Ukrayna uğrunda savaş qızışır

120

Rusiya BMT-nin Krımı tərk etməklə bağlı qətnaməsinə əməl edəcək?

İki gün əvvəl – 8 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT) Assambleyası Rusiyanın hərbi qüvvələrini Krımdan ən qısa müddətdə çıxarmasını və Ukrayna ərazisini müvəqqəti işğalına son qoymasını nəzərdə tutan qərar qəbul etdi. BMT assambleyasında səsə qoyulan qərar 193 üzvdən 17 nəfəri əleyhinə və 63 nəfəri lehinə olmaqla qəbul edildi. 62 üzv isə fikir bəyan etməkdə imtina etdi, yəni bitərəf qaldı.

Krım və Sevastapol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda “ilhaq tanınmadı” və Krımın zorakılıqla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT üzvləri və beynəlxalq təşkilatların bu məsələdə əməkdaşlıq etmələri, Rusiyanın Krımın işğalına son qoyacaq addımlara güclü dəstək verilməsi istənilib. Qərarda həmçinin qeyd edilib ki, BMT Rusiyanın Krımda hərbi gücünü artırmağından, məhz Ukrayna ərazilərinə nüvə potensialına sahib təyyarələr, raketlər, silah sursatlar və hərbi personal da daxil olmaqla müasir silahlar köçürməsindən narahatdır. Rusiyanın Krımda ələ keçirdiyi Ukrayna hərbi sənaye şirkətlərini istifadə etməsi də pislənir və qərarda Moskvanın Krımdakı nüvə obyektləri və materiallarının yurisdiksiyasını genişləndirmək səylərinə xitam verməsi tələb olunur. Və Krımda hərbi gəmilərin istehsalına dair fəaliyyətləri qınanıb. Sonda isə Qara dəniz, Azov dənizi və Kerç boğazında beynəlxalq hüquqa uyğun gəmi səyahətlərinə mane olmaqdan imtina etməsi istənilib.

Qeyd edim ki, Qərb ölkələri tərəfindən dəstəklənən qərarın dünya ictimaiyyətinin Krımın ilhaqına dair fikrini əks etdirdiyi ifadə edilir. Xatırladaq ki, bənzər bir qətnamə 2019-cu ildə BMT Assambleyasında da qəbul edilib.

İndi isə gələk əsas məsələyə, hansı ki, bu qərarın şərhi üçün ilk növbədə tarixə nəzər salmaq lazımdır. I-ci Dünya Müharibəsi başlayanda Ukrayna adı bir dövlətdən çox, coğrafi bölgəni təyin etmək üçün istifadə olunurdu. Bugünki Ukrayna sərhədləri içində yer alan torpaqların böyük hissəsi Rus çarlıq imperiyasının idarəçiliyi altında idi. Sərhədləri Vyana Konqresi ilə çizilən bölgənin Qərb bölümü Avstriya -Macarıstan İmperiyasının hegemonluğunda idi. Rus və Avstriya imperiyaları bölgə üzərindəki hegemonluğunu genişləndirmək üçün 19-cu əsrin sonunda hərəkətə keçmişdilər. Rus çarlıq imperiyası ukraynalıları “kiçik ruslar” olaraq görməkdə və daha böyük toplum olan “rusofilləri” dəstəkləməkdə idi. Avstriya isə 19-cu əsrin sonlarında aktivləşən Ukrayna millətçiliyinin tərəfində idi. Qərbi Ukrayna hər iki dövlət üçün Balkanlar və bu bölgədə yaşayan Ortodoks Slavlara açılan qapı rolunu oynayırdı. Son 10 illikdə Rusiyanın nüfuz dairəsindən postsovet məkanının çıxarılması və Kremlin sərhədlərinə sıxışdırılması prosesi işə salındı. Qərb ilə Rusiyanın döyüş meydanarından biri də Ukrayna oldu. Rusiya bunun qarşısını almaq və əvəzini çıxmaq üçün Ukraynanın Donbass və Luqansk bölgələrini, həmçinin Krımı ilhaq etdi. Bu aktla Rusiya öz sərhədlərinin təhlükəsizliyini təmin edirmiş kimi göründü, amma dərin qatlarda durum fərqli idi.

Maraqlıdır ki, Krımı hətta Rusiyaya birləşdirən körpü çəkilsə də, yarımadada vəziyyət yüksəlişə doğru getmədi, əksinə dibə vurmaqdadır. Əgər Rusiya Krımı özünə birləşdirmək üçün ilhaq edirdisə, amma nəzərə alaq ki, burada iqtisadi və sosial durumu müsbətə doğru dəyişdirmək üçün hansısa tədbirlər görmədi. Düzü, Kremlin buna gücü də yoxdur. “Şimal Ayı”sının əvvəlki ehtişamından çox şey qalmayıb.

Krımın ilhaqından sonra Kiyev yarımadaya satdığı suyun qiymətini qaldırmışdı. Hələ 2014-cü ildə Krımda 59% su çatışmazlığının olduğu bildirilirdi. Son günlərdə Kerç sakinləri Putinə müraciət edərək “möcüzə-Krım körpüsü”nün onlara heç bir kömək etmədiyini söylədilər. Üstəlik, Rusiya səlahiyyətlilərinin yeni qərarı yerli sahibkarları daha da yoxsulluğa sürüklədi.

İşğal altındakı Krımdakı Kerç sakinləri Kremlin başçısı Vladimir Putinə rus işğalı başladıqdan sonra yarımadadakı sərt yaşayış şərtlərindən şikayətləri qeyd olunan video-mesaj da yazdılar. Üstəlik, sosial şəbəkələrdə yerli bazar alverçilərinin Putinə müraciət kadrları yayıldı. Bazarda işləyənlər hakimiyyət orqanlarının – Rusiyadan təyin edilən – bütün satıcıları kassa aparatlarından istifadə etməyə məcburiyyət qərarından şikayətləndilər. Bildirdilər ki, bu kassa aparatları və onların təmiri pərakəndə satış məntəqələrinin işçiləri üçün əlçatmaz xərclərə çevrilib. Videodakı qadın son dərəcə aşağı gəlirlərin insanların kassa quraşdırmasına imkan vermədiyindən şikayətlənir: “Azgəlirli insanlar yaşadığı üçün şəhərdə ticarət pis gedir. Kerçdə təqaüd və maaşlar çox azdır. Eyni zamanda, yerli sakinlərin ümid bəslədiyi Krım körpüsü də xalqa kömək etmədi. Bütün turistlər avtomobillə Kerçin yanından ötüb keçir və pullarını şəhərdə xərcləmirlər”.

Kerç sakininin Putinə müraciəti olan videonun bir parçası da sosial şəbəkələrdə yayıldı. Sanki yarımada kiməsə təslim edilmək üçün ilhaq olundu və sahibini gözləyir. Sakinlərin də Krımın pərdəarxasındakı həqiqi sahibinə yarımadanın sonrakı inkişafına, həmçinin sözüsüz ki, öz rifahlarına “minnətdar” olması üçün buradakı vəziyyət mümkün qədər acınacaqlı hala gətirilir, bölgə real olaraq çökdürülür. Xatırladım ki, yarımada üçün iddiaların dilə gətirən tərəflərdən biri də ermənilərdir.

Beynəlxalq səviyyədə Ukraynadakı vəziyyəti təhlil edən ekspertlər vəziyyəti fərqli görürlər. Doğrudur, hadisələrin əsas çizgisi kimi Qərbin Ukrayna vasitəsilə Rusiyaya doğru irəliləməsinin aparılması götürülür. Moskva mövcud Ukrayna hökumətini zəiflətməyi, Vaşinqton isə Rusiyanın regional lider olmaq iddialarının qarşısını almağı düşünür.

Əlbəttə, bununla savaş bitməyəcək. Tərəflər yeni mərhələdə hansı üsullardan istifadə etməli olacaqlarını müəyyənləşdirməyə çalışacaqlar. Ən pisi odur ki, prosesin bir neçə onilliklər davam edəcəyi proqnozlaşdırılır. Bir müddət əvvəl dünya birliyinin əsas diqqəti Suriya böhranına yönəldiyi mərhələdə Ukrayna bir qədər arxa planda görünürdü. Zaman-zaman Qərblə Rusiya arasında aparılan danışıqlarda bu ölkədə sülhə nail olunması məsələsi müzakirə edilsə də, konkret nəticə yox idi. Minskdə keçirilən üçtərəfli (ATƏT-Rusiya-Ukrayna) görüşlərdə bütövlükdə atəşkəsə əməl etmək və davamlı sülhə nail olmaqla bağlı razılığa gəlinsə də, reallıqda başqa mənzərə yaranmaqdadır. Üstəlik, Suriya ilə bağlı son zamanlar Qərblə Rusiya arasındakı münasibətlərin daha da gərginləşməsinin şahidi olmaqdayıq. Hansı ki, tərəflər arasında fikirayrılığının aradan qaldırılmaması Ukrayna böhranının da həll edilməsinə bədbin yanaşmağa əsas verir.

Dediyim kimi, problemin kökü yüz illər əvvələ gedir. Ukrayna tarixən Avrasiya məkanında güclü olan geosiyasi qüvvələrin mübarizə meydanı olub. Bir zamanlar monqollar, sonra Moskva, növbəti mərhələdə isə Qərb-Rusiya (məsələn, Polşa da Ukraynadan ərazi qoparıb, Avstriya-Macarıstan imperiyasının iddiaları olub və s.) cütlüyü həmin ərazilərdə hökmranlıq edib. İndi isə Ukrayna uğrunda savaş daha kəskin xarakter alıb.

Ukraynanı gözləyən gələcəyin perspektivləri barədə proqnozlardan bəziləri 2020-ci ildə rəsmi Kiyevin Donbasla məşğul olmağa imkanı olmayacağı və Ukraynaya yeni ərazi iddiaları irəli sürmək üçün pusquda gözləyən ölkələrin olduğu barədədir. Bu barədə hələ keçən il ”Xarkov” xəbər agentliynə müsahibə verən Q.V.Plexanov adına Rusiya Dövlət İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev demişdi. Onun sözlərinə görə, Donbasın Ukraynaya qaytarılması prosesi uğursuzluğa məhkumdur.

Perenciyev qeyd etmişdi: “2020-ci ildə Kiyevin Donbasla məşğul olmağa imkanı olmayacaq. Polşa və Macarıstanın ərazi iddiaları qeybə çəkilməyib və bu səbəbdən növbəti “Maydan” baş versə, qərb əraziləri də Ukraynadan ayrılacaq. Növbəti üsyan və ya çevrilişin başlanması isə mümkündür, belə ki, Kiyevdə siyasi mübarizə hökm sürür və əgər hakimiyyətə radikallar gəlsə, bəzi regionlar daha güclü dövlətlərin himayəsi altına keçəcək. Qərb Krım ssenarisini diqqətlə araşdırıb və bunu tam şəkildə Ukraynanın qərb ərazilərində gerçəkləşdirə bilər”.

Son günlərdə Macarıstanın Ukrayna ərazilərinə iddiası da təsadüfi deyil, çünki onlar hadisənin tarixi köklərindən çıxış edirlər. Mediada yayılan məlumatlara görə, hələ keçən il  Ukrayna ərazisinin bir hissəsinin Macarıstana məxsus olduğunu göstərən xəritə “Karpataliya” qəzetində dərc olunmuşdu. Hətta Ukraynada fəaliyyət göstərən Zakarpatya Macarlar İttifaqının nəşri olan bu qəzetlə bağlı Ukrayna xarici işlər nazirinin müavini Yeqor Bojok tərəfindən ölkənin Baş Prokurorluğuna və Təhlükəsizlik Xidmətinə müraciət olunmuşdu.

“Zakarpatya Macar Mədəniyyəti Cəmiyyətinin “Karpataliya” qəzetinin ön səhifəsində “Macar, qalx!” şüarı ilə əks olunmuş illüstrasiyada Ukraynanın bəzi əraziləri Macarıstana məxsus ərazilər kimi göstərilib. Separatizm! Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti bununla mütləq məşğul olmalıdır”, – deyə Bojok ”Tvitter” hesabında bildirmişdi.

Yeri gəlmişkən, Rusiya hərbi kontingentinin, HHQ-nin arsenalına aid olan təyyarələrin Suriyadakı dağıdıcı fəaliyyətinə baxsaq, onların Ukraynada törətdikləri ilə analogiya apara bilmərik. Söhbət ondan gedir ki, rus hərbi təyyarələrinin Suriyanın müxtəlif şəhərlərində dinc insanların başına “ələyib – səpələdikləri” bombalarla nə Krımda, nə Donbassda, nə Luqanskda eyni təlafat və xarabazar vəziyyətini törətmədi. Hətta 27 illik Qarabağ münaqişəsi dövründə erməni tərəfində döyüşərək hərbi əməliyyatlara başçılıq etməsini, xalqımıza qarşı, Xocalı faciəsi də daxil olmaqla, yaşatdığı faciəni yaşatmadı. Yəni Ukraynadakı rus fəaliyyəti biz və Suriya ilə müqayisədə sakit ilhaqla baş tutdu, oxşar qırğınlar, təlafatlar yaşanmadı. Səbəb nə idi? Rusiya istəsəydi, eyni qırğın və təlafatları törədə bilməzdimi? Əlbəttə, bilərdi. Belə nəticə çıxır ki, məqsəd olanlara işğal görüntüsü vermək idi. Amma baş verənlərin məqsədi sanki kimin üçünsə “genişləndirilmiş, təmizlənmiş” sahə hazırlamaq idi.

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA