Ukraynalı deputat Rusiyanın adının dəyişdirilməsini təklif etdi, Dövlət Dumasında mərəkə qopdu

75

Ukrayna deputatı, hakim “Xalqın xidmətçisi” partiyasının üzvü Nikita Poturayev bundan sonra Rusiyanın rəsmi sənədlərdə “Moskoviya” adlandırılmasını təklif edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, deputat bu fikrini “Ukrayna24” kanalında “Hard s Vlaşşenko” proqramında paylaşıb. Onun sözlərinə görə, hər bir ölkə başqa dövlətləri istədiyi kimi adlandıra bilir.

“Biz də Rusiyanı Moskoviya kimi göstərə bilərik. Bizə kim mane olur? Onsuz da bu ölkə uzun müddət ya “Moskoviya”, ya da “Tatariya” deyə tanınıb. Gəlin onlara tarixlərini xatırlamağa kömək edək”,-deyə proqramda bu cümlə səslənib.

Nikita Poturayev bununla bağlı bir çox nümunələrin olduğunu da deyib.

“Məsələn, fransızlar Almaniyanı ruslardan fərqli olaraq (Germaniya-red.) “Allemany” adlandırır, biz ukraynalılar isə onu “Nimeççina” olaraq bilirik. Dünya dağılmır ki”,-deyə deputat öz fikrində israr edib.

N.Poturayev Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsinin onu alçaltmadığını deyib.

“Bu ölkə ancaq I Pyotrun vaxtında “Rusiya imperiyası” adlanmağa başlayıb. Buna qədər isə o, sədəcə Moskva çarlığı olub”,-deyə ukraynalı deputat söyləyib.

Rusiya parlamentinin deputatları ukraynalı həmkarının təklifinə sərt təpki göstəriblər.

Dövlət Dumasının vitse-spikeri İqor Lebedev hətta N.Poturayevə həqarət dolu ifadələrlə öz ölkəsinin problemləri ilə məşğul olmağa çağırıb.

“Heç kim Ali Radanın deputatına başqa ölkəni yenidən adlandırmaq hüququ vermir. Bu adam getsin özünün “Xoxlandiyası”nı (rusların ukraynalıları həqarətlə təsvir etdiyi “xoxol” sözündən götürülüb-red.) necə istəyir, adlandırsın”,-deyə İqor Lebedev məsələyə bu cür reaksiya verib.

Rusiya Dövlət Dumasının işğal olunmuş Krım ərazisindən “seçilən” “deputatı”, kollaborasionist siyasətçi Ruslan Balbek isə N.Poturayevi əxlaqsız adlandırıb.