Ukrayna belaruslu müxalifətçilərin zorla öz ölkələrindən çıxarıldığını açıqladı

63

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşşenko Belarus müxalifətinin təsis etdiyi Koordinasiya şurasının üzvləri, dünən şübhəli şəkildə yoxa çıxan Anton Rodnenkov və İvan Kravtsovun zorla Ukrayan sərhəddindən keçirildiyini, digər müxalifətçi Mariya Kolesnikovanın isə öz ölkəsində qaldığını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla Ukrayna tərəfi Belarus rəsmilərinin guya adı çəkilən siyasətçilərin ölkəni qeyri-qanuni şəkildə, könüllü olaraq çıxması ilə bağlı dediklərini təkzib etmiş olub.

“Onlar Ukraynaya könüllü surətdə gəlməyiblər. Bu adamları doğma vətənlərindən zorla sürgün ediblər. Mariya Kolesnikovada isə həmin iş alınmayıb. Çünki bu cəsarətli qadın lazımı şəkildə müqavimət göstərib”,- deyə Anton Geraşşenko “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bundan sonra Mariya Kolesnikovanın həyatı və sağlamlığına görə birbaşa Aleksandr Lukaşenko özü məsuliyyət daşıyacaq.

“İnterfaks-Ukrayna” agentliyinin məlumatına əsasən, Mariya Kolesnikova ölkədən məcburi şəkildə çıxarılmaq ərəfəsində xarici pasportunu cırıb və bununla da Ukrayna sərhədçiləri onun girişinə icazə verməyiblər.

Ukrayna Sərhəd Xidməti insidenti təsdiqləyərək, Anton Rodnenkov və İvan Kravtsovun ölkəyə gəlişlərini təsdiqləyib. Belarus Sərhəd komitəsi isə öncə 3 müxalifətçinin ölkə hüdudlarını tərk etdiyi xəbərini yaysa da Mariya Kolesnikovanın cəsarətli addımından sonra onun guya qeyri-qanuni şəkildə Ukraynaya keçmək istədiyini, bu səbəbdən saxlanıldığını bildirib.

Musavat.com