Ürəklərdə yaşayan döyüşçü ömrü

300

Şəhid Ayxanın həyat hekayəsi…

“Mən şəhid olan heç bir Azərbaycan əsgərindən artıq deyiləm! Əgər qismətimdə belə şərəfli ölüm varsa, mən də şəhid olacağam! Bu məqama çatmaq, mənə çox böyük bir xoşbəxtlik olardı”. Bu sözlərin müəllifi şəhidimiz Heydərli Ayxan İlham oğludur. Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin fəxri, igidliyi ilə tarix yazan Heydərli Ayxan haqqında yazmaq mənim üçün sözün hər mənasında çox çətindir. O, həm xalqımızın qəhrəman şəhid övladı, həm eloğlum, həm də mənə ən yaxın qohum olan bir şəxsdir. Bütün bunların fonunda həmin insanın keçdiyi həyat yolu barəsində nə isə yazıb, geniş oxucu kütləsinə təqdim etmək çox məsuliyyətli bir işdir.

İllərin təcrübəsi və çəkdiyi zəhmətin nəticəsi olaraq, Ayxan bu qanlı döyüşlərdə də xüsusi xidmətləri ilə fərqlənib və bir çox uğurları ilə yadda qalıb. O, həm mahir kəşfiyyatçı, həm də, çevik sanitar-həkim kimi xidmətini ləyaqətlə yerinə yetirirdi. Həmin qızğın döyüşlər zamanı o, 20 nəfərə yaxın hərbçini ölümün pəncəsindən alaraq, həyatını xilas etmişdir. Füzuli rayonu və ətraf kəndləri istiqamətində gedən qızğın göyüşlərə Ayxan bütün gücünü səfərbər etmiş, mənfur düşmənlərə sarsıdıcı zərbələr vurmuşdur. Onun da, düşmənin illərlə yaratmış olduğu, çox çətin keçilən  5 istehkamın darmadağın edilməsində yaxından iştirakı olmuşdur. Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, erməni quldurlarının yerləşdiyi 6-cı istehkamın azad edilməsi uğrunda Ordumuzun apardığı mübarizədə Ayxan düşmən tərəfindən atılan qumbaraatan mərmisinin yanında partlaması nəticəsində başından və gözündən qəlpə yarası alaraq, 06 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid our.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, Ayxan ölümündən sonra, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidimizin atası İlham Umudovun xatirələri: Ayxan hələ uşaq vaxtından hərb sahəsinə çox meylli olub. Həmişə qohum uşaqlarını başına yığar, onlara hərbi-vətənpərvərlik ruhunda şeirlər əzbərlədər və mahnılar oxudardı. Sonuncu dəfə evimizə gələndə, məndən onunla birgə ailəmizin payına düşən çöl torpaq sahəsinə getməyimi xahiş etdi. Etiraz etmədim və onunla birgə əkin sahəmizə getdim. Bir az gəzdikdən sonra, yerimizin başındakı təpəlikdə dayandı və mənə dedi: “Ata, durduğumuz bu yerə bayrağımızı sancarsan!” Nə baş verdiyini anlamadım və düşünmədən ona öz etirazımı bildirdim. Mənim, buna razılıq vermədiyimi biləndə isə, o, təkrar dedi: “Ata, eybi yox, çox keçməz, mən özüm bu yerdə bayrağımızı sancaram! Qoy, bu bayraq mənim olmadığım zamanlarda burada daim dalğalansın!”. Mənə dediklərinə görə onu həmin gün çox danladım. Bu gün isə, onun söylədiyi sözlər hələ də fikrimdən çıxmır və məni rahat buraxmır. Ayxanla son danışığımız oktyabr ayının 5-i, günorta saatlarında olub. Hər şeyin yaxşı olduğunu, heç nədən narahat olmamağımızı bildirdi. Amma mən orada qızğın döyüşlərin getdiyini bilirdim. Elə həmin gün, bizimlə əlaqə saxlayandan bir az sona, döyüş meydanında, düşmənlə 40 metrlik məsafədə döyüş-döyüşə, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib! Yaxınlarda bir neçə döyüş yoldaşı bizdə qonaq oldu. Haqqında çox danışdılar, xatirələrini bizimlə bölüşdülər. Sonda onu da bildirdilər ki, Ayxanın şəhid olduğu yerdə onun şərəfinə xatirə bulağı inşa edəcəklər.

Bir dəfə oğlum Heydəri evdən xidmət etdiyi hərbi hissəyə apararkən, yolda erməni faşistləri içində olduğumuz avtomobili 2 dəfə qumbaraatanlardan atəşə tutdu. Xoşbəxtlikdən ciddi xəsarət alanımız olmadı. Nəhayət, getdiyimiz yerə sağ-salamat çatdıq və xidmət edən hərbi qulluqçularla görüşüb, xeyli söhbət etdik. Geri qayıdanda isə, Ayxanın şəhid olduğu yeri, bizim üçün müqəddəs olan o torpağı ziyarət etdik və ruhuna dualar oxuduq…

Şəhidimizin anası Naibə Umudovanın xatirələri: Ayxan, həmişə birinciliyə, liderliyə can atırdı. Uşaqlıqdan sözgötürən deyildi. Elə bu səbəbdən də, dəqiqliyi, təmizliyi və düzgünlüyü sevirdi. O, öz işinin vurğunu idi. Hər dəfə evə gələndə darıxar, həmişə xidməti yerinə, komandiri olduğu posta qayıtmağa can atardı. Hamı onu qorxmaz hərbçi, vətənpərvər bir vətəndaş kimi tanıyırdı. Qaynar təbiətli insan olduğu üçün, dostları, ünsiyyətdə olduğu tanışları çox idi. Onlar, bu gün də bizimlə əlaqə saxlayır, ailəmizlə maraqlanırlar. Sonuncu dəfə Ayxanı evdən xidməti iş yerinə yola salanda, sakitcə üzümə xeyli baxdı və mən bunun səbəbini soruşanda, o, mənə: “Ana, narahat olma, hər şey yaxşıdır! Qələbə bizim olacaq!” sözlərini dedi. Axırıncı gəlişində, ailəmizin hələ xoşbəxt yaşadığı o günlərdə Ayxan mənə təzə paltar da alıb gətirmişdi. Deyirdi ki, darıxma, Qələbəmizdən sonra sənə ürəyi nə istəsə, hamısını alıb gətirəcəyəm…

Şəhidimizin qardaşı Heydər Heydərlinin xatirələri: Uşaqlıq illərindən bu günə kimi, Ayxanla bağlı xoş xatirələrim olduqca çoxdur. O, mənə həm qardaş, həm də, ən yaxın dost idi. Yaşca məndən kiçik olmasına baxmayaraq, həmişə ondan məsləhət alırdım. O, sərbəst düşüncəyə və zəngin dünyagörüşünə sahib olan ağıllı bir insan idi. İkimiz də eyni yolu seçmişdik, hərbçi olmaq arzumuzun arxasınca getmişdik. Bir gün Ayxanla söhbət edən zaman mənə dedi: “Heydər, ya mən Qarabağı azad edib ən yüksək zirvədə bayrağımızı dalğalandıracağam, ya da, şəhidlik zirvəsinə ucalacağam! Özümü  bu iki yolun birində görürəm! Bu işdə geriyə dönüş yoxdur!”. Sonuncu dəfə qardaşımla telefonda danışdıq və mən ona yaxşı olduğumu bildirdim və özünü qorumağı tapşırdım. Daha sonra, fürsət tapan kimi evimizə, eləcə də, mənə zəng etməsini xahiş etdim və sağollaşdıq. Onun qismətində şəhid olmaq kimi şərəfli tale yaşamaq  da var imiş. Şəhid olandan bir müddət sonra, Ayxanı yuxuda gördüm. O, gülərək mənə: “Qardaş, mən ölməmişəm, sağam! Mənə görə narahat olmayın!” dedi və məndən uzaqlaşdı…

Şəhidimizin bacısı Aysən xanımın xatirələri: Ayxan bizim həm qardaşımız, həm də, ən yaxın dostumuz idi. Hər işimizlə maraqlanar, bütün çətinliklərimizdə həmişə yanımızda olardı. Mülayim xasiyyətli, çox etibarlı bir qardaş idi. Natiqlik qabiliyyəti, şirin münasibəti və xoş ünsiyyəti sayəsində, hər kəsin sevimlisinə çevrilmişdi. O, hərb həyatından çox danışmağı sevməzdi. Vətən Müharibəsinin gedişi zamanı onunla əlaqə saxlayanda yuxusuz olduğunu soruşanda, hər dəfə mənə: “Bacı, belə günlərdə biz əsgərlərə yuxusuzluq da xoşdur!” deyərdi. Bir gün məndən soruşdu: “Bacı, heç sən yuxuda ölmüsən?” Məndən “yox” cavabı aldıqdan sonra isə, o, təkrar: “Amma mən ölmüşəm!” dedi. Həmin vaxt onun, postda istirahət saatları imiş. Sonra durub xidmət edən əsgərlərə baş çəkmiş və zəruri tapşırıqlarını verib. Həyatımın ən qəribə yuxusu isə, Ayxanın şəhid olduğu gecə olub. Yuxuda mənə: “Bacı, quru döşəmənin üstündə yatmışam, çox üşüyürəm, mənə yorğan ver! ” dedi. Mən də öz növbəmdə qardaşımın yuxuda istədiklərini ona verdim. Daha sonra isə, digər qardaşım Heydərlə Ayxanı helikopterlə göydə uçan formada gördüm. Heydəri pilot kimi, Ayxanı isə, bizə əl sallayan şəkildə gördüm. İndi, bu yuxunun nələrdən xəbər verdiyini anlayıram. Ayxan axırıncı mesajıma cavab yazmadı. Sonradan, onun Füzuli istiqamətində döyüşdə olduğunu bildim…

Şəhidimizin bacısı Günel xanımın xatirələri: Bütün yaxşı sözlərin hamısını Ayxan haqqında söyləmək olar. O, mükəmməl ürəyə sahib, ən yaxşı qardaş idi. Hər dəfə mən ona: “Qardaş, özün üçün də şərait qur, özün haqqında da fikirləş!” deyəndə, o, mənə: “Bacı, siz yaxşı olun, bu mənə yetər!” cavabını verərək mövzudan yayınardı. Bir gün Ayxanı yuxumda gördüm. Ondan vəziyyətini soruşdum. O: “Mən yaxşıyam. Anam üçün narahatam, ona yaxşı baxın!” dedi. Ən maraqlısı da o idi ki, anam həmin gün çox narahat idi, xəstələnmişdi. Ayxan, elə bil şəhid olacağını hiss edirmiş. Telefonunu və təhlükəsizlik kodunu əmisi oğlu Telmana verib ki, mənə bir şey olsa, yaddaşda çox məlumatlar var, özünüz açıb baxarsınız. Ayxan, həm də, çox zarafatcıl bir insan idi. Bir dəfə qarmon müəllimi olan Akif əmim bizdə olanda, ondan: “Ayxan, niyə qarmon sənətinin arxasınca getmədin? ” deyə soruşdu. Ayxan isə, əhvalını pozmadan: “Əmi, sən, mənə hərbidən, silah-sursatdan, bizi gözləyən Qələbədən danış! Qarmon hələ gözləsə də olar!” deyə cavab vermişdi…

Şəhidimizin hərbi-hazırlıq müəllimi Aydın Cəfərovun xatirələri: Ayxan həmyaşıdlarından həmişə yaxşı mənada fərqlənərdi. Məktəbdə, sinifdə hərbi-vətənpərvərlik ruhunda istənilən mövzuda aktivliyi ilə digər şagirdlərə nümunə olacaq fəallıq göstərərdi. “Şahin” hərbiidman oyunları zamanı Ayxan da komandamızın tərkibində məktəbimizi uğurla təmsil edərdi. Onun davranışlarından hərb sahəsinə olan marağını hiss edirdim. Silahlarla rəftarı, verilən tapşırıqları vaxtında və nöqsansız icra etməsi mənim onun haqqında bu qənaətə gəlməyimə əsas verir. Onunla həmişə olduğu kimi, bu gün də fəxr edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin!…

Şəhidimizin komandiri olmuş şəxsin xatirələri: Ayxana həmişə bunlardan hansını daha çox sevirsən sualını verəndə, o, mənə: “Öncə Vətən, sonra anam və atam!” deyə cavab verərdi. “Hətta, o, bir dəfə qəza da keçirmişdi. Həkimlər onu orada müalicə etdi. İstirahət üçün məzuniyyət də yazdıq, lakin Ayxan razılaşmadı və xidmətinə davam edəcəyini bildirdi. Ayxanın balacaboy olmasına baxmayaraq, çox cəld, aktiv bir hərbçi kimi ermənilərə qənim kəsilmişdi! Ayxan, şir kimi ürəkli idi!  O, əsl qəhrəmandır!” sözlərini dedi və göz yaşlarına hakim ola bilmədi…

Qan yaddaşımıza vətən, torpaq uğrunda yaşamağa və ölməyə hazır olmağı bacaran mərd vətən övladı – Ayxanın da adı həkk olundu! Unudulmaz oldu, əbədiləşdi, şəhid Ayxan!  Bəli, tarix heç zaman unudulmur, tarix yazılır. Tarixi yazan isə Ayxan  kimi Vətənin namuslu, igid və qəhrəman oğullarıdır!

Şəhidimiz Ayxanın dəfn günü yaxşı yadımdadır, mən də orada idim. Minlərlə vətənpərvər insanın müşayiəti ilə torpağa tapşırıldı nur üzlü şəhidimiz. Ürəyi Vətənimiz Azərbaycanla bir vuran insanların hamısı bu mərasimdə iştirak edirdi! Həmin gün həyatda gördüyüm ən ülvi, ən müqəddəs bir məhəbbətin şahidi oldum! Körpəlikdən oğlu ilə birgə yatmağa vərdiş etmiş bir atanın övladına olan sönməyən, qan donduran sevgisini gördüm! Heç, siz qəbirdə oğlunu  qucaqlayaraq onu son mənzilə yola salan, üstünün onunla bərabər torpaqla örtülməsini israrla tələb edən ATA görmüşdünüzmü? Mən bunu gördüm və göz yaşları içində gördüklərimi ömürlük yaddaşıma yazdım!…

Başını dik tut şəhid atası, Sən məğrur, mətin dayan! Ayxan kimi oğul atası olmaq fəxrdir! Vətənimiz üçün belə qorxmaz bir övlad bağışlamağın özü belə, qəhrəmanlıqdır! Sən rahat ol ki, Allah, özünün ən sevimli bəndəsini-Ayxanı ən yüksək ad ilə, Şəhid adı ilə mükafatlandırdı!

Ağlama, şəhid anası! Ayxan Vətən uğrunda şəhid oldu! Öz adını tariximizin daş salnaməsinə qızıl hərflərlə yazaraq, əbədiyyətə qovuşdu! Ayxan Səni qeyrətli Vətən oğullarının anası kimi müqəddəs bir ad ilə  mükafatlandırdı! İndi, təkcə Ayxan deyil, bütün Azərbaycan iğidləri Sənin oğlundur! Oğul nisgili ilə yaşayan əziz anam, Ayxan kimi mərd oğul dünyaya gətirən ana, heç zaman ağlamaz! Ağlama, şəhid anası, sil gözünün yaşını, ağlama!… Ayxan, Şəhid Anası kimi qürurverici, müqəddəs bir ad da hədiyyə etdi Sənə!

Sabit MEHDİYEV,

“Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri