Vətənə vəfalı  igid Vəfadar

114

Vətənin igid oğullarından biri olan Babaverdiyev Vəfadar Ramazan oğlu 1975-ci ilin 4 oktyabrında Quba rayonun Mirzəmmədkənd kəndində anadan olub. 1977-ci ildən atasının işi ilə bağlı ailəliklə Qusar rayonuna köçdükləri üçün uşaq çağlarından Qusar şəhərində yaşamışdır.  Vəfadar Qusar şəhər 1 saylı orta məktəbini 1992-ci ildə gümüş medalla bitirib Bakı Kooperasiya texnikumuna daxil olaraq təhsilini davam etdirsə də, Öncə Vətən! düşüncəsi ilə könüllü olaraq 1994-cü ilin martında Milli Ordumuzun sıralarında xidmətə yollandı. Milli Qəhrəman, general-leytenant , korpus komandiri Rövşən Əkbərovun rəhbərlik etdiyi 777 saylı hərbi hissənin Xüsusi təyinatlı taboruun tərkibində qısamüddətli təlimlərdən sonra Ağdam-Tərtər istiqamətində döyüşlərə atıldı. 1994-cü ilin aprel ayında Tərtər rayonun Seysulan kəndi uğrunda bir həftə boyu davam edən döyüşdə 400 hərbçidən 40 nəfəri sağ qalmışdı. Son nəfəslərinə qədər savaşan ve həmin kəndin düşməndən azad olunmasında iştirak edən Vəfadar da doyüş zamani ağır yaralanmışdı. Onun yarası ağır olsa da, döyüş yoldaşlarının sıraları seyrəldiyindən döyüşü sonadək davam etdirmişdi… Sonradan çox ağır vəziyyətdə hərbi hospitala çatdırılmış və həkimlərimizin səriştəsi sayəsində dünyaya yenidən qayıtmışdır. 1994-cü il aprelin 26-da başının alın nahiyəsindən və sağ əlinin pəncəsindən qəlpə yaraları alan Vəfadarın hospitalda çox qalmağa səbri çatmadı, 3-4 günlük müalicədən sonra yenidən döyüş səngərlərinə qayıtdı.

1994-cü il mayın 12-də “atəşkəs” elan edilsə də, düşmən bir müddət buna məhəl qoymurdu. Üstəlik daxildəki təxribatçı qüvvələr və hakimiyəti devirmək uğrunda pozuculuqla məşqul olan xarici ölkələr fəallaşmışdılar. Vəfadar Babaverdiyevin xidmət etdiyi  xüsusi təyinatlılar bölüyü Gəncədə baş verən 2-ci qiyamın qarşısını almaqdan ötrü 1994-cü ilin oktyabrında oraya göndərildi. Surət Hüseynovun təxribatçı silahlı dəstəsi qısa zamanda mühasirəyə alınaraq zərərsizləşdirildi… Gəncədəki vəziyyət yoluna qoyulduqdan beş ay sonra Bakıda Rövşən Cavadovun OMON-çuları ilə anlaşılmazlıq nəticəsində dövlətçiliyimizə, konstitusiya quruluşumuza təhlükə yarandı. Tərkibində Vəfadar Babaverdiyevin də olduğu xüsusi təyinatlılar dəstəsinin operativ əməliyatı sayəsində bu dəfə də təhlükənin qarşısı az itkiylə alındı.

1995-çi ilin aprelində, bu təxribatların qarşısının alınmasında fərqlənən döyüşçülərin bir qrupu ölkə başçısı tərəfindən təltif edildi. O cümlədən çavuş Babaverdiyev Vəfadar da 1 illik əsgəri borcunu şərəflə, rəşadətlə yerinə yetirdiyinə görə “Azərbaycan bayrağı” ordeninə layiq görüldü.“O vaxtdan 25 il ötsə də, ulu Öndərimizin əlindən yüksək mükafatı aldığım anı yaxşı xatırlayıram”-deyir həmsöhbətim olan II qrup Qarabağ müharibəsi əlili Vəfadar Ramazan oğlu –“Həmin dəqiqələr ömrümün ən xoş, yaddaqalan anları idi.”Vəfadar bəy söhbət zamanı onu da bildirdi ki, 17 ildir Qusar şəhərində ev növbəsinə yazılmış olsa da, beş nəfərlik ailəsi ilə atasının, son illərdə isə qardaşının mülkündə yaşamaq məcburiyətindədir, hansı ki ondan sonra növbəyə duranlardan evlə təmin edilənlər də var…

İki qardaşı da hərbçi zabit olan Vəfadar Babaverdiyev 1994/98-ci illəri əhatə edən 4 ilə yaxın hərbi xidmət dövrünü başa vurduqdan sonra Bakı İqtisad Universitetinə qəbul olundu. Universiteti iqtisadi idarəetmə ixtisası üzrə müvəffəqiyyətlə bitirən həmyerlimiz hal-hazırda Azpetrol Ltd-nin Quba məntəqəsinin direktoru vəzifəsində çalışır və hər iki rayonun ictimai həyatında fəal iştirak edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması yönündə səylərini əsirgəmir. Onun mənalı həyat amalı və  ”Təki Vətən sağ olsun” düşüncəsi ilə yaşanan fəxarətli ömürü və dəyanətli döyüş yolu indiki gəncələrimiz üçün də  bariz nümunə və layiqli örnəkdir. Nənəsi Alpanlı və kəndimizin ilk şəhidi Elşad Bayramovla uşağlıq dostu olan döyüşçü qardaşımızı doğum günü ilə bağlı təbrik edir, Allahdan ona can sağlığı və Qarabağ torpağlarının işğaldan azad edilməsi əməliyatlarında da döyüşub (Tovuz döyüşləri zamanı cəbhəyə getmək üçün könüllü yazılıb) Qələbə çalmaq xoşbəxtliyi diləyirik!

C.Alpoğlu Albantürk