Uğursuz “ezopvari” provakasiyalar baş tutmadı Yeni teatr mövsümü bir daha öz uğursuzluq sindromundan çıxa bilməyəcək

84

Hər il olduğu kimi növbəti teatr mövsümünün açılışı oldu. KİV-lər bəh-bəhlə bir sıra sənət adamlarını danışdırdı. Ötən mövsümdə tüatr aləminin uğurlu olduğundan və yeni mövsümdə “davamı gəlsin” dedilər. Neon lampaları kimi süni işıq saçan açıqlamaların heç birinin sonucu olmadığına da  tamaşaçı inanmadı. Çünki, ortada böyük problemlər var. Teatrları faktiki olaraq direktorlar idarə etdiyi üçün, peşəkar yaradıcılıq məsələsi yenə də arxa planda qapalı şəkildə olacaq. Sabiq mədəniyyət naziri, korrupsioner “mədəniyyət feodalı” Əbülfəs Qarayev teatrlarımızda elə bir dərin yara buraxıb ki, onu çözmək üçün ildırım sürətli islahatların aparılması tələb olunur. Teatrlara birbaşa cavabdeh olan mədəniyyət nazirliyi incəsənət idarəsinin rəisi, Əbülfəs Qarayevin “qara kölgəsi” kimi tanınan İsmayıl Hüseynov nə də qədər ki, bu sahənin rəhbəridir, qanunlara zidd əndrəbadi “direktor teatrı” siyasəti davam edəcək. Onun himayə etdiyi direktor teatrı anlayışına əlvida deyilməyincə, baş rejissor və ya bədii rəhbərlərin statusları rəsmiləşməyincə Azərbaycan Milli Teatrı reanimasiya çağının acınacaqlı aqibəti ilə üz-üzə qalacaq. Biz bu mövzuda 2015-ci ildən indiyə kimi azından 27 məqalə yazdıq. Sərt şəkildə nazir Əbülfəs Qarayevi və onun himayədarı olduğu İsmayıl Hüseynovu tənqid etdik. Onlar öz qüsurlu əməllərini aradan qaldırmaq əvəzinə, müəyyən kosmetik dəyişimlər etməklə yaranmış durumdan çıxış yollarını nümayiş etdirdilər.

Əndrəbadi direktor siyasətinin “Mingəçevir modeli”

Azərbaycanda modern şəhər statuna malik Mingəçevir, Sumqayıt, Şirvanı örnək göstərmək olar. Mingəçevir özünəməxsus şəhərsalma və urbanizasiyası ilə digər şəhərlərdən tamamilə fərqlənir. Bu şəhərin təməlini II Dünya Savaşından sonra, alman əsirlərinin işitirakının da mistik anlamda xüsusi əməyi olduğuna daha çox inanıram. 2004-cü ildən bu yana “Regionların İnkişafı” dövlət proqramı ilə bağlı ölkə prezidenti tərəfindən 4 dəfə fərman imzalanıb. Sosial, iqtisadi, aqrar və digər sahələr üzrə qəbul olunan bu proqramların tərkib hissəsi kimi mədəniyyət və özəlliklə teatr sahəsi üçün xüsusi dövlət qayğısı bir həqiqətdir. O zaman sual yaranır ki, bəs nədən indi sabiq nazir statuslu Əbülfəs Qarayev və onun qurduğu “korrupsiya piramidası”  prezidentin tərəfindən darmadağın edildi? Hətta mədəniyyət sahəsi üzrə ixtisası olmayan və iş-gücü soyub-talamaqla siyasəti yürüdən məmurlar bu məqsədlə həbs olundular. Digərləri haqqında isə, cinayət işi açılıb. Fikrimizcə bütün teatrlarda xüsusi araşdırmalar aparılmalıdır. Hər il teatrlarda tamaşalara görə nə qədər vəsait ayrılır, bilet satışı, ezamiyyətlər, qastrollar, festivallarda iştirak və s. kimi məsələlərdə ayrılan paralar necə mənimsənilir və s. problemlər heç zaman cəmiyyətdə şəffaf şəkildə açıqlanmayıb. Regionların inkişafı məsələsində yolların və parkların abadlaşdırlması, yeni müəssisələrin fəaliyyətə başlaması və iş yerlərinin açılması, xidmət sektorunun təkmilləşdirilməsi gerçəkdən sevindirici hadisələrdir. Ancaq, bunu teatrlarımıza şamil etmək mümkün deyil. Bunun tipik örnəyi kimi  Mingəçeviri ona görə seçdik ki, şəhərin mədəni mühitinin mərkəzi Dövlət Teatrıdır. Mənə hər qarışı dogma olan bu şəhərin mədəni mühitinin illər ötdükcə iflasa uğramasını  ən böyük faciə kimi qəbul edirəm. Mingəçevir Dövlət Dram Teatrının üzərində dövlət adı qeyd olunub. Ona görə də, bu mədəniyyət ocağını qeyri peşəkarların nəzarətinə çevirmək mədəniyyətimiz üçün faciə hesab edirəm. Teatrın direktoru texnoloq, baş rejissoru isə turizm meneceridir. Əgər bu faktı Avropa teatrıları bilsələr “XXI yüzilin əsil tragikomediyası” deyə, bizə ironik yanaşarlar. Əslində bu ssenarinin müəllifi mədəniyyət nazirliyində ixtisasca tarixçi olan, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ən sevimli kadrlarından biri kimi tanınan, incəsənət idarəsinin rəisi və teatrlara birbaşa sorumlu olan İsmayıl Hüseynov adlı bir bürokratdır.

Demokratiyanı “dermokratiya” kimi başa düşməyin rəzaləti

Biz cəmiyyətdə fərqli baxışların olmasını uzun illərdir təbliğ edirik. Belə olmasa  demokratiyanı yerindəcə boğmuş olarıq. Fikir özgürlüyünün məzarını qazmaq kimi bir şeydir bu. Facebook.com sosial şəbəkəsində bu il 6 iyul tarixində “FACEBOOK TRİBUNADI…” adlı profil yaradılıb. Bu profilin ilk paylaşımı ezopvari bir dillə mənə qarşı çevrilmiş sapıqcasına ifadə olunan fikirlərlə zəngindir.  Guya sifarişlə bu teatr haqqında qərəzli yazılar yazmışam. Hətta mənə yaradıcılıqda özünü tapa bilməyən damğasını vurmağa belə, cəhd ediblib. Guya yazdıqlarım qərzəlidir. Sənətşünas və teatrşünas deyimlərinə “hərşeyşünas” deyimini əlavə edib. Əvvəla onu bildirmək istəyirəm ki, “hərşeyşünas” ifadəsini ilk dəfə Azəbaycan mətbuatına mən gətirmişəm. Bunu bilməyənlər 1997-ci ildə “Cümhuriyyət” qəzetində gedən yazılarımı oxusalar daha yaxşı olardı. Milli mətbuatımızın azman yazarları Yadigar Məmmədli, Rəfael Becanov, Sədrəddin Soltan və digərləri bu faktın canlı şahidləridirlər. Həmin yazımda indi adını çəkmək istəmədiyim iriçəkili məmurlardan birinin sol ayağının müxalifətin, sağ ayağının isə iqtidartın düşərgəsində olmasını təhlil etmişdim. Mingəçevir Dövlət Teatrının direktoru Səxavət Məmmədovun və indiki baş rejissoru statusunu daşıyan Cavid Təvəkkülün ikisinin sifarişli yazısı “FACEBOOK TRİBUNADI…” profilində getməsi mənə o qədər də təsir etmədi. Çünki, illərdir mənə qarşı çox yazılar yazılıb. Bu qədər cavadsızcasına və naşıcasına fikirlərin səsləndirilməsinə ürəkdolusu güldüm. Çünki, anlamırlar ki, teatrşünaslıq sənətşünaslığın bir qoludur. Dünyanın hər yerində elmi baxımdan teatrşünaslıq, rəssamlıq, dekorativ tətbiqi sənət, kinoşünaslıq və mədəniyyətin digər sahələri sənətşünaslıq elminin qolları sayılır. Sənətşünas sözünə ironiya ilə yanaşmaq Səxavət Məmmədov və Cavid Təvəkkülün teatr və mədəniyyət sahəsində biliklərinin dayaz olduğunu isbat edir.

Ey mədəniyyət nazirliyi “İncəsənət İdarəsi”nin rəisi İsmayıl Hüseynov budurmu sənin “teatrlarla bağlı kadr siyasətin? Mədəniyyətin və teatrın əlifbasını bilməyəni hansı maraqlar çərçivəsində rəhbər vəzifələrə təyin edirsən? Peşəkar teatr sənətinə heç bir aidiyyatı olmayan bu iki şəxsi hansı maraqla müdafiə edirsən?..”

Biz deyəndə ki, bölgə teatrları “dram dərnəyi səviyyəsinə endirilir” elə bu faktları nəzərə alırdıq. Sənətşünaslıq və teatrşünaslığın nə demək olduğunu bilməyənə baş rejissor və direktor görəvini bəlli olmayan sinidə “qızıl açar” kimi təqdim edirsən. Onlar utanmadan məni “sifarişli” yazılar yazmaqda ittiham edirlər. Yalaqa mətbuatın nə demək olduğunu sizlərdən daha yaxşı bilirəm. Mən indiyə kimi kimsənin sifarişi ilə oturub durmamışam. Elə olsaydı, bu gün “media partonları”ndan biri olardım. Ən azı teatr aləmində iriçəkili vəzifələrdən birini daşıyardım. Cavid Təvəkülün sənətlə bağlı düşüncələri o qədər bəsitdir ki, hələ də mədəniyyətin nə demək olduğunadan xəbəri yoxdur. Sənət elə bir aləmdir ki, yaradılan əsər mədəni hadisəyə çevrilmirsə, deməli həmin əsər “ölü doğulmuş cocuğa” bənzəyir. Sənin çəkdiyin filmlərin heç biri kino sahəsində mədəni hadisəyə çevrilmədi. Görkəmli yazıçı, kinossenarist, rejissor və ziyalı Rüstəm İbrahimbəyovun humanizm göstərərək açdığı kino akademiyasında bir neçə aylıq kurs keçmək peşəkar kinorejissor olmaq demək deyil. Bunu birdəfəlik ağlının bir guşəsinə yaz.

Teatrdan xəbərsiz rəhbərlik

Azərbaycan Milli Teatrının peşəkar səviyyədə inkişafında rolu olmuş Aleksandr Tuqanov, Ədil İsgəndərov, Həsən Ağayev, Vaqif Abbasov, Hüseynağa Atakişiyev kimi dahi rejissorların hər bir tamaşası həm də böyük bir mədəniyyət hadisəsinə çevrilibdir. Çünki, bu dahilər teatr aləmində proses yaradıblar. Rejissorluq sənəti bu deməkdir. Yerdə qalanları ya bu prosesin iştirakçısı, ya da ona yamaq olanlardır.
Azərbaycan Milli Teatrının bugünkü bədii-estetik, fəlsəfi-etik üslub və cərəyanlarının inkişafı üçün çox böyük imkanlar yaradılıb. Hətta cəsarətlə deyə bilərəm ki, artıq yeni rejissorlar nəslinin bunun öhdəsindən gələ biləcəyinə qətiyyətlə inanıram. Bu prosesin qarşısını alan tək qüvvə isə, mədəniyyət nazirliyində teatr sənətindən çox-çox uzaq olan incəsənət idarəsinin rəisi İsmayıl Hüseynov adlı bir bürokratdır. Ona görə də istedadlı rejissorlar peşəkar teatr aləminə yaxın buraxılmırlar. Bunun tipik örnəyi Mingəçevir Dövlət Teatrıdır. Axı dövlətin adı gələn yerdə hər şey peşəkar səviyyədə olmalıdır. Bu teatrın direktoru Səxavət Məmmədov ixtisasca texnikdir və uzun illər toylarda operatoun yanında kabel daşıyan işləyib. Baş rejissoru Cavid Təvəkkülün ixtisası turizm meneceridir. Adicə dram dərnəyində rejissoruluq etməyib. Bir neçə aylıq kino akademiyasında kurs keçməsi heç də dəlalət etmir ki, o dahi rejissordur. Əgər özünü rejissor kimi təsdiq edə bilsəydi, Bakıdakı imkanlarını əldən verib əyalətə getməzdi. “Çayxana qeybəti” adı ilə mənə qarşı ironik şəkildə ifadələrin hər birini elə Səxavət Məmmədovla Cavid Təvəkkülün özünə iadə edirəm. Onların ikisi də utanmadan mənim kiminlə oturub çay içdiyim məqamı telefonla fotomu da çəkdiriblər. Halbuki, dostlarımla istədiyim yerdə çay da içirəm, yeyib-içirəm də. Bu qəbahət deyil. Əsil qəbahət layiq olmadığın vəzifəni məngirləməkdir. Mən illərin sınağından keçmiş insanlara dost deyirəm. Bunu da qulağınıza sırğa kimi taxın. Mənə çamur ataraq qeyd edirlər ki, son 10 ildə bircə dəfə də olsun Mingəçevir Dövlət Teatrında olmamışam. Gəncə, Şəki, Lənkəran, Mİngəçevir və Sumqayıt teatrlarının hər birində ildə bir neçə tamaşaya baxıram. Hər teatrda yaxın dostlarım olsa da, onlara xəbər vermədən səssizcə oturub tamaşaya baxıb və geri dönürəm. O da bir həqiqətdir ki, baxdığım tamaşalar haqqında nadir hallarda təhlillər yazıram. Məni ən çox ilgiləndirən teatr mühitinin və prosesinin nə kimi  durumda olmasıdır. Çünki, fundamental işlərin təməlinin necə olması basılca şərtdir. İsmayıl Hüseynovun bütün bunlardan xəbər olmadığı üçün, bölgə teartlarımızı qeyri peşəkarların öhdəsinə buraxıb. Elə ona görə də, teatrlarımız reanimasiya çağını yaşamaq zorunda qalıblar. O zaman sual yaranır ki, əgər dövlət teatrı peşəkar səviyyədə deyilsə, dram dərnəyi düşüncəsinə pərçimləbibsə, dövlət büdcəsindən niyə teatrlar maliyyələşdirlir? O zaman belə bir məntiq yaranır ki, mədəniyyəyitimizin hansısa sehrli əllə tamamilə məhv edilməsi üçün yönəlmiş dərin siyasətlər yürüdülür. 2006-cı ildən başlanılan bu prosesin özü çox ciddi şəkildə araşdırılmalıdır. Çünki, Əbülfəs Qarayev və onun daim qaqanlıq kölgədə durmağı bacaran gizli məmurlar çetesi mədəniyyətimzi, özəlliklə də teatrlarımızı çökdürmək siyasəti bu prosesin çətiri altında yer alıb.

Sonda onu da xatırladıram ki, 35 illik mətbuatda çalışmağıma baxmayaraq, kimsəni təhqir edən bir cümlə yazmamışam. Buna görə məni məhkəməyə verənlərin aqibətini bütün ölkə  teatrları yaxşı bilirlər.

 

Ənvər BÖRÜSOY, sənətşünas