Ürəklərdə yaşayan döyüşçü ömrü

459

Şəhid Ayxanın həyat hekayəsi…

“Mən şəhid olan heç bir Azərbaycan əsgərindən artıq deyiləm! Əgər qismətimdə belə şərəfli ölüm varsa, mən də şəhid olacağam! Bu məqama çatmaq, mənə çox böyük bir xoşbəxtlik olardı”. Bu sözlərin müəllifi şəhidimiz Heydərli Ayxan İlham oğludur. Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin fəxri, igidliyi ilə tarix yazan Heydərli Ayxan haqqında yazmaq mənim üçün sözün hər mənasında çox çətindir. O, həm xalqımızın qəhrəman şəhid övladı, həm eloğlum, həm də mənə ən yaxın qohum olan bir şəxsdir. Bütün bunların fonunda həmin insanın keçdiyi həyat yolu barəsində nə isə yazıb, geniş oxucu kütləsinə təqdim etmək çox məsuliyyətli bir işdir.

İşimlə əlaqədar olaraq və bir vətəndaş kimi, şəhid ailələrində tez-tez qonaq oluram. İmkanım daxilində bütün şəhid ailələrini ziyarət etməyə çalışıram. Bu dəfə də, yolumu Orta Əlinəzərli kəndindən saldım. Şəhid atası Umudov İlham Atalı oğlunun evində qonaq oldum. Əslində, mən o evə qonaq kimi yox,  ailənin bir üzvü kimi getmişdim. Ziyarətim, yeni ilin ilk gününə təsadüf edirdi. Sözlə ifadə edə bilməyəcəyim isti bir münasibətlə qarşılandım. Öz əllərinin zəhməti ilə ruzi  qazanıb yaşayan bu insanların süfrəsində halal çörək kəsmək də qismət oldu mənə. Evdə olduğum bir neçə saat ərzində şəhidimizin ailə üzvləri ilə xeyli səmimi söhbət etdim. Ailənin Ayxanla bağlı bitib-tükənməyən, şirinli-acılı xatirələri dilə gəldi həmin gecə. Ailə üzvlərini dinlədikcə, onların şəhidimizə necə ürəkdən bağlı olduqlarına yenidən şahid oldum. Şəhid oğlu haqqında hər dəfə xatirələrini dilə gətirib danışan zaman Naibə anamın kövrəldiyini hiss edir və sanki, o günləri təzədən yaşayırmış kimi əzab çəkdiyni görürdüm. Danışdıqca qəhərdən boğulan zəif səsini eşidir, gözündə öz əksini tapan oğul intizarını açıq şəkildə görürdüm. Bu günə qədər də, acılarla dolu baxışların, daha dəqiq desəm, “danışan gözlər”in təsiri altındayam. Ürəyi övlad nisgili ilə dolu olan anamın hələ də, ümidlə oğul yolu gözləməsini isə, sözlə ifadə bilmirəm. Bu dəhşətli mənzərəni seyr etmək olduqca ağırdır…

Bu ailənin qonaqpərvərliyini, insanlara qarşı olan təbii, sırf insani dəyərlərə söykənən səmimiyyətini isə sadəcə görmək lazımdır. Bütün bunları mən canlı şəkildə gördüm və ətrafımda belə insanların olması ilə bir daha qürur duydum. Məhz bu ailənin insanlara diqqəti, dövlətə məhəbbəti, xalqına rəğbəti və ölkə rəhbərinə olan sevgisi, bir əxlaq nümunəsidir.

Şəxsiyyətinə böyük hörmət bəslədiyim İlham kişinin ailəsində şəhid qardaşım Ayxan da daxil olmaqla, 4 nəfər, 2 qız və 2 oğlan uşağı böyüyüb, boya-başa çatıb.

Onu da qeyd edim ki, ailənin diğər oğul övladı olan Heydərli Heydər də hərbçidir və hal-hazırda müddətdən artıq həqiqi hərbi xidmət etməklə, Vətənimizə olan borcunu yerinə yetirir. O, 2011-ci ilin oktyabr ayından, 2014-cü ilin aprel ayına qədər Naxçıvan MR-da yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Heydər 2014-c ildən bu günə kimi isə, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə şərəflə xidmətini davam etdirir. Nizam-intizamlı bir hərbçi olduğu üçün rəhbərlik tərəfindən “Qüsursuz xidmətə görə” medalına və digər çoxsaylı həvəsləndirici təltiflərə layiq  görülmüşdür.

O, hərb tariximizə 4 günlük müharibə kimi düşmüş məlum Aprel döyüşlərinin də fəal iştirakçısı olmuşdur. Lələtəpə yüksəkliyinin alınması uğrunda gedən qanlı döyüşlərin canlı şahidi olmuşdur. Müharibənin gedişində valideynlərinə Heydərin şəhid olması barədə məlumat verilsə də, sonradan bu məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.

Daha sonra o, xidmətini Ağdam rayonunun Yusifcanlı kəndində, Qarqarçay ərazisində yerləşən “N” saylı hərbi hissədə post komandiri kimi davam etdirir.

Hər birimizin yaddaşında “Vətən Müharibəsi” kimi qalan savaşda, xalqımıza Qələbə sevinci yaşadan hərbçilərin sırasında Heydərin də adı, qalib tərəf olmağımızda onun da özünəməxsus imzası var. Onun döyüşlərdə göstərdiyi rəşadətə görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, müvafiq olaraq, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid ailəsində olduğum həmin gün Heydər də evdə idi. Valideynləri onun müharibədən sağ-salamat qayıtması üçün Allahın adına xatir demiş olduqları qurbanı da kəsmişdilər. Doğma Vətəni naminə, dövlətinin ərazi bütövlüyü uğrunda bir igid oğul qurban vermiş ailə, hal-hazırda dövlətinə şərəflə xidmət edən digər bir oğluna qurban kəsmişdi! Bilirsinizmi bu nə deməkdir? Bunu, yalnız  evində hərbçi olan ailələr, müharibədə övadının həyatda sağ qalması üçün Allaha dualar edən, şirin yuxusu ərşə çəkilən, həsrətlə yol gözləyən valideynlər və ürəyində Vətən sevgisi olan vətənpərvər insanlar daha yaxşı başa düşər!

Heydərli Ayxan İlham oğlu 26 dekabr 1996-cı ildə Beyləqan rayonunun Orta Əlinəzərli kəndində sadə, zəhmətkeş, halal süfrəsi olan qonaqpərvər bir ailədə dünyaya göz açmışdır. O, 2003-cü ildə şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.

Ayxan uşaqlıqdan halal zəhmətlə yaşamağa öyrənmişdi. O, bütün işlərdə valideynlərinə kömək edər, ailənin yaxşı dolanması üçün əlindən gələni edərdi. Özündən yaşca böyük olan Heydər adlı qardaşı ilə birgə evdə təsərrüfat işləri ilə maraqlanar, kəndimizin hər tərəfini əhatə edən sıx meşəlikdə uşaqlarla birgə qoyun–quzu otarar və ailəsinə düşən pay torpağında əkin-biçinlə məşğul olardı.

Çılğın, şən və zarafatcıl xarakterə sahib olması isə, onun ürəyində çox yüksək həyat eşqinin olmasından xəbər verirdi. O, hər kəslə səmimi ünsiyyət qurar, bütün yaş qrupundan olan insanlarla dostluq edər, öz qaynar xasiyyəti və duzlu-məzəli söhbətləri ilə bütün ürəklərə yol tapardı. Ayxan, hər il yay tətili olanda Bakı şəhərinə işləməyə gedərdi. Təbii ki, bu addımı atmağa onu heç kim məcbur etməzdi. Özü israrla işləməyə can atar, ailəsinin daha da yaxşı yaşaması naminə hər zəhmətə qatlaşardı. Ayxan uşaqlıqdan musiqi məktəbinin qarmon sinfində təhsil almış, həmçinin, idmanla da maraqlanmışdır. İdmanın Mauy-Tay, Tay Boksinq növləri ilə ciddi şəkildə, xüsusi bir həvəslə məşğul olub. Bu istiqamətdə uğurları çox olmuş, dəfələrlə birincilik qazanaraq diplom və mükafatlarla təltif edilmişdir. Şəhid qardaşımın düşüncələri uşaqlıqdan sirlərlə dolu idi. Bu düşüncələr çox mürəkkəb və mürəkkəb olduğu qədər  də, onu hiss edənlər, anlayanlar üçün başadüşülən idi. Ayxan ürəyində bəslədiyi Vətən sevgisini bəzən müəyyən işarələrlə ətrafındakı insanlara bildirərdi. Belə ki, o, bütün şəkillərinin üzərinə “Hər şey Vətən üçün”, ”Vətən, sənə canım fəda” kimi milli qürurumuzun varlığından xəbər verən şüarlar yazarmış…

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hər birimizin yaxşı tanıdığı, xalqımızın qəhrəman oğlu, mənim də yaxın dostum olan Ramil Səfərovun məlum şücaiəti zamanı Ayxanın cəmi 8 yaşı var idi. Bu hadisədən sonra Ayxan Ramil Səfərovu özünə ideal seçir və sırf onun şərəfinə özünə hərbi forma aldırır. Baş  verən bu olaydan 6 il sonra, 2010-cu ildə Ayxan xalqımızın daha bir qəhrəman övladı, qürur yerimiz olan Mübariz İbrahimovun yazmış olduğu şanlı tarixi gündən ilhamlanaraq, qətiyyətlə hərbçi olmaq qərarına gəlir.

 

O zaman Ayxan  14 yaşlı yeniyetmə idi. Sənədlərini “Cəmşid Naxçıvanski” adına Hərbi Liseyə verir və bütün mərhələlərdən uğurla keçir, lakin özündən asılı olmayan səbəblərə görə qəbul ola bilmir. Bu uğursuzluq onu ruhdan salmır, tam əksinə, ürəyinə hakim kəsilən hərbçi olmaq arzusu onu rahat buraxmırdı. Hər keçən an, hər keçən gün, onu hərbçi olmağa yaxınlaşdırırdı. Ayxanın ən böyük arzusu isə, Ramil Səfərovla Mübariz İbrahimova bənzər  hərbçi kimi yetişmək və Qarabağı işğaldan azad edərək, üçrəngli müqəddəs bayrağımızı orada dalğalandırmaq idi.

Nəhayət, həmin gün gəlib çatır. Ayxan 26 yanvar 2015-ci ildən, 01 iyul 2016-cı ilə kimi Naxçıvan MR-da “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçir. Atıcı-nizamlayıcı əsgər kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, ona həvalə edilmiş silah və hərbi texnikaların taktiki-texniki göstəricilərini dərindən öyrənmiş və günün nizam qaydalarına ciddi şəkildə əməl etmişdir. Nümunəvi bir əsgər kimi daim yuxarı komandanlığın diqqət mərkəzində olmuş, müxtəlif həvəsləndirici təltiflərə layiq görülmüşdür.

Ayxan ordu sıralarından tərxis olunduqdan sonra o, 2016-cı ildə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və manqa komandiri kimi fəaliyyətini davam etdirmişdir. Burada 2 il xidmət etdikdən sonra, 2018-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində “N” saylı hərbi hissədə post komandiri kimi xidmətini davam etdirir. Bu müddət ərzində o, xidmət etdiyi ərazidə nizam-intizam yaratmış və post komandiri kimi  digər hərbi qulluqçulara nümunə olmuşdur.

Hər dəfə evdən xidmətə geri dönəndə əsgərləri üçün zəruri olan əşyaları alar, özü ilə ərzaq və digər şeylər aparardı. Hətta, hər bayram günlərində şəxsi vəsaiti ilə əsgərlərinə süfrə açar, onları tək qoymazdı. Ən qürurverici hallardan biri də ondan ibarətdir ki, yuxarı komandanlıq şəxsi heyyətə müraciət edərək, kimin könüllü olaraq post komandiri kimi fəaliyyət göstərməsini soruşmuş və çoxsaylı hərbçilər arasından yeganə şəxs olaraq, Ayxan bu təklifi qəbul etmişdir.

Daha sonra o, həmin hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirir. Digər xidmət etdiyi yerlərdə olduğu kimi, burada da o, hərbi nizamnamənin tələblərinə qeyd-şərtsiz əməl edir və qüsursuz xidmət edən hərbçi kimi, özünə xüsusi hörmət qazanır. 2020-ci ilin iyul ayında, Tovuz rayonunda mənfur qonşularımızın dövlət sərhəddimizi kobudcasına pozaraq təxribat törətdikləri zaman, Ayxan da silaha sarılaraq Vətənimizin müdafiəsinə qatılmış və qızğın döyüşlərdə fəal iştirak etmişdir.

Nəhayət, 27 sentyabr 2020-ci ildə, şanlı tariximizə “Vətən Müharibəsi” adı ilə düşən döyüşlər baş verir. Həmişə olduğu kimi, bu dəfə də ermənilər atəşkəsi pozaraq, hücuma keçir. Qüdrətli Ordumuzun əks hücumları ilə düşməni geri çəkilməyə məcbur edilir.

(Ardı var)