“”Türkləri tox idarəetmək çətin olub” qənaəti Azərbaycanda hələ də iqtisadi və sosial siyasətə təsir imkanına malikdir” – QUBAD İBADOĞLU

48

“Əgər belə olmasaydı, yalnız son 15 ildə 150 milyard dollardan çox neft gəlirlərini, 270 milyard dollara qədər xarici sərmayəni həzm edən ölkənin vətəndaşları qısa müddət ərzində bu qədər yoxsullaşmazdı”

“Deyirlər ki, tarixən ərəbləri ac, türkləri isə tox idarəetmək çətin olub. Avtoritar idarəçilik ənənəsindən qaynaqlanan bu qənaət qloballaşma dönəmində deformasiyaya uğrasa da, Azərbaycanda hələ də iqtisadi və sosial siyasətə təsir imkanına malikdir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, əgər belə olmasaydı, yalnız son 15 ildə 150 milyard dollardan çox neft gəlirlərini, 270 milyard dollara qədər xarici sərmayəni həzm edən ölkənin vətəndaşları qısa müddət ərzində bu qədər yoxsullaşmazdı: “Onsuz da rəsmi göstəricilərlə müqayisədə dəfələrlə çox olan yoxsul və işsiz əhalinin sayı son 2 ay ərzində durmadan artmaqdadır. Bu məsələyə siyasi idarəçilik baxımından dözümlə və ədalətsiz yanaşan hakimiyyət nümayəndələri yoxsul əhalinin artımından qaynaqlanan iqtisadi problemləri əvvəlcədən ya görə bilmir, ya da özlərini görməzliyə vururlar. İqtisadi agentlərin, biznesin və istehlakçıların davranışlarına təsir göstərən hazırkı tendensiya ölkədə işgüzar aktivliyin kəskin azalacağını proqnozlaşdırmağa imkan verir. Görünən odur ki, böhran vəziyyətdən çıxmaq istəyində olan bizneslərin xərclərini azaltmağa yönələn başlıca qərarları iş yerlərini ixtisarı ilə nəticələnəcək. Bu isə xüsusilə də sosial müdafiə fonduna yığımların azalmasına gətirib çıxaracaq”.

Bundan əlavə, hazırkı qeyri-müəyyənliyin biznesin strategiyasını müəyyənləşdirməyə də mənfi təsir etdiyini vurğulayan Qubad İbadoğlunun fikrincə, hökümətin qarşısında duran başlıca həlli vacib vəzifələrdən biri alıcılıq qabliyyətini artırmağa yönələn fiskal genişlənmə siyasətini həyata keçirmək, kreditlər resurslarına çıxış imkanlarını artırmaq, inhisarçılığı və gizli iqtisadiyyatı leqallaşdırmaq, qiymətlərin sabitliyini qorumaqdır: “İkincisi, şəffaflıq və hesabatlılıq standartları yüksəldilməli, informsiyaya çıxış asanlaşdırılmalı, ictimai iştirakçılıq genişləndirilməli, müstəqil məhkəmə hakimiyyəti qurulmalı və bu dəyişikliklər korrupsiya ilə mübarizədə ön plana keçirilməlidir. Nəhayət, dövlət resurslarından istifadənin səmərəliliyini artırmaq üçün mövcud büdcələr (dövlət, neft fondu, sosial müdafiə fondu, işsizlikdən sığorta fondu) hazırkı şəraitin çağrışlarına uyğunlaşdırılmalı, dövlət mülkiyyətində olan iri şirkətlərin kommersiyalaşdırılması və özəlləşdirilməsi istiqamətində fəaliyyətlərə mümkün qədər tez start verilməlidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org