UTOPİYADAN REALLIĞA DOĞRU…

354

…Rus hərbçilərinin işğalçı olduğunu sübut edən materiallar, faktlar ictimaiyyətə və beynəlxalq aləmə ardıcıl olaraq çatdırılmalıdır

1747-ci ildə Nadir Şah Əfşarın öldürülməsindən sonra Azərbaycan dövləti ayrı-ayrı xanlıqlara bölündü. Azərbaycanın şimalında Naxçıvan, İrəvan, Qarabağ, Gəncə, Şəki, Şamaxı, Talış xanlıqları yarandı.

1801-ci ildə Gürcüstan, 1803-cü ildə Car-Balakən sultanlığı, 1804-cü ildə Gəncə xanlığı Çar Rusiyası tərəfindən işğal olundu. Əlavə itkilərə yol verməmək üçün Qarabağın o vaxtkı rəhbəri İbrahim Xəlil xan Cavanşir rus generalı Sisyanov ilə 14 may 1805-ci ildə “Kürəkçay” müqaviləsi imzalamağa məcbur oldu.

O zaman Nadir Şahın ölümündən sonra Azərbaycanın cənubuna Şah İsmayıl Xətainin nəslindən olan Qacarlar nəzarət edirdi.

Qacar ordusunun komandanı Abbas Mirzə rusların Azərbaycanın şimal ərazilərini işğal etməsilə barışmaq istəmirdi.

Bu səbəbdən o, rus qoşunları ilə yeni müharibəyə başladı. Lakin o zaman rus imperiyası yüksəliş, Qacar dövləti isə tənazül dövrünü yaşayırdı.

Azərbaycanda vahid dövlətin olmaması özünü büruzə verdi və 1812-ci ildə aparılan döyüşdə Qacarlar yenidən məğlub oldu. Nəticədə, 12 oktyabr 1913-cü ildə Qarabağın “Gülüstan” kəndində Azərbaycanı iki yerə bölən 11 bənddən ibarət müqavilə imzalandı.

Müqavilənin şərtlərinə görə, İranda yaşayan ermənilərin Azərbaycanın şimal ərazilərinə köçürülməsinə razılıq verildi. Beləliklə, erməni qaraçılarının Qafqaza, Qarabağa yerləşdirilməsi ilə xalqımızın həyatında yeni faciələr başladı…

100 ildən sonra 1918-ci ildə rus bolşeviklərinin himayəsi ilə Bakı Komissarlarının başçısı Stepan Şaumyan və Andranik Ozanyanın rəhbərliyi ilə Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Hacıqabulda, Lənkəranda və s yaşayış məntəqələrində azərbaycanlılara qarşı soyqırım törədildi.

Ənvər Paşanın göstərişi ilə Nuru Paşa və Qafqaz ordusu 1918-ci ildə Bakını erməni-rus işğalçılarından azad etdi. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və dostları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Beləliklə şərqdə ilk demokratik respublika yaradıldı. Azərbaycanın üçrəngli milli bayrağı rəsmi dövlət rəmzi kimi göylərə ucaldıldı.

Lakin 1920-ci ilin aprelində rus-bolşevik qoşunları Bakını işğal etdi. Bolşeviklərin təzyiqi ilə Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və 70 il müddətində xalqımız rus-sovet tabeçiliyində yaşamağa məhkum olundu.

1958-ci ildə Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə məşhur “Gülüstan” poemasını yazaraq yatmış Vətən övladlarını yenidən oyatdı:

İpək yaylığıyla o asta-asta,

Silib eynəyini gözünə taxdı.

Əyilib yavaşca masanın üstə,

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək,

Bir qələm əsrlik hicran yaratdı

Bir xalqı yarıya böldü qılınctək.

Öz sivri ucu ilə bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın…

 

Sovet-rus imperiyasının tərkibində olan Azərbaycanda belə bir poemanı yazmaq üçün insanda dərin millət sevgisi, vətənpərvərlik duyğusu və böyük cəsarət olmalıdı idi.

Təsadüfi deyil ki, bu poema gizlin olaraq əldən-ələ ötürüldü və xalqımızın daxilində sürətlə yayıldı. Nəticədə yeni-yeni cəsarətli insanların, siyasət adamlarının meydana çıxması özünü çox gözlətmədi. Belə siyasətçilərdən biri də 1988-ci ildə Azərbaycanın Sovet İmperiyasının tərkibindən çıxarılması  uğrunda başladılan Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəy oldu. Aparılan mübarizə tezliklə öz bəhrəsini verdi.

1991-ci ilin 18 oktyabrında İstiqlalçı millət vəkili professor Hacıbaba Əzimovun tərtibatı ilə parlamentdə səsləndirdiyi və  Azərbaycan Respublikasının azadlığını özündə ehtiva edən Müstəqillik Aktının qəbul olunması ilə yekunlaşdı. Tezliklə yəni, 1992-ci ilin iyun ayında keçirilən azad seçkilər nəticəsində Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçildi.

Xalq Cəbhəsi təşkilatının nümayəndələri hakimiyyətə gəldi.

Cəmi bir illik iqtidarlıq müddətində Ə.Elçibəy höküməti bir çox nailiyyətlər əldə etdi. Belə ki, Prezidentin iradəsi və o vaxtkı Müdafiə Naziri Rəhim Qazıyevin cəsarətli və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycandan rus-sovet qoşunları çıxarıldı;

-Milli valyuta dövriyyəyə buraxıldı;

-Tamamilə boşaldılmış dövlət büdcəsi dirçəlməyə başladı;

-Təhsildə test üsulu tətbiq edildi;

-Gömrük sistemi, vergi sistemi formalaşdı.

Ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazisinin 52 faizi işğaldan azad olundu. Ölkəmiz müstəqil siyasət yeridərək günü-gündən güclənməyə başladı.

Lakin böyük dövlətlər- Rusiya, İran, Fransa və digər antitürk qüvvələr bu inkişafın qarşısını almaq üçün hərəkətə keçməyə başladı.

Azərbaycanın tükənməz sərvətlərinə sahib olmaq üçün birləşərək Əbülfəz Elçibəy iqtidarını devirdilər və özlərinə loyal olan qüvvələri hakimiyyətə gətirdilər. Nəticə özünü çox gözlətmədi. Tezliklə, Azərbaycan ərazisinin 20 faizi rusların köməyi ilə ermənilər tərəfindən işğal olundu.

Bu işğal 27 sentyabr 2020-ci ilə kimi yəni, ikinci Qarabağ savaşına qədər davam etdi.

Nəhayət, Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində 27 sentyabr 2020-ci ildə başlanan və həmin ilin 10 noyabrında müəmmalı şəraitdə dayandırılan müharibə nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın və Şuşa işğaldan azad olundu. Ancaq yenə qəflətən rus barmağı işə düşdü. Belə ki, 10 noyabr 2020-ci ildə gecəyarısı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzası ilə müəmmalı bəyanat elan edildi. Rusiyanın işğalçı qoşunları “sülhməramlı”lar adıyla Dağlıq Qarabağ ərazisini zəbt etdi.

O vaxtdan bu günə kimi ruslara arxalanan erməni separatçıları hərbiçilərimizə, mülki şəxslərimizə silahlı basqın təşkil edərək, müharibədən qalib çıxmış xalqımızın əsəbiləri ilə oynayır. Bizi üçüncü Qarabağ müharibəsi ilə hədələyirlər. Hadrudu (Ağyurd), Şuşanı yenidən işğal etmək üçün həmlələr edirlər. Ordumuzun və xalqımızın  səbiri tükənmək üzrədir. Hərəkətə keçmək üçün siyasi əmr gözləyir. Rəsmi Bakı isə hələ də susmağa üstünlük verir.

Beynəlxalq hüquqa görə, bir ölkə ilə müharibə edən tərəfə hər hansı üçüncü ölkənin kömək edən ordusu işğalçı adlandırılır. Deməli, bizim ərazimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, hazırda məğlub vəziyyətdə olan ermənistana Rusiyanın “sülhməramlı” adı altında qaça-qaça köməyə gəlməsi faktının özü, Rusiya Federasiyası hərbiçilərinin işğalçı olduğunu sübut edir.

Fikrimcə, rus qoşunlarını ərazilərimizdən çıxartmaq üçün təcili tədbirlər görməliyik. İlk addım olaraq rus hərbiçilərinin işğalçı olduğunu sübut edən materiallar, faktlar ictimaiyyətə və beynəlxalq aləmə ardıcıl olaraq çatdırılmalıdır. Bu işi yuxarılardan göstərişlər gözləyən televiziya-qəzetlərlə yox, müstəqil fəaliyyət göstərən telekanallar və media vasitəsilə həyata keçirmək daha faydalı olar. Məsələn, yaxşı olar ki, “Hürriyyət”, “Xural”, “Laf”, “Reaksiya”, “Bumeranq” sosial şəbəkə televiziyalarına, “P.S Nota”, “Hürriyyət” və bu kimi qəzetlərə rəsmi status verilsin. Belə olsa, kanalların və qəzetlərin vətənpərvər əməkdaşları lazımi istiqamətdə fəaliyyət göstərər,  həm xalqımıza, həm də dünya ictimaiyyətinə reallıqları daha tez və sadə dildə çatdıra bilərlər.

Nəticədə Azərbaycanı idarə edən rəsmi qurumların işi də asanlaşar. Dövlət adamları xalqın güclü dəstəyinə nail olub, rus qoşunlarının çıxarılması məsələsində daha cəsarətli addımlar atmağa başlaya bilərlər.

Ən mühüm addımlardan biri də müharibədə iştirak edən qazilərin idarə etmə strukturlarına gətirilməsindən keçir. Belə ki, onların (Qazilərin) Dövlət aparatının güclənməsinə töhvə verə biləcəyi şübhə doğurmur, əksinə ümumi işimizin xeyirinə olar.

Qəvami SADIQBƏYLİ

jurnalist-politoloq