UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİRSƏ…

96

Bəs, biz dövlətimizin gələcəyi üçün uşaqlara yetərli qayğı göstərə, onlara yüksək səviyyədə təhsil verə bilirikmi?

Və yaxud bu məsələdə Avropa ölkələri ilə Azərbaycanın fərqi nədir?

Dövləti var edən xalqdır, insan resurslarıdır. Hər zaman deyildiyi kimi-hakimiyyət xalqa mənsubdur, xalq varsa dövlət var. Nəsillər dəyişdikcə, gedən nəslin yerini yeni nəsil alır, dünənin uşaqları bu günün aparıcı qüvvəsinə çevrilir və yeniliklərə daha həssas, daha açıqdır. Dövlətlərsə öz varlığını sürdürmək üçün ailə və uşaq siyasətinə xüsusi diqqətlə yanaşmalıdırlar. Bəs bizdə bu barədə vəziyyət nə yerdədir?

Bir çox dövlətlərin uşaq siyasətinə nəzər yetirərkən doğumdan həddi-büluğ yaşına qədər dövlətin uşaq-vətəndaşın yanında olduğunu görə bilirik və dövlət-vətəndaş arasında bağlar kiçik yaşdan formalaşır. Vətəndaşın keyfiyyətli, vətənpərvər olması isə birbaşa dövlətin onun yetişməsində rolundan asılıdır.

Azərbaycanda ailələrə, elə çoxuşaqlı ailələrə də dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da, ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığının göstərir. 1999-cu ilin əhalinin siyahıya alınmasının məlumatlarına əsasən, ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsündə 18 yaşadək uşaqları olan ailələrin sayında əgər 1 uşaqlı 22,5% (288 200 nəfər), 2 uşaqlı 35,3% (450 700), 3 uşaqlı 25,5% (326 200), 4 və daha çox uşaqlı 16,7% (213 900) idisə, 2009-cu ilin əhalinin siyahıya alınmasının məlumatlarına əsasən, bölgü belə olmuşdur: 1 uşaqlı 30,1% (396 000), 2 uşaqlı 40,3% (529 000), 3 uşaqlı 19,9% (261 900), 4 və daha çox uşaqlı 9,7% (126 700) təşkil edir. Rəqəmlərdən də bəlli olur ki, 1 və 4 və daha çox uşaqlı ailələrdə fərq 7-7,6% , 2 və 3 uşaqlı ailələrdə isə fərq 5-5,6% təşkil edir. Şübhəsiz, sonrakı siyahıyaalınmada bu fərq bir qədər də dərinləşib…

2001-ci ildə 0-17 yaş arasında uşaqların sayı 2 998 900 nəfər idisə, 2006-ci ildə bu rəqəm 2719100 nəfər, 2011- ci ildə 2 543 400 nəfər, 2012-ci ilin birinci yarısında 2 539 700 nəfər olmuşdur. Rəqəmlərdən də göründüyü kimi, bu yaş qrupu üzrə uşaqların sayı azalmaqdadır. Cinslər üzrə ümumi əhalinin sayına nisbətən də bu göstəricilər azalan xətt üzrə gedir. Cinslər üzrə əhalinin ümumi sayına nisbətən 0-17 yaşda uşaqlar 2001-ci ildə 37,0%, 2006-cı ildə 31,8%, 2011-ci ildə 27,9%, 2012-ci ilin əvvəlində 27,5% təşkil edir.

2019-cu ilin göstəricilərinə baxsaq, görərik ki, əhali artımı azalan templə, yəni üzüenişə gedir. 4 və çoxuşaqlı ailələrin son göstəriciləri isə 2009-cu ilə aiddir. Rəsmi qeydə alınmamış nigahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 1990-cı ildə 4 800 idisə, 2018-ci ildə bu göstərici 20 716 olub. Uşaq müəssisələrinə düşən uşaqların demək olar ki, yarısı – 2011-ci ilin göstərisinə görə 47,5 faizi – aztəminatlılıq üzündən bu müəssisələrə yerləşdirilir. Yenə də bu məsələdə maddi təminatsızlıq özünü göstərir. Baxmayaraq ki, Azərbaycanda statistik göstəricilərə görə, hər il insanların sayı artır, lakin onların ayrı-ayrı yaş qrupları üzrə sayı get-gedə azalır.

Həmçinin əsas xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi məsələlərinə nəzər yetirsək, statistik göstəricilərin ildən–ilə artdığını görərik. Lakin bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir. Burada uşaqların fizioloji inkişafı müxtəlif olduğu və qızların nisbətən dözümlü olması əsas kimi götürülür. Tibbi müayinədən vaxtında keçmək, müalicə almaq bəzi hallarda ailələrin maddi imkanları səbəbindən mümkün olmur. Uşaq teatrlarına gedən uşaqların, uşaq dərnək və kollektivlərində iştirak edən uşaqların sayı da azalmaqdadır. Belə ki, 2010-cu ildə 169 min uşaq teatrlar getmişdirsə, 2011-ci ildə 167 min uşaq bu istirahət növündən istifadə edə bilmişdir. Uşaq dərnəkləri və kollektivlərində iştirakçılarin sayı da kifayət qədər azalmışdır. Belə ki, 2010-cu ildə 42 100 uşaq, 2011-ci ildə isə 33 700 uşaq bu dərnəklərdə iştirak etmişdir. Bu məsələ ilə əlaqədar olaraq qeyd etmək lazımdır ki, bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələrə uşaqların ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur. Məsələn, uşaqlar məktəbəqədər yaşdadırsa, onları qida məhsulları, geyim və oyuncaqlarla təmin edirlər. Məktəb yaşlı uşaqlar üçün isə məktəb ləvazimatları, paltarlar verilir. Onların təhsil haqqı ödənilir, məktəbdə pulsuz yeməklə təmin edirlər.

Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı son 3 ildə artmışdır. Belə ki, 2009-cu ildə 14740 nəfər, 2010-cu ildə 15038 nəfər, 2011-ci ildə 16027 nəfər ölmüşdür. Eləcə də son üç ildə boşanmaların ümumi sayına nisbətən uşağı olmayanların boşanma sayının fərqini araşdırsaq, cəmiyyətdə sonsuzluq probleminin ciddi səviyyəyə çatdığını da görərik. Əgər 2009-cu ildə 7784 boşanma halı qeydə alınmışdırsa, onlardan 4634-nün uşağı yoxdur. 2010-cu ildə 9061 boşanma olmuş, onlardan 5527-nin uşağı yoxdur. 2011-ci ildə isə 10 747 boşanma olmuş, onlardan 7368-nin uşağı yoxdur. Bu isə gələcəkdə ciddi fəsadlara gətirib çıxara bilər.

Bu statistic göstəricilərə əsasən deyə bilərik ki, Azərbaycanda son illər gender indikatorlarının dəyişməsi prosesi baş verir. Belə ki, ailələrdə daha çox oğlanların doğulması istəyi bütövlükdə ölkədə gender balansını pozur. Hətta ailədaxili münaqişələrə gətirib çıxaran bu problemin həlli yolunu selektiv abortlarda görürlər. Məlumdur ki, doğulan uşaqların cins üzrə nisbətinə görə ildən-ilə oğlanların sayı daha çoxluq təşkil edir. Bu fərq özünü ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayında da göstərir. Belə ki, 2009-cu ildə 637 015 qız, 2010-cu ildə 613 060 qız, 2011-ci ildə isə 597 666 qız təhsil almışdır. Rəqəmlərdən göründüyü kimi, qızların sayı ildən-ilə azalır. Bunun isə bir sıra sosial-iqtisadi səbəbləri vardır. Bəzi hallarda isə valideynlər ailədə (xüsusilə, çoxuşaqlı ailələrdə) məktəbyaşlı qızları erkən yaşda nikah qurmağa sövq edirlər.

Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən, dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulmuşdur. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür. İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir.

Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur. Finlandiyada isə çoxuşaqlı ailələrə, tək valideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür.

Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir. Polşada isə hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125 dollardan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada isə hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır. Almaniyada “Gəlir vergisi haqqında” və “Uşaq müavinətləri” haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün Anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa hər uşağa 179 avro verilir. Bu müavinət 27 yaşadək valideynləri ilə yaşayan və işləməyən şəxslərə verilir. Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazlar yaşa görə fərqlidir.

Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi” haqqında sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri – çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.

Göstərilən bu nümunələrdən də aydın olur ki, çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilsə də, ümumi məqsəd eynidir. Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri-monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir.

Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir və biz dövlət olaraq uşaqlarımızı əsl vətənpərvər kimi böyüdə, onlara yüksək səviyyədə təhsil verə bilirmi? Bu haqda yazımızın davamından geniş məlumat verəcəyik.

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA