Ukrayna Azərbaycanlıları Radasında millət vəkilləri ilə görüş keçirilib

306

Ukrayna Azərbaycanlıları Radasında (UAR) Ukraynanın bir qrup millət vəkili ilə görüş keçirilib. 
 
Ovqat.com-a Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüş zamanı millət vəkilləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun UAR ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildiriblər.

Görüşə canlı olaraq bağlanan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov toplantı iştirakçılarını salamlayaraq Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu əlaqələrin növbəti illərdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Komitə sədri Ukraynanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olmasını qeyd edərək qarşılıqlı siyasi-iqtisadi münasibətlərin formaslaşmasında dövlət başçılarının atdığı addımlardan danışıb.

UAR rəhbərliyi Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə millət vəkillərinə diaspor adından təşəkkür edib. Daha sonra çıxış edən Urayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin millət vəkillərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına görə parlament üzvlərinə diaspor adından təşəkkürlərini bildirib və ölkələrimiz arasında parlament diplomatiyasının əhəmiyyətini qeyd ediblər.

Tədbirdə çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Valeriy Kolyux, işçi qrupun sədr müavini Lyudmila Marçenko, Ukrayna Ali Radasının Beynəlxalq əlaqələr komitəsinin sədri,  Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Aleksandr Aleksandroviç Mereşko, Millət vəkili Marian Zabloçkiy, parlamentlərarası işçi qrupun katibi İvan Slabodyanik Ukrayna-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini məmnunluqla qeyd edib və iki qardaş dövlətin biri-birlərinin ərazi bütövlüyünü dəstəkləməsinin vacib olduğunu bildiriblər.

Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun pandemiya dövründəki fəaliyyəti xüsusi qeyd edilib və gələcəkdə diasporla əlaqələrin inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda Ukraynada yaşayan azərbaycanlı rəssamların ölkəmizlə bağlı   əsərlərindən ibarət sərgi nümayiş etdirilib.