlə görüşən zaman hər birinə bu sualı verirəm ki, “sizə dəstək və yardım göstərilirmi?” Hər biri də hər zaman razılıq edib. Dövlət nümayəndələri, yerli icra nümayəndələri və sadə vətəndaşlarımız hər zaman gəlib yerində onların qayğılarıyla maraqlanır və yardımlar edirlər. Lakin biz bir məqamı unutmuşuq ki, yardım yalnız maddiyyat demək deyil. Onların hazırda hər birinin psixoloji yardıma və psixiatr müayinəsinə ehtiyacı var. Doğrudur ki, bizim psixoloqlarımız və həkimlərimiz hər zaman əlindən gələni etməyə hazırdır. Hətta xəstəxanada qazilərimizə psixiatrik yardımlar göstərilir. Bu yardıma könüllü qoşulan mütəxəssislərimiz də var. Əlavə olaraq, “qaynar xətt” yaradılıb. Lakin mən düşünürəm ki, bu çox ciddi haldır. Düşünürəm ki, məsələ önə çəkilməlidir. Yalnız qazilərimiz xəstəxanada olarkən deyil, evə göndərildiyi zaman psixiatrik müayinədən keçməli və psixoloji yardım almağı davam etdirə bilməsi üçün psixoloq təyin olunmalır. Yalnız qazilərimiz deyil, vətən müharibəsindən dönən hər bir əsgərimiz bu cür müayinədən keçməlidir ki, biz onları itirməyək. Hər biri bizim üçün çox dəyərlidir. Biz onlara borcluyuq”.

YƏHYA