Üç ölkə türk diplomatın əleyhinə fəal iş aparmağa başlayıb – Ekspert

3

BMT Baş Məclisinin 2020-2021-ci illər üçün 75-ci sessiyasının sədri vəzifəsinə qardaş Türkiyənin diplomatı Volkan Bozkırın namizədliyi irəli sürülüb. Bu mötəbər vəzifəyə sədr bir il müddətinə olmaqla dünya üzrə 5 regional dövlətlər qrupunu təmsil etməklə rotasiya qaydasında seçilir.

Hurriyyet.org xəbər verir ki, bunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

O qeyd edib ki, bu dəfə Qərbi Avropa dövlətlər qrupu adından Volkan Bozkır yeganə namizəd kimi irəli sürülüb:
“Prosedura görə Volkan bəyin bir il ərzində edəcəyi 75-ci sessiyanın sədri postunu tutmasının qarşısını almaq praktik olaraq mümkünsüzdür. Buna baxmayaraq Ermənistanın cəhdləri ilə türk diplomatın əleyhinə fəal kampaniya başlayıb. Ermənistan və erməni lobbisi bu proses zamanı Yunanıstan və yunan Kiprini (Kipr Respublikası) də özlərinə qoşublar. Onlar üç ölkə adından 74-cü sessiyanın sədri, nigeriyalı diplomat Ticcani Məhəmməd-Bandeyə məktub yazıblar ki, guya Türkiyə sülh və sabitlik üçün təhlükəli ölkə olduğu üçün onu bu posta yaxın buraxmaq olmaz”.

Aydın Quliyev qeyd edib ki, üç ölkə 74-cü sessiyanın sədrindən Volkan Bozkırın yeganə namizədliyinin səsə qoyulmasını tələb edirlər:

“Bu, BMT Baş Məclisinin tarixində sessiya sədrliyinə yeganə namizəd olan şəxsin səsverməyə qoyulmasına dair ilk hal ola bilər. İndiyədək yeganə namizədlər səsə qoyulmayıb. Çünki yeganə namizədi səsə qoymaqda məntiq yoxdur”.