“Vətən müharibəsi birliyimizi daha möhkəmləndirdi”

768

Danimarkada yaşayan azərbaycanlı SÜLH ELÇİSİ: “Ermənilərin bizə qarşı nifrətləri daha da artıb, bizim qazandığımız qələbə ilə barışa bilmirlər”

“Qubadlı alınanda elə hisslər keçirirdim ki, sözlə ifadə etmək mümkün deyil. Otuz ildir ki, atamın, nənə və babalarımın məzarını ziyarət edə bilmirdik”

“Biz hər zaman yürüşlər keçiririk, Xocalı qoyrımı ilə bağlı tədbirlər, mədəniyyətimizi, musiqimizi və milli yeməklərimizi tanıtmaq üçün tədbirlər keçirdiyimiz zaman ətrafımızda erməniləri də görürürdük. Amma, Danimarkada qanunlar çox sərtdir, ona görə də heç bir şey edə bilmirdilər. Çox aqressivlik göstəmirdilər. Ermənilərin bizə qarşı nifrətləri daha da artıb. Çünki, bizim qazandığımız qələbə ilə heç kim barışa bilmir”

“Gənclərimizin könüllü olaraq səfərbərliyini və bir nəfər kimi Vətəni qorumaq əzmini gördükcə, bizdə burda ruhlanırdıq. Şəhidlərimiz olsa da, Vətən müharibəmiz qələbə ilə sonlandı. Allah şəhidlərimizə də rəhmət eləsin. Otuz oldir ki, ürəyimizdə Vətən həsrəti ilə yaşayırdıq. Qarabağ Azərbaycanındır və Azərbaycanın da oldu!”

Azərbaycanın işğal altında olan torpaqların azad etmək üçün apardığı 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun.

Hər zaman rəsmi Bakı müharibə ehtimalını önə çəkəndə Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atmışdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub olmuşdu.

“Hürriyyət”ə müsahibə verən Danimarkada yaşayan soydaşımız Kəmalə Maisqızı qürbətdə olsa da, doğma Vətənimizin hər qarışının onun üçün müqəddəs olduğunu deyir. Kəmalə xanım Danimarka-Azərbaycan Dostluq cəmiyyətinin Mədəniyyət Mərkəzinin rəhbəri, UPF ( Universal Sülh Federasiyası) elçisi, Dünya Qadınlar Cəmiyyətinin üzvü və klassik fortopiano üzrə musiqi müəllimi kimi fəaliyyət göstərir:

– Kəmalə xanım, ilk olaraq Qarabağ savaşı və ordumuzun, dövlətimizin əldə etdiyi qələbə ilə bağlı fikirləriniz bilmək istərdik…

– Təbii ki, ordumuzun və dövlətimizin qələbəsi bizi çox sevindirdi. Otuz ilə yaxındır ki, xalqımız əziyyət çəkirdi. İnsanlar evindən-eşiyindən, elindən-obasından ayrı düşüb, qaçqınlıq həyatı yaşayırdı. Nəticədə, millətimiz ədalətsizliyə uğradı və vicdan əzabı, çəkdiyimiz ağrı-acılar illərlə uzandı. Sonunda yenidən alovlanan Vətən müharibəsi qələbəmizlə bitdi. Biz qürbətdə yaşasaq da, doğma Vətənimizin hər qarışı bizə əzizdir. Mənim də ata-baba yurdum Qubadlı rayonudur. Bakıda böyüsəm də, rayonumuz alınanda elə hisslər keçirirdim ki, sözlə ifadə etmək mümkün deyil. Otuz ildir ki, atamın, nənə və babalarımın məzarını ziyarət edə bilmirdik. Bu baxımdan, bizə çox acıverici idi… Sağ olsun mərd oğullarımız ki, qanları və canları bahasına da olsa, birlikdə güc olub, torpaqlarımızı düşmən işğalından azad etdilər və bizə geri qaytradılar.

– Neçə ildir Danimarkada yaşayırsız?

– Artıq on səkkiz ildir ki, Danimarkada yaşayıram. Musiqi müəllimiyəm. Hər il çox sayda şagird və tələbə yertişdirirəm.

Ümumiyyətlə, Danimarka çox düzənli, qanun sevən bir ölkədir. Amma burda doğulub, boya-başa çatmayan, yeni gələn insanlar üçün heç də asan bir ölkə deyil. Dil öyrənmək ən böyük problemdir. Çünki çox çətin tələffüz olunur. Skandinavlar mədəniyyəti və yaşam tərzləriylə bizdən az da olsa fərlənirlər. Ona görə də yeni gələn hər kəs müəyyən çətinliklərdən keçməli olur.

Amma danimarkalılar çox mədəni və yardımpərvərdirlər. Danimarkada yaşadığım müddətdə qarşıma həmişə gözəl insanlar çıxdı, yol göstərdi və dili tez mənimsəməmə yardım etdilər. Təbii ki, bəzən millətçilərə də rast gəlirik. Bu, ayrı mövzudur…

Dolanışığa gəldik də, çox bahalı ölkədir. Maaşlar yüksək olsa da, çox vergi verməli oluruq. Adətən 38-40 faiz, bəzən də daha yüksək faiz veririk. Amma çox düzənli  bir ölkədir. Sadəcə, iqlimi ürək açan deyil. Günəşli günlər çox az olur. Biz də günəşli ölkənin sakinləri olduğumuz görə, hələ də alışa bilmirik.

– Azərbaycandan kənarda adət-ənənələrimizi qorumaq, milli dəyərlərə sahib övlad tərbiyə etmək çətindirmi?

–  İki əkiz oğlum var. Çox vətənpərvərdirlər. Həyat yoldaşım Elxan Hüseynov hərbçi olduğu üçün kiçik yaşlarından onları çox vətənpərvər ruhda böyüdüb. Otaqlarında hələ kiçik yaşlarından bayrağımız asılardı. İndi də otaqlarının ən yüksək hissəsində həm Türkiyə, həm də Azərbaycan bayrağı asılıb. Dilimizi də mükəmməl bilirlər. Doğrdur ki, burda uşaq böyütmək o qədər də asan deyil. İki mədəniyyət arasında qalırsan. Milli dəyərlərimizi, dilimizi unutmasınlar deyə, ata-anaya böyük güc düşür. Biz valideynlər uşaqlarımızın Avropada təhsil alıb, yetişməsini istəsək də, milli ruhda olmasını və  adət-ənənələrimizi də unutmamasını istəyirik. Açığı desək, uşaqlara bir az çətindir…

– Danimarkada digər cəmiyyətlərlə əlaqələriniz necədir?

– Danimarkada başqa cəmiyyətlərlə münasibətimiz var. Türk, rus, Ukrayna Danimarka Qadınlar Cəmiyyətləri ilə sıx əlaqədəyik. Fikirlərimizi bölüşürük, bir-birimizin tədbirlərində iştirak edirik. Artıq altı ildir ki, Dünya Qadınlar Cəmiyyətinin aktiv üzvüyəm. Kophenhagen UPF Sülh birliyinin sülh elçisiyəm. Birlikdə çox maraqlı tədbirlər, iclaslar keçiririk. Hər tədbirdə başqa ölkələrlə bərabər Azərbaycan bayrağını da asılmış görən də qürur hissi keçirirəm. Bizi də artıq burda tanımağa başladılar. Çünki on il əvvəl Danimarkada Azərbaycanın harda yerləşdiyini belə bilmirdilər. Başqa ölkələrin diasporaları, daha doğrusu cəmiyyətləri ilə əlaqəmiz var. Macarıstan, Almaniya, İsveç və İngiltərə cəmiyyətləriylə əməkdaşlıq edirik. İmkan daxilində tədbirlərimizdə iştirak edirik.

Pandemiya şəraiti bitdikdən sonra, artıq qələbə qazanmış bir ölkə kimi dünyanın hər yerində gözəl, maraqlı, Azərbaycanı hər yöndən tanıda bilən müxtəlif sferalarda yüksək şəkildə təbliğ edəcəyik. Diaspora Komitəsi ilə də sıx əməkdaşlıq edərək, fəaliyyətimizi yaşadığımız ölkədə davam etdirəcəyik.

– Yaşadığınız şəhərdə nə qədər azərbaycanlı var və digər şəhərlərdəki azərbaycanlılarla əlaqəniz necədir?

– Danimarkada ümumiyyətlə azərbaycanlı çox deyil.  Burda yaşayan azərbaycanlılar da fərqli sahələrdə yaşayırlar. Amma tədbirlərimiz olduğu zaman, xeyirdə-şərdə iştirak etməyə çalışırıq. Vətən müharibəsi başlayanda – Gəncə hadisələri zamanı dinc əhaliyə qarşı edilən sui-qəsdlərə etiraz olaraq, hamı bir nəfər kimi bütün şəhərlərdə, adalarda yaşayan azərbaycanlılar, fərqli təşkilat və cəmiyyətlər birləşərək, bayraq və şəkillərlə Kophenhagenin mərkəzi meydanında bir nəfər kimi iştirak etdik. Bu, qürurverici faktdır.

– Yaşadığınız ölkədə say etibarilə azərbaycanlılar çoxluq təşkil edir, ya ermənilər?

– Ermənilər hər ölkədə olduğu kimi, burda da çoxluq təşkil edir. Biz hər zaman yürüşlər keçiririk, Xocalı qoyrımı ilə bağlı tədbirlər, mədəniyyətimizi, musiqimizi və milli yeməklərimizi tanıtmaq üçün tədbirlər keçirdiyimiz zaman ətrafımızda erməniləri də görürürdük. Amma Danimarkada qanunlar çox sərtdir, ona görə də heç bir şey edə bilmirdilər. Çox aqressivlik göstəmirdilər. Ermənilərin bizə qarşı nifrətləri daha da artıb. Çünki bizim qazandığımız qələbə ilə heç kim barışa bilmir.

– Azərbaycanlılar Danimarkanın siyasi-ictimai həyatında hansı səviyyədə təmsil olunur?

– Əslində, danimarkalılar son günlərə qədər hansı tərəfin haqlı olduğunu ayırdı edə bilmirdi. Ona görə də mediada, televiziyada yanlış xəbərlər verirdilər. Bu da bizi çox qəzəbləndirirdi. Amma burda soydaşlarımızla qürur duyuruq. Onlar Danimarkada yaşadıqları şəhərlərdə aktiv fəaliyyət göstərirlər. Hər yerə məktublar göndərirdilər. Sosial şəbəkələrdə də çox aktiv oldular. Hərəsinin içindən Mübariz kimi vətənpərvər qəhrəmanlar çıxırdı… Burda yaşayan gənclərimiz sosial şəbəkələrdə qruplar yaradırdılar ki, aktivlikləri daha da artsın. Hamımız Vətən müharibəsində birliyimizi nümayiş etdirdik. Bəlkə də Vətən müharibəsi birliyimizi daha möhkəmləndirdi. Gənclərimizin könüllü olaraq səfərbərliyini və bir nəfər kimi Vətəni qorumaq əzmini gördükcə, bizdə burda ruhlanırdıq. Şəhidlərimiz olsa da, Vətən müharibəmiz qələbə ilə sonlandı. Allah şəhidlərimizə də rəhmət eləsin. Otuz oldir ki, ürəyimizdə Vətən həsrəti ilə yaşayırdıq. Qarabağ Azərbaycanındır və Azərbaycanın da oldu!

– Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz?

– Biz azərbaycanlılar harda yaşasaq da, dünyanın hansı yerində olsaq da Vətənimizin mənafeyini həmişə quracayıq və sevəcəyik. Bundan sonra daha gözəl hadisələrlə, birliyimiz və bacarığımızla, yetişdirdiyimiz gənclərin ictimai-siyasi həyatdakı aktivlikləri ilə səsimizi dünyaya çatdıracağıq. Mən Danimarkada musiqi və mədəniyyət işləriylə məşğulam. Məncə, bu yolla daha çox nailiyyət əldə etmək olur. Eyni zamanda, səsimizi dünyaya bu yollarla daha çox çatdıra bilərik. Hər il fərqli şəhərlərdə keçirtdiyimiz festivallar və ölkəmizi təmsil edən tədbirlər bizi yaşadığımız ölkədə daha da tanıdır. Biz Kopenhagen şəhərində iki ildir ki, “Neva” qrupu adı altında birləşmişik. Musiqi qrupunda dörd nəfər türk musiqiçisi iştirak edir. Onlar saz, skripka, mandolin və piona ifa edir. Gözəl reperturarlar hazırlamışıq. Ondan çox Azərbaycan musiqisi üzərində işləyirik. Eyni zamanda xor kollektivi də təşkil etmişik. Hədəflərimiz çox böyükdür. Fərqli festivallarda iştirak etmək fikrindəyik. Musiqimizi danimarkalılara tanıtmaq və sevdirmək fikrindəyik. Pandemiya şəraiti işimizi bir az ləngitsə də, məşqlərimizi  hələ də davam etdiririk. May ayında baş tutacaq böyük konsertə hazırlaşırıq. Yuxarıda qeyd etdiyim kimi, Dünya Qadınlar Cəmiyyətinin fəal üzvüyəm. Hər ol maraqlı layihələr üzərində işləyirik. Bu ildə Azərbaycanı layiqincə təmsil etdiyimi deyə bilərəm. Milli geyimimizi Danimarkada podiumda təqdim etdim. Eyni zamanda, kəlağayımız, ipəyimiz haqqında geniş məlumat verdim. Bu da hamı tərəfindən çox bəyənildi.

Onu da deyim ki, bu cəmiyyətdə hər ölkədən qadınlar var. Sevinirəm ki, Azərbaycan adını eşitməyənlər  və harda yerləşdiyini belə bilməyənlər, artıq Azərbaycan haqqında  ətraflı informasiyaya sahibdirlər. Bu ilin yanvar ayında Türkiyənin TRT kanalına qonaq olmuşduq. Orda bizi çox gözəl qarşıladılar. Mətin Öztürk bəyin verlişində Erol Sarıkaya, Zeki Sadık, Enis Ayhan və mən hazırladığımız əsərləri ifa etdik. “Manqa” rupunun solisti ilə Ayrılıq mahnısını da ifa etdik. Çox gözəl təəssüratlarımız oldu. Hazırda üç fərqli musiqi məktəbində pianino üzrə dərs deyirəm. Eyni zamanda, üç fərqli ansamblda fəaliyyət göstərirəm. Danimarkalılardan ibarət “Hafla” qrupu, türk sənət musiqisi ifa etdiyimiz “Neva” qrupu və “Trio” qrupu adı altında Azərbaycan qrupu… “Trio” qrupunda üç azərbaycanlıyıq – Mehrdad, Şəhriyar və mən. Biz klassik Azərbaycan musiqiləri ifa edirik. Keçən il Allerod şəhərində keçirilən festivalda bir saatlıq konsert proqramı ilə çıxış etdik.

Söhbətləşdi: YƏHYA