“Uca Dağlar, mən sənə güvənirəm, axı” silsiləsindən böyük qardaşıma məktubum…

39

Günlərdir bu utanc hissindən nələr çəkirəm onu bir mən bir də Tanrım bilir. Doğrusu bu utanc hissini, Qarabağım işğal olunandan, qız-gəlinlərimizin namusu pis, şərəfsiz bədnam qonşularımızın tapdağı altına düşdüyündən bəri yaşayıram. Amma, Prezident seçkilərinin və and içmə törəninin Şuşada düzənlənməsi məni bir qələmdə məhv etdi. Duyğularımı bölüşməkdə acizəm. Çünki, dilə gətirəcək qüvvədə deyiləm. Ancaq, bu haqda fikirlərimi bölüşmədən, qələmə almadan da yan ötə bilmədim. İctimaiyyətin həmişəki kimi, öz hissini, qəlbinin ağrısını, müqqəddəs saydığı vətən torpaqlarının itkisini dilə gətirməkdən başqa edecəyi bir şey olmadı. Həmçinin AXN-də uşağın belə güləcəyi tərzdə bir bəyanat yayınladı və işini bununla bitmiş hesab etdi. Təbii ki, bunu Azərbaycan hakimiyyətinin xəbəri və icazəsi olmadan edə bilməsi mümkün deyil. Keçək əsas məsələyə. İlk iradım ziyalılarımızadır. Hanı sizin birliyiniz? Hanı sizin bu boyda utanca bildirdiyiniz irad? Hanı sizin qalaq-qalaq yazdıqlarınızın gücü və təsiri, hanı? Kimlərə müraciət ünvanlandınız bu barədə? Bəlkə ünvanlanıb mən xəbərsizəm?! Bəlkə dünya ölkəkərinə müraciətlər etdiniz bu barədə mənim gözümdən yayınıb? Siz axı bu millətin bu vətənin aydın zəkasısınız. Buna ziyalı olaraq göz yummağınız öz kökümüzə öz əlimizlə balta vurmaq deyilmi??? Nəisəəə… Deməklə deyil, su gərək quyunun dibindən çıxa, Gözdən yaş çıxarmı ürək yanmasa? Mikayıl Müşfiq. Keçək ikinci irada. Bu mövzuda hər kəsin böyük həvəslə kəskin irad bildirdiyi və mövqe sərgilədiyi bir ünvanı açıq-aydın gördüm. O, da qardaş dediyimiz Türkiyəyə. Ona mənim də iradım var. Hətta ərk edərək… Amma irad edəndə də gərək məntiqli olasan. Əks təqdirdə alacağın cavab səni ya küsdürəcək ya da incidəcək. Necə ki, illərdir incidib və küsdürüb. Qardaşdan kömək umuruq hətta açıq şəkildə dilə gətiririk. Deyək ki, bu bizim haqqımızdır. Bəs yaxşı, bunun müqabilində qardaş bizə deməz ki, ay mənim qardaşım sən özün bunun üçün bir hay-həşir saldınmı, məni köməyə çağırdınmı ki, mən də sənin səsinə səs verə bilim? Xocalı boyda soyqırım üçün özünün qəbul etdiyi bir rəsmi qərarın varmi ki, məndən inciyirsən? Nə desin, nə etsin qardaş? Desin ki, sən sus mən danışım sənin yerinə??? Axı sənin dərdini kimsə sənin qədər dilə gətirə bilməz?! Bu bir faktdır. Mən ilk olaraq öz yarami özüm sarmağı bacarmalıyam. Daha sonra isə güçüm çatmasa qardaşımdan mədət ummalıyam. Bunu özüm edə bilmədiyim təqdirdə niyə bir başqasından umur və küsürəm? Bu mənim özümə olan iradımdır. İndi isə keçirəm qardaşımdan məntiqlə umduğum umu-küsümə. Mən Azərbaycan (bu yerdə Azərbaycan deyəndə özümü bir fərd olaraq nəzərdə tuturam), sən Türkiyənin kiçik qardaşı olaraq hər acını, dərdini ,sevincini səndən xəbərsiz bölürəm. Çünki bunu özümkü hesab edirəm. Sənin mənə deməni gözləmirəm. Heç buna gərək də duymuram. Hətta o qədər özümkü bilirəm ki, içimdə olan bəzi düşmən xislətlilər bunu yaltaqlıq kimi dəyərləndirir çünki onlara görə mən Türk deyil, Azərbaycanlıyam. Türk olsaydın dərdinə, sərinə ilk qardaşın Türkiyə qoşardı deyirlər. Sən desən də deməsən də! Əslində bir qədər haqlıdırlar da. Niyəsini deyim?! Biz illərdir düşmən siyasətinin nəticəsində bir birimizdən qopmuş halda yaşamışıq. Dərdlərimizi bölüşə bilməmişik. Göz yaşlarımızı silə, sevincimizə şərik ola bilməmişik. Gözdən uzaq könüldən iraq olmuşuq. Amma bu bizə yenə haqq qazandırmır. Uzaqda da olsaq biz eyni qanı daşıyırıq. Eyni ata-ananın övladlarıyıq. Ora anadırsa bura da ata vətəndir. Deyəndə “ana oçağı” deyil, ata ocağı deyirlər. “Ata qucağı” deyil, ana qucağı deyirlər. Yəni, bu bağlar bir-birilə sıx əlaqəlidir. Ayırmaq istəsələr də qopacaq bir bağ deyil. Necə ki, qopmadı. İllər sonra yenə də qovuşduq. Amma bu qovuşma bir qədər soyuq və ögeylik münasibətindədir. Bunu dəfələrlə hiss etmişəm amma dilə gətirə bilməmişəm. Niyəsini özüm də bilmirəm. Bəlkə də bu ülvi doğmalığa toz qondurmamaq üçün olub. Əslində isə yanlışdır! Haqları qardaşın olsa belə deməli, səhvlərinə göz yummamalısan. Əks təqdirdə yanlış yanlışı gətirəcək. Hamımız fərqindəyik ki, artıq cəmiyyət arasında ictimai fikir oluşdurmaq əvvəlki şərtlərə nisbətən çox asandır. Demək olar ki, yeni texnologiyanın inkişafı bizi əvvəl nisbətən daha çox sıx birləşdirib və bir-birimizlə mütamadi əlaqə yaratmağa böyük imkanlar verir. Bu üstünlüklərdən hər birimiz gündəlik istifadə edirik. Bunlardan ən yayqınları hər birimizin şəxsinə aid olan facebook, Twitter, kimi sosial şəbəklərdə açdığımız səhifələrdir. Mənim iradım həm də, dostluğumda olan Anadolu Türkiyəsində yaşayan bacı qardaşlarımadır. Deyək ki, hakimiyyətdəkilər bir qədər qərəzli və siyasi məqsədlər güdərək bunu dilə gətirmirlər. Bəs yaxşı sən bu böyük xalqın, millətin üzvü kimi, eyni ata-ananın qanı canı bir olan övladı kimi mənim böyük qardaşım kimi, Şuşa boyda dərdinə necə etinasız qala bilirsən? Niyə bu olanlar sənin səhifəndə öz əksini tapmır? Bu ən azı düşmənlərə qarşı ictimai fikrin yaranmasına, eyni mövqedə olduğumuza güc sərgiləməyimizə, onlarda qorxu hissini yaratmağa yardımçı olmazmı? Birliyimizdən hürkərək geri addımlamaqlarına yardım etməzmi? Hər şeyə elbirliyi ilə vaxtında müdaxilə etsək zaman bizim xeyrimizə işləməzmi? Tarix onsuz da bu biganəliyimiz ucbatından sərt şilləsini üzümüzə vurmaqda davam edir. Çünki, dərs almağı bacarmırıq olanlarımızdan. Biz ancaq öyrətməyin eşqindəyik. Öyrənməyin deyil! Çoxu mənim milli hissimi Türkiyəyə meyilli biri olduğumla bağlayır. Böyük yanılqı içindəsiniz. Mən Türkiyəyə deyil, Türklüyümə meyilli biriyəm. Vətənimin hər qarışını bütün varlığımla sevirəm. Amma, özümə Azərbaycanlı deyil, Azərbaycan Türkü deyirəm. Çünki, buna Azərbaycan coğrafiyasının aparıcı etnosu, milləti yəni, bir Türk olaraq mənimlə eyni hüquqa malik olan digər millətlər kimi haqqım var! Bunu Türkiyəyə yaltaqlıq ilə əlaqələndirənlərə isə sadəcə gülürəm. Bu haqlı iradlarımı mənə nöqsan bilən kim olursa olsun onunla sonuna qədər bu mövzuda müzakirə edib haqlı olduğumu sübut etməyə hazıram. Sən mənim qardaşımsansa, məndən heç nə gözləmədən, bacara bildiyin qədər yanımda olmalısan! Mən isə hər şeyə rağmən öz yaramı özüm sarmağı öyrənməliyəm. Qardaşıma dağ kimi arxalansam belə…!!!

Umuxanım Hüseynzadə

Hurriyyet.org