Uşaqlarımıza verdiyimiz hədiyyə: oyuncaq, yoxsa təhlükə?

75

Oyuncaqlar uşaqların həyatında, onların fiziki, zehni və əqli inkişafında mühüm rol oynayır. Uşaqlar oyuncaqlar vasitəsilə ətraf mühiti dərk edir, onlarda cəmiyyət haqqında ümumi fikirlər yaranır. Uşaqlıqda oyuncağı olmayanlar böyüyəndən sonra cəmiyyətə qarşı da soyuqqanlı olurlar. Psixoloqlar hesab edir ki, uşağın inkişaf mərhələsində hər yaşın özünə uyğun oyuncağı olur.

Psixoloq Günel Alıyevanın fikrincə, uşaq üçün oyuncaq 3 aylığından alınmağa başlanılmalıdır. Bu zaman uşaq səslərlə, əşyalarla tanış olmağa başlayır. Onlar üçün əsas oyuncaq səs yaradan oyuncaqlardır. “Oyuncaq uşağın inkişafı üçün çox önəmlidir, uşaqlar hər şeyi oyuncaqlar vasitəsilə öyrənməyə başlayır. Bu səbəbdən hər yaş mərhələsinə uyğun oyuncaq alınmalıdır. Uşağa oyuncaq alarkən diqqətli olmaq lazımdır”.

Uşaq oyuncaqları 3 əsas tipə – qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görəcəkləri işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların hərtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir.

Kiçikyaşlı uşaqlara xırda hissəciklərdən ibarət olan oyuncaqlar vermək olmaz. Oyuncağın hissələri uşağın boğazında qalar, bu da uşağın boğulmasına səbəb ola bilər. Psixoloq qeyd edir ki, kiçik yaşlı uşaqlar üçün yumşaq, rezin materiallardan hazırlanmış oyuncaqlar daha məqsədəuyğundur. “Bir çox oyuncaqlar var ki, bunlar uşaqların psixologiyasına xüsusi təsir edir. Cizgi filmi qəhrəmanlarının “Hörümçək adam”, “Ben10”, “Supermen” oyuncaqlarını uşaqlara müəyyən yaşdan sonra almaq lazımdır. Uşaq anlamalıdır ki, bu qəhrəmanların geyimini geyib özünü 5-ci mərtəbədən yerə atmamalıdır. Bu tip oyuncaqlar alarkən uşağınızın intelektual səviyyəsini də nəzərə almağınız önəmlidir”.

Qeyd etmək lazımdır ki, uşaq oyuncaqları da bir sıra məhsullar kimi dəyişdirilməsi və geri qaytarılması mümkün olmayan məhsullar arasındadır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumatda bildirilir ki, uşaqlar üçün oyuncaq alarkən diqqətli olmaq lazımdır. Çünki bəzi oyuncaqlar uşaqların orqanizmi üçün təhlükə törədə bilər. Oyuncaqlar plastmas, metal, ağac, rezin, parça, karton və s. kimi materiallardan hazırlanır. Bu materialların özünəməxsus müəyyən müsbət, yaxud mənfi xüsusiyyətləri var. Parçadan hazırlanan oyuncaqlar uşaq üçün daha təhlükəsizdir. Uşaq onu özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsa da, kimyəvi tərkibi mənfi fəsadlar yarada bilər. Metal və ağac materiallarından oyuncaqlar isə uşağı zədələyə bilər.

Oyuncaqlar xoş, faydalı, uşaqlara sevinc gətirən bir vasitə olmaqla yanaşı, uşaqların sağlamlığı üçün təhlükəli də ola bilər. Belə ki, bir sıra oyuncaqların tərkibi, aşağı keyfiyyəti uşaqların orqanizminə mənfi təsir göstərmək gücündədir.

Hazırda istehlak bazarında ən müxtəlif çeşidli oyuncaqların satılması faktdır. Ona görə də lazım olan, keyfiyyətli və təhlükəsiz oyuncağı seçmək çox çətindir.

Dövlət Xidmətinin məlumatında bildirilir ki, bir çox istehlakçılar oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə üstünlük verirlər. Lakin oyuncaq alarkən onun qeyd olunan əlamətləri ilə yanaşı, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək lazımdır. “Nəzərə alın ki, əsasən, ucuz oyuncaqların istehsalında istifadə edilən xammalın tərkibində qeyd olunan zərərli maddələr ola bilər və bu, təkcə uşağınızın sağlamlığı üçün yox, ətraf mühit üçün də təhlükəlidir. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə, uşaqda yarada biləcək psixoloji amillərə diqqət etmək lazımdır”.

Mürəkkəb texniki oyuncaqlar istisna olmaqla ticarət şəbəkələrinə oyuncaqların daşınması xüsusi nəqliyyat vasitəsi tələb etmir. Ticarət şəbəkəsində isə uşaq oyuncaqlarının saxlanması və satışa çıxarılması zamanı bir sıra tələblərə əməl etmək zəruridir və bu ticarət obyektinin borcudur. Bu sırada oyuncaqların mal qonşuluğu prinsipinə əməl etməklə yığılması, təmiz, rütubətdən uzaq yerdə saxlanması və s. tələblər yer alır.

Uşaq oyuncağı alarkən onun üzərində olan etiket kağızına və ya yarlığa diqqət etmək vacibdir. Orda həmin oyuncağın adı, istehsalçısının adı və ünvanı, milli standartı, məhsulun əsas təyinatı və ya onun tətbiq ediləcəyi sahə, istifadə qaydaları haqqında məlumat, yaş uyğunluğu, oyuncaqdan istifadə və ya istismar haqda təlimat, bir sıra oyuncaqlardan istifadə edərkən ehtiyat tədbirləri haqda xəbərdarlıq və təlimat öz əksini tapmalıdır.

İstehlakçı onu da bilməlidir ki, bu məhsullar məcburi sertifikatlaşmalı mallar sırasına daxil olduğundan, oyuncaq alarkən ticarət obyektindən həmin sənədləri tələb etmək hüququna malikdir. “Gigiyenik və uyğunluq sertifikatları olmayan oyuncaqları almayın. Eyni zamanda nəzərə alın ki, oyuncaqlar fiziki baxımdan da sağlam olmalı, yəni uşağa xəsarət yetirmə ehtimalı olmamalıdır. Ucu iti formalı, əzilmiş, qırılmış oyuncaqların alınması məsləhət deyil. Xüsusilə, azyaşlı uşaqlar üçün oyuncaq alarkən oyuncağın materialına fikir vermək çox önəmlidir”.

Pediatr İlhamə Qurbanovanın dediyinə görə, uşaqlar üçün rezin oyuncaqlar daha yaxşıdır. “Uşaqlar çox zaman oyuncaqları ağzına aparır, sorur və onun suyunu udurlar. Bu, müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Rezin oyuncaqları isə yuyub, qaynanmış su ilə duruladıqdan sonra uşaqlara vermək olar”.

Həkim bildirir ki, ümumiyyətlə, uşaqlara yaşına görə oyuncaq seçmək lazımdır. Böyük uşaqların oynadığı oyuncaqları kiçiklərə vermək olmaz. “Bəzən ailələr də oyuncaqları saxlayır, sonra doğulan körpələrə verirlər. Belə etmək düzgün deyil. Çünki oyuncaqlar üzərinə xüsusi mikroblar yığıla bilər ki, bu da körpələrin sağlamlığı üçün təhlükəlidir. 5 yaşdan yuxarı uşaqlara isə parçadan və digər materiallardan hazırlanmış oyuncaqlar vermək olar”.

Həmsöhbətimiz sonda onu da qeyd edib ki, yaşından asılı olmayaraq uşaq üçün oyuncaq seçərkən diqqətli olmaq lazımdır.