UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİRSƏ… – II HİSSƏ

117

Bəs, biz dövlətimizin gələcəyi üçün uşaqlara yetərli qayğı göstərə, onlara yüksək səviyyədə təhsil verə bilirikmi?

Və yaxud bu məsələdə Avropa ölkələri ilə Azərbaycanın fərqi nədir?

Dövləti var edən xalqdır, insan resurslarıdır. Hər zaman deyildiyi kimi-hakimiyyət xalqa mənsubdur, xalq varsa dövlət var. Nəsillər dəyişdikcə, gedən nəslin yerini yeni nəsil alır, dünənin uşaqları bu günün aparıcı qüvvəsinə çevrilir və yeniliklərə daha həssas, daha açıqdır. Dövlətlərsə öz varlığını sürdürmək üçün ailə və uşaq siyasətinə xüsusi diqqətlə yanaşmalıdırlar. Bəs bizdə bu barədə vəziyyət nə yerdədir?

(Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/usaqlar-bizim-g%c9%99l%c9%99c%c9%99yimizdirs%c9%99/)

Mənzərəni aydın təsvir etmək üçün ilk öncə baxımsız uşaqlardan – yetim və ya valideyn himayəsindən məhrum olmuşların durumuna nəzər salaq. Onların bir qismi dövlətin təminatı altında olan internat-uşaq evlərində həyata hazırlanarkən, bir qismi küçədə yaşayan, necə deyərlər, “küçə uşaqları”dır. İkincilərin arasında həm baxımsız, həm də kasıb ailələrdən çıxan uşaqlar var. Bu təbəqə sovet dövrünün başa çatması ilə yaranan keçid dövrünün sosial bəlası kimi ortaya çıxdı. Azərbaycanda bununla bağlı müəyyən işlər görülsə də, problemin tam aradan qaldırılmadığı göz önündədir. Ən önəmlisi isə, uşaq əməyinin istismarı və həddi-büluğ çağına çatmaytan uşaqların müxətli ağır işlərdə çalışdırılması problemidir. Hansı ki, bununla bağlı qanunvericilikdə daha ciddi nəzarət mexanizmi olmalıdır.

Zaman-zaman mediada yayılan materiallarda azyaşlı uşaqların təhsildən uzaqlaşıb, ailənin dolanışığına kömək etmək üçün işlədiklərin görmüşük. Odur ki, valideynlərindən biri, yaxud hər ikisi iş qabiliyyətində olmayan və aztəminatlı ailələrdə böyüyən uşaqların geyim, qida və dərs ləvazimatları ilə təminatı dövlət səviyyəsində təşkil olunmalıdır ki, onlar təhsil ala bilsin, küçədə müxtəlif cinayətkar qruplaşmaların cənginə düşməsin. Hansı ki, bu kimi hallarda uşaqların dilənçiliyə məcbur edilməsi də “adət halı”nı alıb.

Haşiyə olaraq qeyd edim ki, ölkəmizdə hələ də mövcud olan “dilənçi mafiyası”nın ləğv edilməməsi təəccüblüdür. Onların hansı mərkəzdən idarə olunması və kimlər tərəfindən himayə edilməsi ortaya çıxarılmalı və bu sahədə ciddi hüquqi addımlar atılmalıdır.

İnternatsız Azərbaycan nə vaxt yaradılacaq?

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 46 dövlət uşaq müəssisəsi var. Hazırda SOS uşaq kəndləri layihəsi və Avstriyanın “Hilfcverk Avstriya” təşkilatının dəstəyi ilə Xəzər rayonunda pilot layihə həyata keçirilir. SOS layihəsində “günərzi qayğı mərkəzləri” fəaliyyət göstərir. Mərkəzlərin məqsədi tək valideyni olan, aztəminatlı ailələrdə yaşayan uşaqlara gün ərzində 12 saatlıq -həftəiçi saat 08.00-20.00 arası- xidmət göstərməklə, onların uşaq evlərinə düşməsinin qarşısını almaq və bioloji ailələrinin himayəsində yaşamasını təmin etməkdir. Xəzər rayonundakı layihəyə çərçivəsində isə uşaqların yetkinlik yaşına kimi himayədar ailələrdə yaşaması, tərbiyə olunması və o ailələrin də müəyyən öhdəliklərinin olması nəzərdə tutulur. Qarşılığında isə himayədar ailələrin sosial problemləri həll olunmalı, onlara sosial müavinətlər verilməlidir. Qanunvericilikdə isə bu sistem tam işlənmədiyindən və nəzərdə tutan güzəştlər təsbit edilmədiyindən hələ ki, aktiv iş görülmür. Ən vacib məqamlardan biri isə himayədar ailələrə nəzarətdir ki, bu sistemdən sui-istifadəyə yol verilməsin və sonradan bu uşaqlar insan alverinin qurbanlarına çevrilməsinlər.

1-ci Dünya müharibəsi illərində Britaniya XİN-in müharibə və təbliğat idarəsində çalışan, “The Treatment of Armenians in the Ottoman Empire” adlı əsəri hazırlayan məşhur ingilis tarixçisi Arnold Toynbi bildirirdi: “Mədəniyyət, daxilində bütün insanlığın hər kəsi əhatə edən tək bir ailənin üzvləri kimi tam bir harmoniya halında yaşaya biləcəyi bir ictimai vəziyyəti təşkil etmə cəhdidir. Bu fazada dinin həyati əhəmiyyəti var və bu mədəniyyətin varlığını davam etdirə bilməsi dinlə olan bağlılığının zəifləməməsinə bağlıdır”. Bundan əlavə, cəmiyyətin və dövlətin nüvəsi olan ailənin və uşaqların dayanıqlı olmasında dinin yeri mühümdür ki, elə mənəvi dəyərlərin ortaya çıxması da əslində dinə əsaslanır. Çünki mənəvi dəyərlər insan beyninin məhsulu deyil, dinin tələbləri əsasında formalaşmışdır. İnsan beyninin məhsulu olsaydı, insan cəmiyyəti mənəvi dəyərlər sistemində faşizm, nasizm də daxil olmaqla, insan beyninin məhsulu olan müxtəlif məfhumlardan faydalanardı.

Ailə institutlarının qorunması…

Dövlətin kiçik forması olan ailə institutunun dağılması dövlətin varlığını təhdid edən ən başlıca məqamdır ki, bu da davamlı şəkildə təbliğ olunur. Elə yuxarıda haqqında danışdığımız uşaq evlərində yaşamağa və küçələrdə həyatını qazanmağa məcbur olan uşaq təbəqəsi də, ailələrin dağılmasından qaynaqlanır.

Toplumun güclü olmasında ailə qurumunun və keyfiyyətli təhsilin əhəmiyyətini danmaq olmaz. Məşhur tarixçi Arnold Toynbinin də dediyi kimi, “bir toplumu deqradasiyaya uğratmaq üçün onun ailə institutunu və təhsilni dağıtmaq lazımdır”. Təhsilin keyfiyyəti və ya bizim ölkədəki kimi keyfiyyətsizliyi hər zaman müzakirə olunacaq vacib məsələlərdəndir. Təhsilin keyfiyyəti barədə statistik göstəricilər olmasa da, şagirdlərin kiçik yaşlardan repetitora ehtiyac duyması bu sahədə mənzərəni əks etdirir. Bu, həm də cəmiyyətdə qütbləşmə yaradır: imkanlı və imkansızlar təbəqəsi. Halbuki hər kəsin normal təhsil almaq hüququ konstitusiyada nəzərdə tutulur.

O da bəllidir ki, abituriyentlər isə əksər hallarda məktəblərin deyil, kursların və repetitorların sayəsində ail məktəbin kandarına ayaq basırlar. Bu sahədə araşdırma apaılsa və statistik göstəricilər ortaya qoyulsa, çox dəhşətli bir mənzərə yaranar. Şübhəsiz, bu zaman isə ilk ağla gələın sual bu olacaq: məktəblər öz funksiyasını yerinə yetirmirsə, o zaman nə üçün lazımdır?

Bunlar yetməzmiş kimi, koronavirus sayəsində onlayn təhsil də gündəmə gəldi. Bəs onlayn təhsil ənənəvi təhsildən nə qədər keyfiyyətli və ya keyfiyyətsiz olacaq? Araşdırmalar göstərir ki, onlayn təhsil ənənəvi “face-to-face” metodlu təhsil kim effektiv deyil. Ekspertlər bu barədə daha tez-tez fikir bildirirlər. Corc Meyson universitetinin insani inkişaf və təhsil kollecinin təhsil siyasəti mərkəzinin əməkdaşlarının son hesabatında belə deyilir: “Ənənəvi təhsilin rolunun onlayn təhsilin xeyrinə rolunun azaldılması istehlakçıların-şagird və tələbələrin- maraqlarının pozulması və ölkədə təhsilin keyfiyyətinin pisləşməsi ilə nəticələnəcək”.

“Onlayn təhsil tələbələrin xərclərini azaltmadı və keyfiyyəti yaxşılaşdırmadı. Müəllimlər, akademik liderlər, cəmiyyət və iş verənlər ənənvi diploma daha çox əhəmiyyət verirlər”, -deyə məruzədə daha sonra vurğulanır.

Təhsilin əsas keyfiyyət göstəricisi kimi tələbə və müəllimlərin müntəzəmlik və məzmunca interaktivliyi qeyd olunur. Yəni təhsili keyfiyyətli edən ara verilmədən, müntəzəm şəkildə və öyrədilənlərin məzmununun qarşılıqlı təmasla, üzbəüz ünsiyyətlə müəllimdən şagird və tələbəyə ötürülməsidir.

Onlayn təhsilin qiymətləndirilməsinin səhvən yüksək təqdim olunmasını deyən araşdırmaçı, “Massaçusets” texnoloji institutunun əməkdaşı Castin Rayx öz məqaləsində “onlayn təhsilin nəyə görə ümidləri doğrultmadığını” izah edir: “Səbəblər belə təsnifləşdirmək olar:

Birinci, onlayn təhislə başlayanların 3%-i təhsili bitirir.

İkincisi, təhsil arealı genişlənmir”.

Castin Rayxın araşdırması göstərir ki, MTİ və Harvardın onlayn-proqram tələbələrinin əksəriyyəti əsasən inkişaf etmiş dövlətlərdə yaşayırlar. İnternetin hər yerdə əlçatan, o cümlədən motivasiyanın olmaması da prosesə mənfi təsir edən faktorlardandır. Ən əsası-canlı ünsiyyətin yoxluğu. Onlayn tədris prosesi təhsildə əsas məqam olan canlı insan ünsiyyətini dövriyyədən çıxardığı üçün uğursuz olur. Eyni zamanda sübut olunmuşdur ki, təhsil-tədris prosesi xüsusilə sosial-psixoloji “nümunə, təsvir” və “təqlid” mexanizmi ilə həyata keçirilir. Onlayn təhsildə isə bu mümkün deyil.

“Stenford” universitetindən Erik Bettinqer, Syuzanna Loeb və Harvard universitetindən professorlar həm onlayn, həm əyani təhsil verən “Devry” universitetində tələbələri arasında keçirdikləri araşdırmaya görə bildirirlər ki, dərs vəsaitləri əsasında aparılan tədris prosesinə baxmayaraq, onlayn təhsil keçən tələbələr özlərini daha çox yetərsiz və qeyri-qənaətbəxş hiss edirlər.

Bəs nə səbəbdən topluma onlayn təhsil sırınır və insanlar buna şirnikləndirilir və ya məcbur buraxılır?

Onlayn təhsil keyfiyyətsiz olduğu üçün istər-istəməz gənc nəslin xeyli hissəsinin aşağı səviyyəli təhsil almasına səbəb olacaq. Yeni nəsil texnologiya insana lazım olanları asanlıqla təmin etdiyi üçün, insanın nəyinsə üzərində “baş sındırmasına” ehtiyac qalmır, insan beyni tənbəlləşir. Nə isə istehsal etmək, yaratmaq vərdişləri kütləşir və debilləşir. Texnologiyanın onun əlindən aldığı düşünmə və yaradıcılıq istiqamətini itirdiyi üçün fərdləşmir, beyni tənbəl kütləyə çevrilir. Koronavirus fazasının da gündəmə gətirdiyi onlayn təhsillə yen nəsil istehsal deyil, istehlak kütləsinə çevriləcək ki, bu da yeni qlobal düzənə qarşı çıxmağa qadir olmayan, nələr baş verdiyini anlamayan, qarşı durmağa cəsarət etməyən toplumu yaradacaq.

Hələ bu şəraitdə, ölkədəki təhsili Avropa və ABŞ-dakı təhsillə müqayisə etmək də yersizdir. Qarşıdan gələn texnologiya dövründə onsuz da bərbad olan təhsilimizi onlayn formata keçirmək gənc nəslin səviyyəsini hansı səviyyəyə salacaq, bu, bəllidir. Üstəlik, ölkəni başqa ölkələrin texnoloji köləliyinə və dövləti dövlət olmaqdan çıxarıb, başqa ölkələrin texnologiyasından asılı əyalət-ərazi vahidi vəziyyətinə salacaq.

İnsan resursunun əhəmiyyəti

Hər bir ölkənin insan resurslarının birinci pilləsi olan “uşaq siyasəti”ndə laqeydliyə yol verilməsi birbaşa dövlətin təhlükəsizliyi ilə bağlıdır. Türkiyənin süni intellekt əsasında qurduğu yeni müdafiə texnologiyaları bizə nümunə olmalıdır. Biz nə vaxta qədər satıcı, istehsalçı yox, yalnız müştəri olacağıq?

Digər bir vacib məqam, gənc nəslə yön verən ideoloji istiqamətin olmamasıdır. Əgər dövlət uşaqların üzərinə öhdəlik qoyursa, onu hərbi xidmətə çağırırsa, dövləti qorumaq və s. vəzifələri onun üzərinə qoyursa, ailələrlə birgə yeni nəslin yetişdirilməsində rol oynamalıdır. Ailənin dolanışığını təmin etmək üçün evdə vətəndaş yetişdirməli olan ana məcburi əmək fəaliyyəti ilə məşğul olur, halbuki birinci daha vacibdir. Kiçik yaşlılar da daxil olmaqla, indiki nəsil internetdən yayımlanan təhdidlərə məruz qalır. Bu da azmış kimi, tele-ekranlardan yayımlanan, əxlaqsızlığı təbliğ edən varlıqların reklamına məruz qalır, şüuraltını milli-vətənpərvər dəyərlərin təbliği yox, əxlaqsızlıq körükləyən “zat”ların köməyi ilə “homoseksuallıq zibili” ilə doldurur və dövləti təmsil edən qurumlardan heç bir səs-səmir çıxmır. Bu təbliğatın nəticəsində gələcəkdə kim əsgər olub, dövlətin sərhədlərini və maraqlarını qoruyacaq?

Başqa zaman, dövlət lazım olan şeylərdən lazım olan kimi xəbər tuta bilir, indiki kimi sosial şəbəkələr dövründə nədənsə xəbərsiz qalmaq mümkünsüzdür. Bəllidir ki, bunda Azərbaycan cəmiyyətinin deqradasiyası layihəsini hazırlayan və addım-addım həyata keçirən “xainlər şəbəkəsinin” xüsusi zəhməti var. Dövlət hansı şəkildə yeni nəslin yetişdirilməsində iştirak edir, hələ ki, bu ideoloji sahədə o qədər də özünü biruzə vermir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, milli dəyərlərin aşılanması, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi – bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir. Amma nədənsə, kimsə “iki milyonluq saat” üçün büdcədən maliyyə oğurlaya bilir, kimlərsə “bol-bol” oğurlayıb, sonradan əlindən alına bilər qorxusuyla xaricdə şirkətlər qurub, mülklər ala bilir, amma əsgərliyə gedib, vətəni qoruyan, işləyib dövlətə vergi verən, dövlətin dəstəyi olmadan uşaq böyüdüb ərsəyə gətirənlərə isə dövlətin də bu prosesdə payı olacaq “uşaq pulu”nu verməyə büdcədən pul ayrıla bilmir. Halbuki “iki milyonluq saat” üçün oğurluq edənlər dövlət üçün zəhmət çəkənlərdən qat-qat çox faydalanır.

Hələ bir müddət əvvəl Zaqatalada intihar edən 17 yaşlı qızın, özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elinanın, Tovuz rayonunda qətlə yetirilən 10 yaşlı Nərminin başına gələnlər dövlətin ailə, uşaq siyasətində laqeydliyinin və yetərsizliyinin göstəricisi deyil də, nədir? Unutmayaq ki, beşikdən sona kimi vətəndaşlarıyla məşğul olmaq dövlətin görəvidir. Dövlət elə bunun üçün var. Və nə keçid dövrü, nə başqa səbəb bəhanə gətirilə bilməz. İstək varsa, imkan var.

Dövlət qurumlarının vətəndaşların ailə institutuna məsuliyyətlə yanaşması, boşanmaların qarşısını almaq üçün iqtisadi proqramların tətbiq olunması, yəni həm ailənin qorunması, həm uşaqların sağlam, psixoloji-mənəvi mühitdə formalaşması problemlərin həllinə gətirəcək. Çünki, uşaq və gənclər sahəsində doğru və milli siyasətin tətbiqi dövlətin milli təhlükəsizlik məsələsidir.

Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org