Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi 1992-ci ildə ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı bəyanat verib. Açıqlamada deyilir: “Bu soyqırımı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını qətiyyətlə pisləyirik”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizə dünənki səfərində Xocalı soyqırımını qınamışdı.

    Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

    “1992-ci il 26 fevral tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə edilən hücumda 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri ahıl adamlar olmaqla, ümumilikdə 613 nəfər günahsız Azərbaycan vətəndaşı qəddarlıqla qətlə yetirilib və yüzlərlə insan yaralanıb. Min nəfərdən artıq adam Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşənlərin aqibəti isə bu günə qədər bəlli deyil.

    Dinc əhaliyə qarşı bu insanlıqdan kənar hücum da daxil olmaqla, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı evlərini tərk eləməyə məcbur olaraq, öz ölkəsində qaçqın kimi yaşamaqdadır. Hələ də Azərbaycan torpaqlarının iyirmi faizi işğal altındadır.

    Bu qətliamı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını qınayırıq.

    Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına ən səmimi şəkildə başsağlığı veririk”.

    http://www.mfa.gov.tr/no_57_-hocali-katliaminin-yildonumu-hk.tr.mfa   

    Hurriyyet.org