Türklərdən götürüləcək insanlıq dərsi

    9

    Türkiyənin ürəyi Ankarada yenə terror oldu və prezident Ərdoğan yenə Azərbaycana gələ bilmədi. Gəlməsi də doğru olmazdı zatən. Çünki belə sıxıntılı gündə bir dövlət başçısı xalqını tək qoya bilməzdi.
    Amma gəlməməsi də terroru dəstəkləyənləri sevindirəcəkti. Çünki terroru əsdirənlər istəklərinə, hədəflərinə çatmış hesab olunacaqdı.
    Belə bir dilemma vəziyyətində heç kimin gözləmədiyi addım Azərbaycan prezidenti İlham Əliyevdən gəldi.
    Azərbaycan prezidenti Ərdoğana zəng edərək özünün Türkiyəyə gələcəyini bəyan etdi. Bax, məhz bunu düşmənlər, terrorsevənlər, insanlıqdan nəsibini almayanlar hesablamamışdı. Hesaba ala bilməmişdilər ki, bu əlaqələr təkcə iki dövlət arasında olan münasibətləri çoxdan aşmış, daha dərin bağlarla qardaşlıq münasibətlərinə çevrilmişdir. Qardaşlar arasında da növbəli sistem olmaz. Kim nə zaman istərsə qardaşına gələr, yoluxar, dərdi varsa, dərdinə şərik olub, bir çarı tapar.
    İndi də belə oldu. Türkiyəni ürəyindən vurmaq istədilər ki, yıxılsın, sınsın, insanlıq naminə böyük iddialarından geri çəkilsin, amma olmadı. Türkiyə düşmənləri sevindirmədi, sınmadı, əksinə, millətin özünüqoruma instinkti işə düşdü, hər kəs düşmənin mesajını anladı deyə bir ürək oldu. Qardaşı Azərbaycan da Türkiyəyə gedərək onlarla bir səfdə olduğunu dünyaya nümayiş etdirdi. Hər kəs anlasın deyə, bu, bir birlik mesajıdır, hansı ki, terrorun törədildiyi Ankaradan bütün dünyaya çatdırılacaq. İlham Əliyevin Strateji Şuranın məhz Ankarada keçirilməsini seçməsi də terrorsevənlərə bir ayrı mesajdır ki, terrorun hədəfi olan qorxu yaratmaq məqsədinə çatmamışdır. Və 3-4 çapovulçu özünü bilməzlərin qorxaqcasına partlayış törətməsi türkləri qorxuda bilməz.
    Amma Türkiyə də özünə, daxilinə, çörək verib böyütdüklərinə diqqət etməlidir. Bu gün Türkiyənin güclənməsini özlərinə təhlükə sayan və bu nədənlə Anadolu insanının qətlinə fərman verən xarici güclər nə qədərdirsə, Türkiyənin daxilindəki düşmənlər ondan da çoxdur. Terroru törədən adamcıqlardan biri təsəvvür edin ki, Türkiyənin böyüdüb, oxutduğu bir universitet məzunudur. Türkiyə bu gözüdönmüş qadını ona görə oxutdu ki, gələcəyinə sahib çıxsın, dövlətini yönətsin, dərdlərinə şərik çıxsın. Daha böyütmədi ki, gəlib, bu prosesdə heç bir günahı olmayan insanları qətl etsin, ailələrinə atəş salsın.
    Bəs belə vəhşilik, nifrət, insanlıqdan kənar davranışlar haradan qaynaqlanır görəsən?
    Təbii ki, elə təhsil aldığı universitetlərdəki “hocalarından”, ingilisyanlısı olan televiziyalardan. Bunlar açıq-açıq türk düşmənləridi, gecə-gündüz təlqin etdikləri də bu düşmənçiliyə xidmət edir. Bir tərəfdən “hocalar” beyinləri yuyub, ora türk və dövlət düşmənçiliyini yerləşdirirsə, televiziyalar da ən çətin anda dövlətə meydan oxuyur, doğru yoldan geri çəkilmək üçün maliyyə aldıqları ağalarının şərtlərini bəyan edirlər.
    Ayrıca aydınlar deyə adlanan bu zümrə terrorla mübarizədə terrorçuları dəstəkləyir, əvəzində dövləti “qatil” deyə aşağılayırlar. Halbuki türklərdə dövlət müqəddəsdir, “dövlət baba” anlayışı da məhz buradan gəlir. Türklər isə öz övladlarını qətl edəcək qədər aşağı etnos olmadılar və deyillər. Bunu isbat etməyə ehtiyac da yoxdur, çünki cümlə aləm bilir.
    Türklər bütün zamanlarda insan və övlad sevgisinə görə, bütün dünyaya bir örnək oldu. Bu gün də elədir. Götürün, Suriyadan Əsəd zülmündən canını götürüb qaçmış insanları. Türkiyədən savayı hansı dövlət türklər kimi evinin qapısını insanlıq faciəsinə açdı, yaralarını sarımağa çalışdı?
    Bu gün Türkiyədə sığınacaq tapan insanların sayı az qala 3 milyona yaxınlaşır. Halbuki insan haqlarından dəm vuran xristian Qərbi heç 100 min qaçqın gəlməmiş bir-birinə dəydi. Hətta parçalanmaq səviyyəsinə belə gəldilər. Avropa Birliyinin dəyəri hesab olunan Şengen zonası deyilən anlayış bir anda yox oldu və birliyə daxil olan dövlətlər ard-arda sərhədlərini bağlamağa tələsdilər.
    Bax, budur Türkiyəni sevməyənlərlə bu gün ona möhtac olanların fərqi. Doğrudur, hamısı bir ağızdan başsağlığı verir və Türkiyənin yanında olduqlarını bəyan edirlər. Məsələn, Rusiya sarsıldığını, başqa bir Avropa ölkəsi Türkiyə ilə bir yerdə olduğunu elan edir. Lakin elə Ankaranın göbəyindəcə terrorçular Rusiyanın, Avropanın, ABŞ-ın verdiyi silahlarla Türkiyənin gələcəyinə atəş açırlar.
    Cənablar, sizin kimi “dostlar” varkən Türkiyəyə heç düşmən lazım deyil. Dostluq, qardaşlıq elə olmaz!. Dostluq, qardaşlıq dediyiniz təmənnasız olur. Burada mənfəətə yer yoxdur. Məhz bu insanlıq dərslərində türklərdən öyrənəcəyiniz çox şeylər vardır. Bu yöndə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfərini doğru yorumlayanlara nə əla. Çünki bəlanı fürsətə çevirəndə hikmət olur, sonra da nemətə dönür.
    Türkiyənin “dostlarından” müsəlman ümmətindən götürəcək bir dərsi daha var. İslam çətinləşdirən deyil, asanlaşdırandır. Bəzən dağ Məhəmmədə tərəf gələ bilməyəndə, Məhəmməd dağa tərəf gələ bilir. Bu qədər sadə…