Unitar Turan dövlətinə doğru…

378

Və yaxud bu gün Turan dövlətinin yaradılmasının qarşısında hansı maneələr var?

Bu gün türk dünyasının ən böyük və güclü dövləti Türkiyənin Turan dövlətinin yaradılmasında önəmli rol oynamasının zəruri olduğu hamıya bəllidir. Lakin indi mövcud olan müstəqil türk dövlətləri, o cümlədən Türkiyə bu məsələnin həlli qarşısında olan obyektiv və subyektiv amillərdən asılı olan maneələri aradan qaldıra biləcəkmi?

(Əvvəli ötən saylarımızda)

Bəşər cəmiyyəti inkişaf etdikcə, onlardan bir hissəsi insanların yeni tələbatlarına, həyat tərzinə, insanların növbəti inkişaf pilləsindəki şüur səviyyəsinə uyğun olmadığından, aradan çıxmış, bəziləri isə əvvəlki düşüncə, fəlsəfi sistemlərə yeni çalarlar əlavə edilməklə, yeni məzmun alaraq, müxtəlif insan qrupları, millətlər arasında təqlidçilik, maddi-mənəvi maraqlar, eləcə də zor əsasında genişlənərək, müxtəlif dini sistemlər şəklində formalaşmışdır. Cəmiyyətin müəyyən inkişaf dövründə, əsasən də dövlət mexanizmi meydana gəldikdən sonra isə şəxsi, milli, dövlət maraqlarını reallaşdırmaq, başqa xalqları əsarət altına almaq, onları idarə etmək üçün ideoloji, siyasi vasitəyə, silaha çevrilmişdir. Yəni dinin təşkilati mövcudluğu insanın şəxsi əqidəsinin mövcudluğunun, vicdan azadlığının təmin edilməsinin zəruriliyindən deyil, dinin başqaları üzərində mənəvi, hüquqi, iqtisadi, psixoloji və s. hökmranlığının təmin edilməsi üçün ideoloji, siyasi vasitə kimi istifadə edilməsi zərurətindən irəli gəlir. Çox təəssüf ki, bu gün də bütün dinlər onu bu məqsədlə istifadə edənlərin əlində xalqlar, millətlər, hətta dövlətlər arasında düşmənçilik yaratmaq vasitəsi kimi çox aktiv olaraq istifadə edilir. Bunun mahiyyətini anlamaq üçün təkcə tarixdə xristianlar tərəfindən başqa millətləri əsarət altına almaq məqsədilə təşkil etdikləri xaç yüyürüşləri, ərəblərin islam dinini qəbul etdirmək adı ilə başqa millətlərin üzərinə təşkil etdikləri qanlı işğalçı müharibələri xatırlamaqla bərabər, ermənilərin bir sıra xristian ölkələrin xristian həmrəyliyi adı altında köməyi ilə Azərbaycana qarşı 30 ildən artıq davam edən işğalçılıq müharibəsi, eləcə də İranın fars şovinizminin “şiəliyi” müdafiə şüarı ilə başqa millətlərə qarşı silahlı təcavüzünə baxmaq yetərlidir.

Hər bir dövlətin daxilində dinin təşkilati mövcudluğunu reallığa çevirən iki əsas səbəb var. Bunlardan biri cəmiyyətin iqtisadi-ictimai quruluşundakı naqisliklərdən yaranan ziddiyyətləri cəmiyyətin aparıcı qüvvələrinin mənafeinə uyğun olaraq kütləni tabe və müti vəziyyətdə saxlamaq üçün dinin təşkilati mövcudluğunun zəruri amillərdən biri olması, digəri – bunu mümkün edən isə, cəmiyyət üzvlərinin mütləq çoxluğunun ictimai və elmi şüurunun aşağı səviyyədə olmasıdır.

Cəmiyyətdə bütün insanların hamısının elmi-fəlsəfi şüur səviyyəsi heç bir zaman eyni səviyyədə ola bilməz və bu təbii, obyektiv reallıqdır. Məhz bu təbii, obyektiv reallıq cəmiyyətdə hər bir şəxsin dini etiqad, yəni vicdan, fikir, söz azadlığı hüququnun təmin edilməsini zəruri edir ki, bu da öz növbəsində bütün dinlərin cəmiyyətdə mövcudluğu hüququnun təmin edilməsini labüd edir. Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada vətəndaşların etnik tərkibi ancaq bir millətin nümayəndələrindən və eyni zamanda bir dinə etiqad edən vətəndaşlardan ibarət olsun.

Buna görə də cəmiyyətdə hər hansı bir dini əsaslar üzərində qurulmuş dövlət bütün vətəndaşların vicdan azadlığı hüququnu eyni səviyyədə qoruya bilməz. Bundan başqa, onun iqtisadi-ictimai sistemi cəmiyyətin inkişafının bu günkü tələblərinə cavab verə bilməməsilə yanaşı, cəmiyytəin gələcək inkişafını da təmin edə bilməz. İran və Səudiyyə Ərəbistanı kimi dini əsaslarda qurulmuş dövlətlərdə vətəndaşlar iqtisadi, hüquqi, ideoloji əsaslarla islam dini, onun müxtəlif cərəyanları çərçivəsində məhdudlaşdırılır. Bu tipli ölkələrdə vətəndaşların nə vicdan azadlığının, nə də ümumbəşəri, dünyəvi insan hüquqlarının təmin edilə bilməsindən söhbət belə gedə bilməz. Belə ki, belə ölkələrin qanunları, ümumilikdə hüquq sistemi hər hansı bir dinin konkret cərəyanının doqmalarının çərçivəsində müəyyən edilərək, başqa dinlərin daşıyıcılarının və dünyəvi dəyərlərinin tələblərini ödəmək qabiliyyətinə malik ola bilməz. Bu gün dünyada əhalisinin əsas hissəsi xristian və ya müsəlman olan ölkələrdə dövlət sistemi dünyəvi əsaslarda qurularaq, vətəndaşların vicdan azadlığı hüququ dövlətin anayasası və qanunlarında təsbit olunsa da, bu hüququn icra prosesinin idarə edilməsi əsas hissəsi dini təşkilatlar vasitəsilə həyata keçirilir. Yəni cəmiyyətdə müxtəlif dinlərin mövcudluğundan irəli gələn bu prosesləri dövlət bilavasitə qanun vasitəsilə deyil, təşkilatlanmış dini qurumlar vasitəsilə həyata keçirilir. Məhz bu amil cəmiyyətdə dinin siyasi, ideoloji vasitəyə, silaha çevirmiş olur.

Dinlərin cəmiyyətdə təşkilatlanmış formada idarə edilməsi ən çox iqtisadi-ictimai sistemlərində əsaslı, çoxsaylı naqisliklər olan dövlətlərdə yaranan müxtəlif narazılıqları dini təşkilatlar vasitəsilə nizamlanması asan olduğundan, hakimiyyət bu idarəetmə üsuluna üstünlük verirlər. Məsələn, yüz il öncə Rusiyada (SSRİ) bolşeviklərin Leninin nəzəriyyəsi və başçılığı ilə yaratdıqları Dövlət quldarlığı iqtisadi-ictimai quruluşunda bu quruluşun mahiyyət və xarakterinə uyğun din də yaradılmışdı. Bu din partiyanı “Allah”, Lenini onun “Peyğəmbəri”, partiyanın baş katibi “İmamı”, guya gələcək nəsillər üçün quracaqları “kommunizm” quruluşunu isə din xadimlərinin insanlara vəd etdiyi “cənnət” anlayışıyla bir məzmunda izah etməklə və həm də Marksın elmi sosializm nəzəriyyəsinin əsas elementlərini Leninin dövlət quldarlığı və dövlət feodalizmi olan “Hərbi kommunizm” və “НЭП” (Yeni iqtisadi siyasət) nəzəriyyələrinin elementləri ilə əvəz etməklə, Marksizm nəzəriyyəsini saxtalaşdıraraq, “Marksizm-Leninizm” adı altında materializm örtüklü yeni idealist bir din yaratmış oldular. Bolşeviklər özlərinin yaratdığı bu mürtəce idealist dinin maneəsiz, total şəkildə yayılması üçün cəmiyyətdə bütün başqa dinlərin nəinki təşkilati, eləcə də fərdi mövcudluğuna çox ciddi hüquqi, inzibati qadağalar qoydular.

Bolşeviklərin “Marksizm-Leninizm” adı altında, əslində isə Marksizmlə daban-dabana zidd olan Leninizm dininin Marksizmə heç bir dəxli olmadığını çox qısa şəkildə iki faktla sübut etmək mümkündür. Marksın məşhur “Din xalq üçün tiryəkdir” ifadəsi Marksın dinin mahiyyətinə olan münasibəti tamamilə konkret, aydın və birmənalı ifadə edir. Bu cümlədən sonra Marksizmə hətta bələd olmayanlar belə, hansısa mövcud olan və ya ondan sonra yaradılan dinin Marksizmlə əlaqəli olduğunu düşünməsi ancaq sadəlövhlük ola bilər. Bolşeviklər də nəinki sadəlövh kütlələrin, eləcə də müxtəlif sahələrdə elmi biliyə malik olub Marksizmin mahiyyətinə anlaya bilməyənləri Leninin yeni yaratdığı dinə Leninlə birgə Marksın da şərik olduğuna inandıra bilmişlər. Bunu Stalinin bir ifadəsindən də aydın görmək olur. Stalin yazır; – “Marksizm – bu sinfi dindir. Marksizmlə əlaqəli olmaq istəyirsənsə eyni zamanda kütlə ilə, siniflərlə əlaqəli ol… Biz Leninçiyik. Biz özümüz üçün nə yazırıqsa – bu xalq üçün mütləqdir. Bu onun üçün (xalq üçün – müəllif) inam simvoludur”. Stalin burada hər bir ictimai-iqtisdai elmin cəmiyyətlə əlaqəsi olduğu kimi, Marksizmin də kütlə ilə, siniflərlə əlaqəsi olduğunu şüar kimi elan etdikdən sonra bolşeviklərin yaratdığı dinin müəllifiin kim olduğunu; – “Biz Leninçiyik. Biz özümüz üçün nə yazırıqsa xalq üçün mütləqdir… inam simvoludur” sözləri bu günə qədər mövcud olan bütün dinlərlə Leninin yaratdığı dinin həm mahiyyətinin, həm də kütlələrə zor vasitəsilə qəbul etdirilməsi baxımından eyni olduğunu aydın şəkildə sübut edir. Vaxtilə avropalıların xaç yürüşü, ərəblərin “islam” yüyürüşü, leninçilərin “kommunizm” yüyürüşü dövründə saysız hesabsız tökülən qanlar, bəşəriyyətə qarşı edilən cinayətlər bu dinlərin eyni mahiyyətini sübut edir.

Lakin bir müddət sonra iqtisadi-ictimai, o cümlədən ideoloji sistemin mütləq səviyyədə mərkəzləşdirilmiş belə bir cəmiyyətdə vicdan azadlığının, yəni müxtəlif dinlərin cəmiyyətdə mövcudluğunun real obyektivlik olması və bundan öz məqsədləri üçün istifadə etməyin mümkün olduğunu dərk etməsi bolşevikləri bir neçə əsas dinlərin müxtəlif vasitələrlə məhdudlaşdırılan, həm də onların idarəetmə və nəzarətin həyata keçirilməsini asanlaşdıran fərdi və təşkilati mövcudluğuna icazə verməyə sövq etdi. Onların dinin təşkilati mövcudluğuna icazə verməsi heç də bolşeviklərin vətəndaşların fərdi vicdan azadlığını tanımasından irəli gəlmirdi. Çünki vətəndaşların fərdi vicdan azadlığının həyata keçirilməsinin bütün incəliklərinin nizamlanması dövlətin qanunvericiliyində əks olunduğu halda, dinin təşkilati mövcudluğuna heç bir ehtiyac qalmır. Dinin təşkilati mövcudluğuna icazə verilməsi din amilindən dövlətin həm daxili, həm də xarici siyasətində siyasi və ideoloji vasitə, silah kimi istifadə etmək imkanını yaratması səbəbindən irəli gəlir.

Bu barədə Fransa imperatoru Napoleon Bonapart özünün “Generalın gündəliyi”ndə dinin mahiyyətini qiymətləndirməsini belə ifadə edir; “İisus öldükdən sonra Romada olan siyasi qruplaşma dinin xalqı idarə etmək üçün bir vasitə olduğunu gördü. Beləliklə onlar İisusu allah dərəcəsində diriltdilər və o allahın özünün bir hissəsinə çevrildi”. Bu fikri Əziz Nesin də özünəməxsus şəkildə ifadə etmişdir; “Dünyadakı ən karlı ticarət, din ticarətidir. Sərmayəsi yalan, müştərisi cahildir”.

Turan dövlətinin Konfederasiya, Federasiya və ya vahid, unitar dövlət formasında yaradılmasından asılı olmayaraq dinin ancaq fərdi mövcudluğunun, yəni hər bir vətəndaşın fərdi vicdan azadlığının təmin edilməsi olaraq ayrı-ayrı dini qurumlar vasitəsilə deyil, birbaşa qanunlarla qorunması cəmiyyətdə mövcud olan müxtəlif din daşıyıcıları arasında məqsədli şəkildə nifaq salmaq, dindən siyasi, ideoloji zor tətbiqi vasitəsi kimi istifadə edilməsi imkanını qapatmış olar. Bununla da Turan daxilində nəinki müxtəlif dinlərin daşıyıcıları olan türklər arasında, hətta digər millətlərdən olub müxtəlif din daşıyıcıları olan insanlarla türklər arasında dini zəmində hər hansı bir nifaq salınması ehtimalı sıfıra endirilmiş olar. Bu, Turan dövləti quruculuğunun qarşısında mövcud olan ən mühüm maneələrdən biri olan din məsələsinin ən optimal, səmərəli həlli yoludur. Dövlət sisteminin bütün fəaliyyəti isə elmi əsaslar üzərində qurulmalıdır.

 

Şapur Qasimi