“Ukrayna qarmağa keçmiş balıq kimi çabalayır” – ZƏRDÜŞT ƏLİZADƏ

    27

    “Rusiya öz qonşuları ilə nə qədər çox düşmən olsa, Qərbə bir o qədər xeyirdir”

    “Poroşenko nümayiş etdirmək istədi ki, mən Rusiyanın qarmağından çıxmaq üçün nə isə etmək istəyirəm və Rusiya da o cəhdin qarşısını aldı, gəmiləri həbs etdi, dedi ki, sən qarmaqdan çıxa bilməyəcəksən”

    Noyabrın 25-də Azov dənizinin Kerc boğazı yaxınlığında 3 Ukrayna hərbi gəmisinin Rusiya tərəfindən ələ keçirilməsi və 6 matrosun yaralanması ilə nəticələnən insident Rusiya-Ukrayna arasındakı gərignliyi daha artırdı. Hətta Ukrayna prezidenti Pyotr Poroşenko bəyanat verdi ki, Ukrayna Rusiya ilə tam miqyaslı müharibə təhlükəsi qarşısındadır və ona görə ölkədə hərbi vəziyyətin elan edilməsi zəruridir. Artıq Kerç boğazında Rusiya Dəniz Qüvvələri ilə toqquşmadan sonra Ukrayna prezidenti Pyotr Poroşenko hərbi vəziyyət elan eləmək qərarını verib.

    Belə ki, Ukraynanın “Uryadovıy kuyer” adlanan rəsmi dövlət qəzetində ölkənin on regionunda hərbi vəziyyətin tətbiq edilməsi barəsində qanun dərc olunub. Bununla da qanun rəsmən qüvvəyə minib. Hərbi vəziyyət şəraitində Ukrayna prezidenti tərəfindən səfərbərlik elan edilir. Hərbi vəziyyət 30 günlük müddətdə, Vinnitsk, Luqansk, Nikolayevs, Sumsk, Odessa, Xarkov, Çerniqovsk, Donetsk, Zaporojets və Herson vilayətlərində, həmçinin, Azov-Kerç akvatoriyasının daxili sularında hökm sürəcək. Həmçinin Ukrayna prezidenti Poroşenko Kerç boğazındakı gərginlikdən sonra NATO-nu ölkəsini dəstəkləmək üçün Qara dənizə hərbi gəmilər göndərməyə çağırıb. O, bu müraciəti NBC televiziyasına müsahibəsində edib.

    Ukrayna prezidentinin sözlərinə görə, insident baş verən gecə təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə telefon danışmaq üçün sifariş versə də, amma cavab almayıb. O, bundan sonra Almaniya kansleri Angela Merkelə zəng vurub.

    Картинки по запросу POROŞENKO HƏRBİ

    Almaniya Kansleri Angela Merkellə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynada hərbi vəziyyətin elan olunmasından narahatdırlar. Hətta məlumata görə, Putin Merkeldən xahiş edib ki, Berlin Kiyevə təsir edərək, Ukraynanı gələcəkdə düşünülməmiş addımlar atmaqdan çəkindirsin. Rusiya prezidenti Ukraynanın belə qərarlarının qarşısını almaq üçün Almaniyanın rəsmi Kiyevə təsir göstərəcəyinə ümid etdiyini bildirib.

    Putin onu da vurğulayıb ki, Ukraynanın bu təxribatı ölkədəki prezident seçkiləri kampaniyası ilə əlaqəlidir: “Bir də qarşıdurmaya səbəb olacaq bu tip hadisə yaradılsa, onun nəticələri tamamilə Ukrayna rəhbərliyinin üzərinə düşəcək”.

    Putinin Merkellə telefon danığından görünür ki, Rusiya Ukrayna ilə müharibə etmək istəmir. Çünki Putin Merkeldən xahiş edirsə ki, Berlin Kiyevə təsir edərək, Ukraynanı gələcəkdə düşünülməmiş addımlar atmaqdan çəkindirsin, deməli, hazırda Rusiyaya müharibə lazım deyil.

    “Rusiya Ukraynada istədiyinə nail olub”

    Ukrayna-Rusiya arasındakı gərgin durumu şərh edən politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, müharibə Rusiyaya əl vermir: “Çünki Rusiya Ukraynada istədiyinə nail olub. Birincisi, Donetsk, Luqansk məsələsi həll olub, onları qoparıb. İkincisi də Donetsk və Luqansk münasiqəsi vasitəsilə Ukraynanı nəzarətdə saxlayır. Ukrayna qarmağa keçmiş balıq kimi çabalayır. Sağa, sola çabalayır, bəzən sudan çıxır, təzədən dərinə gedir, amma qarmaqdadır və Rusiya bu qarmağı saxlayıb. Kerc boğazındakı hərbi gəmilərin göndərilməsi də bir çaba idi. Amma qarmağa keçmiş balığın çabalamasıdır. Qarmaq tilova bağlanıb, tilov da Putinin əlindədir, onun nəyinə lazımdır müharibə aparsın. O, soyuqanlı baxır ki, bu, necə çabalayır. Ona görə deyir ki, çox atılmasın, çabalamasın. Çünki müharibə ona əl vermir, Kreml onsuz da Donetsk, Luqansk vasitəsilə Ukraynadakı vəziyyətə nəzarət edir. Necə ki, Rusiya əsla istəmir ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə olsun. Çünki Qarabağ qarmağı vasitəsilə Ermənistanı da, Azərbaycanı da nəzarətdə saxlayır. Eləcə də Abxaziya, Cənubi Osetiya qarmağı ilə Gürcüstanı, Dnestryanı münaqişə vasitəsilə isə Moldavanı nəzarətdə saxlayır. Çox gözəl bilir ki, qarmağından çıxa bilməyəcəklər”.

    “Rusiya müharibə istəmirsə, Kerc boğazındakı insident niyə baş verdi” sualına Z. Əlizadə belə cavab verdi: “Poroşenko nümayiş etdirmək istədi ki, mən Rusiyanın qarmağından çıxmaq üçün nə isə etmək istəyirəm və Rusiya da o cəhdin qarşısını aldı, gəmiləri həbs etdi, dedi ki, sən qarmaqdan çıxa bilməyəcəksən”.

    “Rusiya ərazi münaqişələri qarmağı vasitəsilə Moldavanı, Gürcüstanı, Azərbaycanı, Ermənistanı tam nəzarətdə saxlayır”

    “Rusiya Qərbin təsiri nəticəsində geri çəkildi” sualını isə Əlizadə belə cavablandırdı: “Kim deyir Rusiya geri çəkilib? Rusiya geri çəkilməyib. O qarmağı əlində saxlayıb, Ukraynanı da ram edib. Heç bir geri çəkilmək yoxdur, geri çəkilsəydi, onda gərək, Donetskdən, Luqanskdan qoşunları, separatçıları çıxaraydı, geri çəkilməyib. Məgər Ermənsitan Dalıq Qarabağ məsələsində geri çəkilib? Yox. Paşinyan İlham Əliyevə deyir ki, gəl canlı rabitə yaradaq və atışma dayansın. İlham Əliyev razılıq verdi, atışmların sayı azaldı. Ermənistan geri çəkildi? Qarmaq Rusiyanın əlindədir. Qarabağ qarmağı vasitəsilə həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlayır. Rusiya geri çəkilməyib. O ərazi münaqişələri qarmağı vasitəsilə Moldavanı, Gürcüstanı, Azərbaycanı, Ermənistanı tam nəzarətdə saxlayır. Bu texnologiya işləyir. Rusiya diplomatiyası üçün uğurlu texnologiyadır və bu texnologiyadan bir addım sağa, sola çəkilmir. Əgər bu ölkələr nə isə etmək istəsələr, həmin o qarmağı bir az bərk dartır, onları incidir, onlar da yerlərində otururlar. Gördünüz, guya ki, Ermənistanda demokratik inqilab baş verdi, o saat qarmağı bir az dartdılar, Paşinyan getdi dedi qurban olum cəddinə, mən sənə tabeyəm. Azərbaycanda kim hərəkət etmək istəsə, o tilovu dartacaq, qurtardı. Həydər Əliyev onu ğözəl anlayırdı deyə Qarabağ məsələsini dondurdu, Rusiyanın nəzarəti altında saxladı, əlavə hələ 5 rayonu da verdi ki, sən mənim Bakıdakı hakimiyyətimə toxunma və neft, qaz alverinə başladılar. Sonra oğlu da Yeltsini Bakıya dəvət etdi, Putinlə dostlaşdı. Yəni Qarabağı biz anladıq, bu qarmaq bizim ağzımızdadır. İndi Poreoşenko razılaşsa, desə ki, Donetsk, Luqansk dondurulmuş münaqişədir, ora qoşun çəkmək lazım deyil, ona da heç əl vurmayacaqlar. Amma Ukrayna Rusiyadan asılı olmalıdır. Ukrayna istəyir ki, kapitallarını leqallaşdırmaq üçün Qərbə getsin. Rusiya da buna imkan verməyəcək. Qərb də çox maraqlıdır ki, Rusiya-Ukrayna arasındakı ziddiyyət kəskinləşsin, dərinləşsin. Ona görə, Poroşenko və digər siyasətçilərə dəstək verirlər. Bəli, Rusiya-Ukrayna düşmənçilik edir. Bu, Qərbə xeyirdir. Çünki Rusiya öz qonşuları ilə nə qədər çox düşmən olsa, Qərbə bir o qədər xeyirdir. Ona görə ki, Rusiya vaxtilə dünyada super güc olan SSRİ-ni yaratmışdı və bütün Qərb SSRİ-nin qarşısında tir-tir əsirdi. Sovet rəhbərliyinin fərsizliyi və satqınlığı ucbatından Sovet dağıldı və Qərb sevindi, qələbəsini möhkəmləndirdi. Ona görə, keçmiş Sovet respublikalarının müstəqilliyinə dəstək verdi və yeni bir super güc dövlətin yaranması ehtimalı sıfra endi. İndi də mehribanlıq, qarşılılı etimad, iqtisadi maraqların ortaqlığı əsasında yeni bir super dövlət yarana bilmir. Bir-birinə inamsızlıq, düşmənçilik, ədavət var. Belə bir şəraitdə super dövlət, yəni SSRİ-nin bərpası mümkün deyil və bu da Qərbə əl verir. Ona görə, bizi ermənilərlə, gürcüləri abxazlarla düşmən edirlər. Ruslarla ukraynalılar düşmən oldu. Bu, Qərbin siyasətdir və bu böyük dövlətlərə xeyirdir. Amerikanlar bunu edəndə Rusiyanı ittiham edir, Rusiya edəndə isə Amerika onları ittiham edir. Amma eyni şeyi edirlər”.

    “Gəmilərin göndərilməsi Poroşenkonun təxribatı idi”

    “Putin Merkellə telefon danışığında deyib ki, Ukraynanın bu təxribatı ölkədəki prezident seçkiləri kampaniyası ilə əlaqəlidir” fikrinə gəlincə, Əlizadə qeyd etdi: “Bəli, Putin 100% düz deyib. Ukrayna- Rusiya arasında müharibə olmayacaq, olsa da çox məhdud miqyaslı döyüşlər olacaq. Rusiya heç məhdud miqyaslı döyüşlərin də olmasını istəmir. Bəlkə də bu, Poroşenkoya əl verərdi. Çünki prezidenliyə namizədlər arasında reytinq cədvəlində 3-cü yerdədir. İstəyir ki, prezident qalsın, ona görə müxtəlif təxribatlara əl atır. Gəmilərin göndərilməsi Poroşenkonun təxribatı idi”.

    Şamo EMİN, Hurriyyet.org