ÜÇTƏRƏFLİ GÖRÜŞÜN GÖRÜNƏN NƏTİCƏLƏRİ VƏ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ… – Bakının dirənişi, İrəvanın məyusluğu və Moskvanın arxayınlığı

306

Noyabrın 10-da üçtərəfli razılaşma imzalandıqdan və hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycanı qarşıda uzun və gərgin siyasi-diplomatik mübarizə gözlədiyinə dair səslənən proqnozlar özünü doğrultmaqdadır. Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün nəticələri də bunu təsdiqləməyə əsas verir…

Hələ görüşdən əvvəl Rusiya və Ermənistan KİV-ləri müzakirə olunacaq əsas məsələlərin nəqliyyat, iqtisadi əlaqələr, kommunikasıyaların açılması, əsirlərin və həlak olan şəxslərin meyitlərinin qarşılıqlı şəkildə qaytarılması,

Qarbağdakı erməni hərbi birləşmələrinin bölgədən çıxarılması və tərkisilah edilməsi kimi bəndlərdən ibarət olacağını yazırdılar. Azərbaycan tərəfi görüşlə bağlı heç bir açıqlama vermədiyi halda, Ermənistan hakimiyyəti onlar üçün əsas məsələnin “hərbi əsirlərin” qaytarılması olduğunu rəsmən elan etmişdi.

Görüş bitdi və onun nəticələri 4 bəndlik yeni sənəddə öz əksini tapdı. Bəs, həmin sənəd bu görüşlə bağlı tərəflərin gözləntilərini nə dərəcədə doğrultdu və nəticələr daha çox hansı tərəfi qane etmiş sayıla bilər? Bəri başdan demək olar ki, Rusiya hakimiyyəti Putinin timsalında növbəti dəfə Qarabağa sülhməramlı adı altında girməsini özünün böyük hərbi-siyasi, diplomatik və hətta iqtisadi uğuru kimi təqdim etməyi bacardı. 

İlk növbədə görüşün rəsmi hissəsində Azərbaycan və Ermənitan rəhbərlərinə diplomatik etiketdən uzaq münasibət göstərilməsi, iki ölkənin dövlət atributlarının görüş məkanında olmaması, ölkə rəhbərlərinin masa arxasında yerləşdirilməsi forması kimi Rusiyanın regionun ağası olduğunu simvolizə edən məqamlar nəzərdən qaçmadı. 

 

 

Bu məsələ hətta Rusiya mətbuatı və sosial şəbəkə istifadəçiləri arasında da geniş müzakirə olundu. Hər nə qədər formal xarakterli məqam kimi qələmə verilməyə çalışılsa da, Rusiyanın beynəlxalq münasibətlərdəki prioritetləri, idarəetmə təfəkkürü və fəlsəfəsi nəzərə alındıqda, həmin görüşdə diplomatik etiket normalarına riayət edilməməsini təsadüfi saymaq olmaz…

Vladimir Putin giriş nitqində görüşün əsas məqsədlərini sıralayarkən birinci yerə Rusiya sülhməramlılarının fəaliyyəti məsələsini, daha sonra demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması kimi bəndləri qoymuşdu. Lakin görüşdən sonra imzalanan üçtərəfli sənəddə daha çox iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi əks olundu.

Azərbaycanın əsas gözləntiləri arasında Naxçıvana dəhlizin açılması və Türkiyəyə birbaşa çıxışın əldə edilməsinin də olduğu nəzərə alınsa, bu sənədi həmin istiqamətdə atılmış uğurlu addım hesab etmək olar.

Bu razılaşmadakı əhəmiyyətli məqam üçtərəfli işçi qrupun yaradılmasıdır. Doğrudur, bu işçi qrupunda üç ölkənin baş nazirləri müavinlərinin “birgə həmsədrliyi” formatında idarəçilik nəzərdə tutulsa da, burada əsas söz sahibinin hansı tərəf olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Bir çox təhlilçilər bu işçi qrupu ilə Rusiyanın regionda təkcə hərbi deyil, iqtisadi və lojistik varlığının da rəsmiləşdirildiyini iddia edirlər.

 

 

Həmçinin, qeyd edilir ki, istər Naxçıvana və oradan da Türkiyəyə kommunikasiyaların açılması, istərsə də Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə etməsi ilk növbədə Moskvanın iqtisadi və siyasi maraqlarına uyğundur. Çünki bütün istiqamətlərdə Rusiya üçün yeni perspektivlər açılır və bu zaman güzəştə gedən, itkilərə məruz qalan tərəflər yalnız Ermənistanla Azərbaycan olur…

Ancaq üçtərfəfli işçi qrupunun fəaliyyətilə bağlı bənddə bizim üçün maraqlı olan bir məqam var: “İşçi qrupu Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək”.

Buradan belə nəticə çıxarmaq olar ki, Azərbaycan regionda, deməli, o cümlədən də Qarabağın sülhməramlıların nəzarətindəki hissəsində də aparılacaq infrastruktur və bərpa işlərində iştirak edə bilər. Əgər belədirsə, bunu uğur saymaq olar.

Çünki indiyə qədər orada baş verənlər Rusiyanın tam nəzarətində idi və əsas qərarlar da onun tərəfindən verilirdi, Azərbaycan oraya buraxılmırdı. İndi isə rəsmən bizim də bu işdə rol alacağımız qəbul edilmiş hesab oluna bilər. Bu isə tədricən də olsa, həmin bölgədə yurisdiksiyamızın bərpa olunması istiqamətində atılan addım sayılır.

 

 

Təbii ki, əgər yuxarıda qeyd etdiyimiz bənddə həmçinin hələlik nəzarətimizdə olmayan ərazidəki nəqliyyat və infrastruktur layihələri də nəzərdə tutulursa…

Son görüşün və razılaşmanın əsas görünən tərəfi daha çox iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi olsa da, sözsüz ki, burada həlli açıq qalan siyasi məsələlərin müzakirə olunduğu da şübhəsizdir.

Və görünən odur ki, görüşdə bu istiqamətdə mövcud olan ziddiyyətli və mürəkkəb məsələlərin həllində rəsmi sənədə köçürüləcək hər hansı irəliləyiş əldə olunmayıb.

Məsələn, Putin giriş nitqində sülhməramlılar məsələsini ilk olaraq önə çəksə də, onların statusu və gələcək fəaliyyətilə bağlı yeni sənəddə heç nə yoxdur.

 

 

Bununla bağlı Rusiya mətbuatı yazır ki, 10 noyabr sazişilə paralel olaraq Rusiya sülhməramlılarının statusuna dair memorandum hazırlanıb və Ermənistan onu imzalayıb, lakin Azərbaycan tərəfi lap əvvəldən bu sənədə imza atmaq üçün erməni hərbi birləşmələrinin bölgədən çıxarılması, Bakının Qarabağ ərazisindəki kommunikasiyalara tam nəzarətə sahib olması və ““Dağlıq Qarabağ”ın idarə olunmasında iştirak etməsi” kimi şərtlər irəli sürüb.

Rusiya mətbuatının yazdığına görə, bu şərtlər qəbul olunmadan rəsmi Bakı sülhməramlıları “legitimləşdirməyə” razı deyil. Əslində, dünən imzalanan sənəddə sülhməramlılara dair heç bir bəndin olmaması bu deyilənlərdə həqiqət payının yüksək olmasından xəbər verir…

Məlum olduğu kimi, o vaxt rəsmi Bakı Laçının, Kəlbəcərin, Ağdamın azad olunması, Ermənistanla sərhədin müəyyənləşməsi və Naxçıvana dəhlizin açılması şərtilə Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verdi. Ancaq bununla iş bitmir, sülhməramlıların statusunun müəyyənləşməsi və beynəlxalq hüquqa uyğyn fəaliyyətinin təmin olunması üçün Azərbaycan tərəfinin yuxarıda qeyd olunan şərtləri irəli sürməsi tam məntiqlidir…

Nəhayət, Ermənistana gəlincə, görüşdən sonra Nikol Paşinyanın verdiyi açıqlama işğalçı dövlətin nəyə “nail olduğunu” ortaya qoydu. Bütün kommunikasiyaların, o cümlədən Naxçıvana dəhlizin açılması məsələsi Ermənistanın “əsirlərin qaytarılması” şərtinin havada asılı vəziyyətdə qalmasına baxmayaraq, təsdiqini tapdı.

Doğrudur, Putin Paşinyanla görüşündə ona ürək-dirək verərək, “qaldırdığınız humanitar problemlərin” də tədricən həll olunacağına inandığını söylədi. Lakin bunun hansı şərtlərə bağlı olduğu yaxşı məlumdur və o da məlumdur ki, Ermənistanın əsir adlandırdığı məlum 63 erməni silahlısı atəş dayandırıldıqdan və üçtərəfli razılaşma imzalanandan az qala 20 gün sonra Qarabağa göndərilib. Haqlı olaraq da Azərbaycan onları əsir yox, diversant və terrorçu hesab edir.

Onları Ermənistandan az qala qəhrəman kimi Qarabağa göndərib, bu gün ağlaşma quranlarsa yəqin ki, bundan sonra bir də yaxınlarını Azərbaycan ərazisinə “hərbi xidmətə” göndərəndə yaxşı-yaxşı fikirləşməli olacaqlar…

 

 

Paşinyanın görüşdən sonrakı məzlum görkəmi, münaqişənin bitməməsi və əsirləri qaytarmağa nail olmadıqlarını bildirməsi bir tərəfdən Ermənistanın hazırkı miskin durumunu simvolizə edirsə, digər tərəfdən də baş nazirin öz-özünə az qala “mən İrəvana necə qayıdım” sualını vermiş kimi təsir bağışladı. Doğrudan da Ermənistanda Paşinyandan əsas gözləntilər məlum silahlıların azad olunmasıyla bağlıydı ki, bu da baş tutmadı.

Artıq erməni müxalifəti baş naziri bu razılaşma ilə bağlı ittiham edərək bildirir ki, sənəd yalnız Azərbaycanın istəyi və diqtəsinə uyğun formada hazırlanıb. Paşinyanın tərəfdarları isə Ermənistanın Rusiya və İrana Azərbaycan ərazisindən nəqliyyat dəhlizi əldə etməsini böyük uğur kimi qələmə verir.

Eyni zamanda, sadə ermənilərin böyük qismi bununla bir qədər təskinlik tapır. Ən azından ona görə ki, Paşinyanın Ermənistan üçün daha əlverişsiz sənədə imza atacağından qorxurdular…

Bir sözlə, yanvarın 11-də baş tutan görüş bütün pozitiv və neqativ cəhətlərilə bir daha göstərdi ki, Azərbaycanı qarşıda siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə olduqca böyük işlər gözləyir. Və bu işlər mümkün qədər tez, effektiv şəkildə həyata keçirilməlidir, çünki vaxtın kimin xeyrinə işlədiyini söyləmək o qədər də asan deyil…

C.Məmmədov

“AzPolitika.info”