ÜTT Azərbaycanla ciddi əlaqələrə üstünlük verir – MÜNASİBƏTLƏRİN İNKİŞAF DİNAMİKASI / LAYİHƏ

2

Bildiyimiz kimi Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 164 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və möhkəm əsaslarının yaradılması, beləliklə iqtisadi inkişafın artırılmasını ön görür.

ÜTT-nin basilica funksiyaları

– ÜTT-nin funksiyaları qurumun hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi,

-üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi,

-üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi,

-digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi,

-üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi,

-beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanılması, öyrənilməsi və təqdim olunmasıdır.

Struktur mexanizmləri vasitəsilə inkişaf proqramlarına açılan hədəflər

Nazirlər Konfransı ÜTT-nin ali orqanı hesab olunur. Bütün üzv ölkələrin təmsil olunduğu Nazirlər Konfransı Uruqvay Raundu Sazişləri ilə bağlı problemlərin müzakirəsi və prinsipial məsələlər üzrə qərarların qəbul edilməsi üçün ən azı iki ildə bir dəfə çağırılır. Katiblik ÜTT-nin icraçı orqanı hesab olunur. Katibliyə Nazirlər Konfransı tərəfindən təyin edilən Baş Direktor rəhbərlik edir. 2013-cü ilin sentyabr ayından Katibliyə Roberto Ajevedo (Braziliya) rəhbərlik edir. Katiblik Cenevrədə yerləşir. Katibliyin əsas vəzifəsi müxtəlif şuralara, komitələrə, inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərmək və dünya ticarətinin təhlilini həyata keçirməkdir.

Bundan başqa, ÜTT-də Baş Şura, Əmtəələrlə ticarət üzrə Şura, Xidmətlərlə ticarət üzrə Şura və Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura fəaliyyət göstərir. ÜTT sazişləri bütün üzvlər arasında müzakirə edilir, konsensus yolu ilə qəbul olunur və bütün ölkələrin parlamentlərində təsdiq olunmalıdır.

Azərbaycanın ÜTT ilə sıx əməkdaşlıq hədəfləri

Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmişdir. Azərbaycanın ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində ən vacib məsələlərlə yanaşı çoxtərəfli danışıqlar davam etdirilir. 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə həyata keçirilib. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl olaraq keçirilir. 2008-ci ildə ilk dəfə olaraq bir il ərzində İşçi Qrupunun 2 iclası keçirilmişdir. 2008-ci ilin 6 may və 11 dekabr tarixlərində Cenevrədə İşçi Qrupunun 5-ci və 6-cı iclasları təşkil olunmuşdur. 5-ci iclasın sonunda Azərbaycan üzrə ilk ümumiləşdirici sənədin – Faktlar İcmalının – hazırlanmasına dair qərar qəbul edilmişdir. Sənəd ÜTT Katibliyi tərəfindən hazırlanaraq Azərbaycan tərəfinə təqdim olunmuşdur. Sənədə dair aidiyyəti qurumlar tərəfindən rəy və təkliflər bildirilmişdir. Sənədin növbəti variantı Danışıqlar Qrupunun üzvlərinə rəy bildirilməsi üçün paylanılmış və İşçi Qrupun 10-cu iclasında yenidən müzakirə edilmişdir. 2012-ci ildə Cenevrədə İşçi Qrupun 2 iclası keçirilmişdir: 24 fevral tarixində 9-cu iclas və 7 dekabr tarixində 10-cu iclas. Azərbaycanın ÜTT-yə  üzvlüyü ilə bağlı 14-cü iclas 28 iyul 2017-ci il tarixdə Cenevrə şəhərində keçirilmişdir. İclasda baş danışıqçı, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı Dövlət Proqramları, 2020-ci ilədək icrası nəzərdə tutulan Strateji Yol Xəritələri haqqında üzv ölkələrə məlumat verdi. O qeyd etdi ki, hazırda ticarətin asanlaşdırılması, logistika və ticarət infrastrukturunun inkişafı ölkə üçün prioritet məsələdir. İclasda İşçi Qrupun 13-cü iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış suallara Azərbaycanın önə sürdüyü cavablar müzakirə edilmişdir. Həmçinin üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrup Hesabat Layihəsinin bölmələri üzrə suallar verilmiş və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılmışdır. Sonra isə ABŞ, Aİ və Türkiyə tərəfindən Azərbaycana suallar təqdim olunmuş və ticarətlə əlaqəli müxtəlif sahələri əhatə edən bu sualların cavablandırılması məqsədilə aidiyyəti işlər görülmüşdür

Azərbaycan və ÜTT arasında ikitərəfli müzakirələrin effekti

Azərbaycan ÜTT-yə üzv olma prosesində 22 üzvlə (ABŞ, Avropa İttifaqı, Kanada, Yaponiya, Norveç, Rusiya, Braziliya, Cənubi Koreya, Ekvador, Tayvan, Şri-Lanka, Hindistan, İsveçrə, Honduras, İndoneziya, Malayziya, Dominikan, Səudiyyə Ərəbistanı, Çin, Paraqvay, Vyetnam, Tailand) ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışa dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. İkitərəfli danışıqlar nəticəsində ilk protokol 2007-ci ildə Türkiyə ilə, növbəti protokollar isə 2008-ci ildə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə, 2010-cu ildə Gürcüstanla imzalanıbdır. Sonuncu ikitərəfli protokol isə 30 mart 2012-ci il tarixində Qırğızstanla imzalanmışdır. Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində ikitərəfli danışıqların başa çatdırılması haqqında imzaladığı protokolların sayı 5-ə çatmışdır. Qeyd etmək lazımdır ki, imzalanmış protokollarda Azərbaycanın maraqları tam təmin edilmişdir. İkitərəfli müraciətlər əsasında mütəmadi olaraq mallar və xidmətlər sahəsində təhlillər aparılır. Sonuncu dəfə 16-20 dekabr 2019-cu il tarixlərində Cenevrədə Kanada, Ekvador, Cənubi Koreya, Tailand, İndoneziya və Yaponiya ilə ikitərəfli danışıqlar, o cümlədən Kənd Təsərrüfatı üzrə Kerns Qrupu (Cairns Group – kənd təsərrüfatı məhsullarının ixracatçısı olan ölkələrin qrupu) üzvləri ilə daxili dəstək səviyyəsi ilə bağlı geniş müzakirələr və məsləhətləşmələr keçirilmişdir. Danışıqlardan sonra Kanada, Cənubi Koreya, Tailand və Ekvador tərəfindən mallar üzrə müraciətlər daxil olmuş və hazırda aidiyyəti qurumlarla birgə baxılıbdır.

Qanunvericilik bazasının ÜTT-nin standartlarına uyğunlaşdırılması

Azərbaycan prezidentinin 2 avqust 2006-cı il tarixli 1583 saylı sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nda 39 normativ-hüquqi sənəd nəzərdə tutulmuşdur. Onlardan, “Bitki karantini haqqında” və “Bitki mühafizəsi haqqında” qanunlar qüvvədən düşmüş, digər 37 qanundan 18 normativ-hüquqi sənəd qəbul edilmişdir. Hazırda 10 sənədin layihəsi hazırlanaraq aidiyyəti orqanlarla razılaşdırılıb, həmçinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ saylı Qanunu və “Texniki tənzimləmə haqqında” Azərbaycanın 2019-cu il 30 sentyabr tarixli 1669-VQ saylı Qanunu qəbul edilmişdir. Eyni zamanda bununla yanaşı 10 layihənin hazırlanması nəzərdə tutulur.

Azərbaycanın ÜTT-yə üzvlüyünün hazırlıq işləri üzrə komissiyanın fəaliyyəti

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli 175s saylı Sərəncamı ilə ÜTT-yə üzvlüklə bağlı hazırlıq işləri üzrə Komissiyası yaradılmışdır. Nazirlər Kabinetinin 27.12.2019-cu il tarixli, 821s saylı Sərəncamı ilə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib. Komissiyanın tərkibi aidiyyəti nazirliklərinin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir. Komissiyanın sədri Baş Nazirinin müavini Şahin Mustafayevdir.

Cəmiyyətin maarifləndirilməsi

2012-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda Ticarət və Rəqabətlilik Proqramı çərçivəsində Telekommunikasiya sahəsində (Xidmətlərdə İstinad Sənədinin-Reference Paper Azərbaycan qanunvericiliyinə uyğunluğu ilə bağlı) araşdırmalar aparılıb, hazırda müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə tövsiyələr hazırlanır. Eyni zamanda, Kənd təsərrüfatında daxili dəstək üzrə cədvəllərin (ACC/4) texniki cəhətdən ÜTT tələblərinə uyğunlaşdırılması məqsədilə beynəlxalq ekspert tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Layihə çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən birlikdə regionlarda sahibkarlar üçün seminarlar təşkil olunub. 2018-ci ilin 23 yanvar tarixindən Aİ tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi fəaliyyətə başlamışdır. Layihənin məqsədi ÜTT-yə üzvlüklə bağlı çoxtərəfli və ikitərəfli danışıqlarda Azərbaycanın adından danışıqlar aparan şəxslərə dəstək vermək və ÜTT ilə bağlı ictimai məlumatlılığı artırmaqdır.”

Layihənin dəstəyi ilə ticarətlə əlaqədar məsələlərdə məlumatlılığın artırılması məqsədilə 2019-cu ilin avqust ayında balıqçılıqda subsidiyalaşdırma və ÜTT-nin Mübahisələrin Həlli sistemində hazırkı islahatlar mövzularını əhatə edən dəyirmi masalar, noyabr ayında isə Azərbaycan Dövlət Aqrar Universitetində beynelxalq ekspertin iştirakı ilə ÜTT-nin Kənd Təsərrüfatı Sazişi və ÜTT-də kənd təsərrüfatında daxili dəstək danışıqları ilə bağlı seminar keçirilmişdir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.