Uşaqlara “buz kimi” təhlükə: Bu qaydalara diqqət edin – Vacib tövsiyələr

66

Hava istiləşdikcə, qida rasionumuza daxil olan nemətlər də zənginləşir. İsti aylarda xüsusilə azyaşlıların sevimli qidası olan dondurma demək olar ki, hər gün istehlak olunur. Hər yaş qrupunun damaq dadını ələ ala bilən bu qida haqqında nə bilirik?

Azərbaycan Milli Kulinariya Assosiasiyası İdarə Heyətinin, Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov dondurma ilə bağlı bilmədiklərinizi Teleqraf.com-a danışıb.

– Şef, əvvəlcə bu ləzzətin tarixindən danışaq. Dondurma hansı mərhələləri aşaraq bu günümüzə gəlib çatıb?

– Dondurmanın tarixi təxminən 4000 il əvvəl Mesopotamiyaya aiddir. Fərat çayının dağlardan axan hissəsinə dağların yamacından Misir fironları buz ehtiyaclarını qarşılayırdılar. Eramızdan əvvəl V əsrdə meyvə qarışıqlı buz dondurma qədim Yunanıstanda, Afinada buz qablarda satılırdı.

İbtidai olaraq dondurma adlandıra biləcəyimiz qarışığın ilk dəfə soyuq anbarlarda saxlamaqda ixtisaslaşan farslar tərəfindən hazırlandığına inanılır. İranda dağların yüksək yamaclarında toplanan qara qaymaq, bal, şərbət, müxtəlif ədviyyatlar və digər şirinləşdiricilərlə qarışdıraraq dondurma əldə edirdilər.

Dondurma mədəniyyəti orta əsrlərdə Avropada yox oldu. Belə ki, 1292-ci ildə Uzaq Şərq səfərindən qayıdan Marko Polo Çində kəşf etdiyi donmuş bal və süddən hazırlanan dondurmanı Venesiyada və İtaliyanın şimalında təqdim etdi. Bu, dondurmanın Avropaya da yayılmasına səbəb oldu. Anadoluda 13-cü əsrdə yüksək dağlardan toplanan buzların qatırlarla daşındığı və konsentrat üzüm suları, şərbət, bəhməz, bal, çırpılmış krem ​​və çərəzlər qataraq dondurma əldə edildiyi bildirilir. Bu ənənə Anadolunun müxtəlif yerlərində hələ də yaşayır.

– Dondurmanı ən çox istehlak edən azyaşlılardır. Uşaqlara dondurma verməzdən əvvəl nəyə diqqət etməliyik?

– İlk olaraq bütün valideynlər həkimlə məsləhətləşməlidir. Uşaqlara dondurma verməzdən əvvəl onun tərkibi ilə maraqlanmaq lazımdır. Əgər dondurmanın tərkibində süni mənşəli yağlar, şirinləşdiricilər varsa, bu, uşaqlar üçün təhlükəli hesab edilir. Bunlar qadağan olunmuş məhsullar siyahısına aiddir.

Bir çox pediatrlar qeyd edirlər ki, 5 yaşa qədər uşaqlara dondurma vermək olmaz. Çünki limfoid toxuması 1-5 yaşa qədər olan dövrdə sürətlə inkişaf edir. Bu səbəbdən 5 yaşa qədər uşaqlara dondurma vermək risklidir. Eyni zamanda, süd məhsulu olduğuna görə salmonella deyilən bakteriyaya yoluxması, eyni zamanda udlaqda iltihabi xəstəliklərin yaranmasına da gətirə bilər. Bu səbəbdən də mütləq həkimlə danışmaq lazımdır.

Doğrudur, dondurmanın uşaqlar üçün faydalı tərəfləri var. Ancaq yuxarıda yazılan qaydalara əməl etmək və həkim pediatra qulaq asmaqla uşaqlara dondurma vermək olar.

– Dondurmanın insan orqanizminə faydaları varmı?

– Zülal və karbohidratlarla zəngin olan dondurmanın tərkibində, eyni zamanda A, B, C, D və E vitaminləri, kalsium, kalium, fosfor, maqnezium, dəmir və sink kimi minerallar var. Xüsusilə süd içməyən uşaqlar üçün əla qida mənbəyidir. Dondurmanın xammalının süd olduğunu nəzərə alsaq, bəzi hallarda uşağın zülal və kalsium ehtiyacı dondurma ilə tamamlana bilər.

– Dondurma alarkən hansı qaydalara diqqət olunmalıdır?

– Dondurmaların saxlama müddətinin normativ sənədlərə uyğun vacibdir. İstehsal olunan dondurmaların sertifikatı olmalıdır. İnsanlar istehlakçı olaraq bunu tələb edə bilərlər. Həmçinin, dondurmanın qablaşdırılmasında istifadə olunan vaflilərin yararlılıq müddəti göstərilməlidir.

Qablaşdırılmış dondurmaların hazırlanmasında bəzi qaydalara diqqət etmək lazımdır. Məsələn, əslində iş bitdikdən sonra avadanlıqlar buxar və ya qaynar su ilə dezinfeksiya olunmalıdır. Biz isə bunun edilib-edilmədiyini bilmirik.

Avadanlıqlar dezinfeksiya olunmayanda orada yağlar, qalıqlar qalır. Həmin qalıq səhər yenidən istehsal olunan dondurmaya keçə bilər. Ona görə də avadanlıqlar təmiz olmalıdır. Həmin qalıq mikroorqanizmlərin inkişafına şərait yaradır. Yəni yenidən istehsal olunan dondurma çirklənir. Bu da insan orqanizmi üçün çox zərərlidir. Ona görə də avadanlıqlar təmiz olmalıdır.

– Dondurma tez əriyən qidalar sırasındadır. Bu məhsulun saxlanılmasında hansı qaydalara əməl etməliyik?

– Dondurmanı etibarlı firmalardan almaq lazımdır, üzərində istehsal və son istifadə tarixi olmalıdır. Müddəti keçibsə, istifadə etməməlisiniz. Ərimiş, əzilmiş, bağlamasından açılmış dondurmalardan uzaq durmaq məsləhətdir.

Ərimiş dondurmanı yenidən dondurmaq olmaz. Dondurma aldıqdan dərhal sonra istehlak etməsəniz, dondurucuda saxlamalısınız.