UKRAYNA DA MDB-Nİ TƏRK EDƏRSƏ… – POLİTOLOQ RƏYLƏRİ

    9

    Elxan Şahinoğlu: "Kreml əsas məsələləri KTMT və Avrasiya İttifaqında, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında həll edir"

    İlqar Vəlizadə: "Avropa məkanında mövcudluğunu itirən MDB, belə davam edərsə sonda GUAM tipli bir təşkilata dönüşə bilər"

    "MDB-də iştirak ölkəmizə hər hansı mənfi təsir göstərmədiyindən Azərbaycan qurumdan çıxmağı lüzum bilmir"

    Ukrayna artıq rəsmi şəkildə Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmağı qərarlaşdırıb. Belə ki, prezident Petro Poroşenko Xarici İşlər Nazirliyinə Ukraynanın nümayəndələrini MDB koordinasiya qurumlarından geri çağırmaq üçün təkliflər hazırlamağı tapşırıb. Bundan bir qədər əvvəl isə Poroşenko Ukrayna hökumətinin MDB-nin təsis qurumlarından rəsmi çıxarılması proseduruna başlanmasını və Minskdə Ukraynanın nümayəndəliyinin bağlanmasına dair göstəriş verib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası isə öz növbəsində, Kiyevin təşkilatın fəaliyyətində iştirakının dayandırılmasına dair Poroşenkonun təşəbbüsünü dəstəkləyib.

    Məlumat üçün bildirək ki, Ukrayna MDB-nin təsisçilərindən biridir. Bu qurum ilkin dövrdə 3 dövlət – Rusiya, Ukrayna və Belarus tərəfindən qurulub. MDB-nin qurulması haqqında razılaşma 1991-ci il dekabrın 8-də imzalanıb. Daha sonralar Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan da təşkilata üzv olub.

    Budur, Petro Poroşenkonun Xarici İşlər Nazirliyinə verdiyi göstəriş onu deməyə əsas verir ki, artıq Kremlin işğalçı siyasəti ilə üzləşən daha bir ölkə MDB-dən birdəfəlik imtina etmək ərəfəsindədir. Belə ki, ilk dəfə Gürcüstan 2008-ci ilin avqustunda Rusiyanın torpaqlarının bir hissəsini – Abxaziya və Cənubi Osetiyanı zəbt etdikdən sonra etiraz əlaməti olaraq MDB-dən çıxıb. Rəsmi Kiyev isə 2014-cü ildə Rusiya Ukrayna torpaqlarını işğal etdikdən, Krımın qanunsuz olaraq ilhaqından sonra Müstəqil Dövlətlər Birliyinin tədbirlərini ya boykot edir, ya da toplantılarda aşağı ranqlı məmurlarla təmsil olunur. Bu ilin yanvar ayında isə Moldova Liberal Demokrat Partiyasının parlamentdəki deputatları da ölkənin MDB üzvlüyündən çıxması barədə təşəbbüslə çıxış edib. Qeyd edək ki, 1994-cü ildən MDB-nin tamhüquqlu üzvü olan Moldovada xeyli vaxtdır bu məsələ ətrafında müzakirələr gedir. Ancaq Moldovanın Dnestryanı bölgəsi uzun illərdir Rusiyaya bağlı silahlı separatçı qruplaşmanın nəzarətində olsa da, rəsmi Kişinyov bu vaxtadək bu yöndə olan müraciətlərə adekvat cavab verməyib. İndi isə Moldovada İqor Dodonun başçılıq etdiyi hökumətin birbaşa Rusiyanın nəzarətində olan bu bölgəni müstəqil subyekt kimi tanımaq cəhdləri cəmiyyətdə parçalanma yaradıb. Elə bu səbəbədən də İqor Dodonu bütün ciddi səlahiyyətlərdən məhrum edən parlament artıq onu yola salmağa hazırlaşmaqla yanaşı, Moldovanın MDB-dən çıxmasına da nail olmağa çalışır.

    Bu arada, Rusiya və postsovet məkanı üzrə ekspert Pol Qobl sözügedən mövzu ilə bağlı "Amerikanın səsi"nə müsahibəsində Ukraynanın artıq Rusiya üçün əbədi itirildiyini bildirib: "Vladimir Putin indiyədək tarixdə heç bir rus hökmdarının nail olmadığı şeyə nail oldu. O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti antirus etdi. Ola bilər ki, Rusiya hökuməti Krımı birdəfəlik tutsun, amma bunu etməklə Moskva Ukraynanı birdəfəlik itirib. Heç bir ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Vladimir Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Əminəm ki, Putin bu son hərəkətləri ilə elə proseslərə yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq".

    “Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir” - POLİTOLOQ

    Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, bu gün MDB faktiki olaraq amorf bir struktura çevrilib: "Artıq Müstəqil Dövlətlər Birliyində heç bir məsələ həll olunmur. Əgər bir qurumda işğala məruz qalan Azərbaycan və işğalçı Ermənistan yer alıbsa, o zaman həmin təşkilatdan real heç bir addım gözləyə bilmərik. Ukraynaya gəlincə, torpaqları işğal olunduqdan sonra o, faktiki olaraq MDB-nin tədbirlərində iştirak etmir. Belə ki, prezident Müstəqil Dövlətlər Birliyinin toplantılarına qatılmır. Odur ki, artıq simvolik iştirakın belə, Ukraynaya lazım olmadığı haqda qərar qəbul ediblər. Qeyd edim ki, artıq Baltik ölkələri də bu qurumda yoxdur. Ümumiyyətlə, MDB SSRİ demək deyil. Bu struktur çərçivəsində heç bir məsələni həll edə bilmirlər".

    Rusiyanın özünün belə, MDB-yə bir o qədər də ciddi fikir vermədiyini iddia edən politoloqun sözlərinə görə, Kreml əsas məsələləri Müstəqil Dövlətlər Birliyində deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqında, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında həll edir: "Ona görə də MDB artıq ciddi təşkilat kimi qəbul olunmur. Çünki Müstəqil Dövlətlər Birliyi bu gün faktiki olaraq parçalanmış şəkildə fəaliyyət göstərir. Hazırda keçmiş SSRİ-nin çox az dövləti bu strukturda var. Əslində, MDB-nin fəaliyyəti də göz qabağındadır. Elə bir uğurlu nailiyyəti yoxdur. Yəni nə iqtisadi, nə də siyasi inteqrasiya var. Heç hərbi əməkdaşlıq da mümkün deyil. Bir sözlə, MDB-də bir-biri ilə münasibətləri ziddiyyətdə olan dövlətlər yer aldığından onun uğur qazanması real deyil. O təşkilatlar uğur qazanır ki, orda fikir birliyi, siyasi, iqtisadi və hərbi əməkdaşlıq var. Müstəqil Dövlətlər Birliyində isə bunların heç biri olmadığı üçün bu struktur heç bir ölkə tərəfindən ciddi qəbul olunmur".

    “Amerikanın bu təklifinin praktiki əhəmiyyəti sıfra bərabərdir” - İLQAR VƏLİZADƏ

    Müstəqil Dövlətlər Birliyinin artıq Avropa məkanında mövcudluğunu itirdiyini vurğulayan politoloq İlqar Vəlizadə isə bu qənaətdədir ki, əgər belə davam edərsə MDB sonda GUAM tipli bir təşkilata dönüşə bilər: "Bildiyiniz kimi, Gürcüstan 2009-cu ildə MDB-dən çıxıb və artıq bu məsələ onun xarici siyasi gündəmində yer almır. Bu ilin yanvar-fevral aylarında isə Moldovanın baş naziri qurumdan çıxmaqla bağlı təklif irəli sürüb. Düşünürəm ki, tezliklə bu məsələ parlamentdə müzakirə olunacaq. Ukraynaya gəlincə, Kiyevin qəti şəkildə MDB-dən çıxmaq istəyi onu göstərir ki, Müstəqil Dövlətlər Birliyi bir təşkilat olaraq artıq Avropa məkanında öz effektliyini və mövcudluğunu itirir. Yəni Avropa qitəsində yerləşən ölkələr MDB-ni tərk edirlər. Hesab edirəm ki, əgər bu proses davam edərsə, o zaman təşkilat yenidən formalaşdırıla bilər. Əgər bu, baş verməsə, onda MDB olan-qalan işlək mexanizmlərini də itirə, son nəticədə isə GUAM tipli bir təşkilata dönüşə bilər. GUAM təşkilat olaraq mövcuddur, lakin real funksiyası, siyasəti və addımları bəlli deyil".

    Gürcüstan, Ukrayna və Moldovanın MDB-dən anti-Rusiya mövqelərinə görə çıxdıqlarını qeyd edən politoloqun fikrincə, Azərbaycanın Müstəqil Dövlətlər Birliyini tərk edəcəyi real görünmür: "Gürcüstan, Ukrayna və Moldova faktiki olaraq Rusiya ilə problemləri olduğu üçün MDB-dən çıxırlar. Əgər Azərbaycan da Kremllə arasında əlavə problemin olmasını istəyirsə, o zaman biz də MDB-dən çıxa bilərik. Lakin Azərbaycanın xarici siyasi gündəliyində belə bir məsələ durmur. Ümumiyyətlə, MDB-də iştirak ölkəmizə hər hansı mənfi təsir göstərmir. Buna görə də Azərbaycan qurumdan çıxmağı lüzum bilmir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org