“Üçrəngli bayrağımızın Şuşada sancılacağı günə az qalıb”

93

Mənsum İbrahimov: “Gecə-gündüz ən həsrətlə gözlədiyim, həsrətini yaşadığım o torpaq işğaldan azad olunur…”

“Biz 30 ilə yaxındır ki, dünənki günü həsrətlə gözləyirdik ki, Ali Baş Komandanımız əmr versin”.

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

Məşhur xanəndə üçrəngli bayrağımızın Şuşada sancılacağı günə az qaldığını qeyd edib:

“Dünənki o tarixi gün gəldi yetişdi, Ali Baş Komandan əmr verdi, ordumuz əks hücuma keçdi, bir neçə saatın içində düşmənin o mifini dağıtdılar. Düşmən yalandan bir mif yaratmışdı ki, ay belədir, ay bəhməndir. Amma Azərbaycan ordusu nəyə qadir olduğunu 3-4 saata göstərdi. Hətta başqa xəbərlər də var, inşallah, o xəbərlər rəsmi təsdiqlənsin, bizi başqa yaxşı xəbərlər gözləyir.

“Bizə qələbə hava-su kimi lazım idi”

Oktyabrın 1-i mənim yubileyimdir, 60 illiyimdir. İnanıram ki, bu səsi qazandığım Ağdam torpağı tezliklə azad olunacaq, yubileyimlə bağlı çəkilən filmimin bir hissəsini gedib birbaşa o işğaldan azad olunmuş yerdə çəkəcəm. Mənim arzum çox böyükdür. Xalqımız hamısı həsrətlə gözləyir, amma mən bu səsi o torpaqda qazanmışam da, mən o torpaqda doğulmuşam, o torpaqda böyümüşəm, oranın suyun içmişəm, çörəyin yemişəm. İstəyirəm ki, tezliklə Ağdamımızın mərkəzində, Şuşamızın Cıdır Düzündə “Qarabağ şikəstəsi”ni Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımızın iştirakıyla zəfər bayramında oxuyum. Xalqımızın hər bir fərdi dünəndən sevinc içindədir, hamı bir-birini təbrik edir. Çünki haqlı bir ruh düşkünlüyü əmələ gəlmişdi. Bizə qələbə hava-su kimi lazım idi. Bu qələbə əzmini bizə əsgərimiz, qəhrəman əsgərimiz bəxş etdi. İnşallah bu yaxın günlərdə bayrağımızın Şuşada dalğalanacağını gözləyirik ki, Şuşada, Kəlbəcərdə, Ağdamda, Laçınımzda bayrağımız dalğalansın.

“Öz torpağımızı azad etmək hüququmuz var”

30 ilə yaxındır ki, beynəlxalq təşkilatlar bizim başımızın altına yastıq qoya-qoya “Sülh istəyirik, sülh istəyirik”, “Barışığa gedin” dedi. Azərbaycan, təbii ki, səbrlə gözlədi, amma artıq səbri tükəndi və hüququndan istifadə edərək öz torpağımızı azad etmək hüququmuz var. BMT-nin dörd qətnaməsi var idi, hansına əməl etmişdi? Amma lazım olanda mürəkkəbi qurumamış onu icra edirlər. Dünən elə Azərbaycan əsgəri BMT-nin o qərarlarını yerinə yetirməyə başladı. İndi dünəndən başlayıblar bəyanatlar verməyə. O bəyanat artıq kimə lazımdır?! Biz o bəyanatları yüz dəfələrlə eşitmişik. Artıq biz o nağıllara inanmırıq, reallıq tamam başqadır. Dünya təşkilatları iki rol oynayırlar.

“Bu biabırçılıqla yaşamaq olmazdı”

Bizim arxamız yalnız Türkiyədir, bir millət, iki dövlət olduğumuz qardaşımız. Türkün türkdən başqa dostu, qardaşı yoxdur. Bu həqiqətdir, bu reallıqdır. Biz Türkiyədən və bir də Pakistandan başqa heç kimə arxalana bilmərik, daha çox da Azərbaycan öz gücünə, öz əsgərinə, öz dövlət başçısına, öz Ali Baş Komandınına və öz millətinə. Deyirdilər ki, xalqımız torpaqları azad etməyə getməyəcək filan. Dünəndən xalqımız qadınlı, kişili hamısı ayaqdadır və hər biri deyir ki, biz bir əsgərik. Bu gün hamımız Ali Baş Komandanımızın əsgəriyik, lazım olsa, hamımız gedib qırılacağıq orada. Amma torpağımız azad olunmalıdır ki, bu problemi biz övladlarımıza qoya bilmərik. Bu biabırçılıqla yaşamaq olmazdı.

Tarix təkrar olunur. 1918-ci ildə necə ki, Azərbaycan işğaldan azad olundu. Nuru Paşa necə ki, öz ordusu ilə gəldi Bakını işğaldan azad etdi, indi Azərbaycan ordusu öz gücü ilə öz haqq səsini bütün dünyaya çatdırır və öz ordumuzla öz torpaqlarımızı yavaş-yavaş azad edirik. Bu, çox qürurverici bir hadisədir. Mən bundan böyük iş tanımıram, sevincimin həddi-hüdudu yoxdur və düşünürəm ki, mənim ad günüm, yubileyim üçün əsgərimizin bundan böyük mükafatı ola bilməz. Gecə-gündüz ən həsrətlə gözlədiyim, həsrətini yaşadığım o torpaq işğaldan azad olunur. Bundan böyük nə ola bilər ki?!”