Türkiyənin sürü halında uçan kamikadze-dronları: 3 dost ölkəyə ixrac üçün danışıqlar gedir

102

Türkiyənin STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş. şirkəti tərəfindən istehsal olunan KARGU kamikadze dronlarının ixracı üçün üç ölkə ilə danışıqlar aparılır.  “Defence Turk” portalı xəbər verir ki, dronların tropic, səhra və tundra iqlim şərtlərində sınaqları uğurla tamamlanıb.

KARGU kamikadze-dronları Türkiyə ordusu tərəfindən ilk dəfə ölkənin cənub-şərqində PKK terrorçularına qarşı tətbiq olunub. Daha sonra bu dronlar Suriyanın şimalında gedən döyüşlərdə Türkiyə ordusunun silahlanmasında yer alan digər pilotsuz döyüş sistemləri, o cümlədən “Akıncı” və “Bayraktar” pilotsuz təyyarələri ilə birlikdə tətbiq edilib.

Hazırda Türkiyə milli hərbi sənayesinin istehsalı olan pilotsuz döyüş sistemlərinə dünyada maraq böyükdür. Çünki bu sistemər Suriya və Lviya hərbi əməliyyatlar teatrında situasiyanı Türkiyənin xeyrinə dəyişməkdə ciddi rol oynayıb. Nəticədə bir çox ölkə Türkiyənin istehsalı olan pilotsuz döyüş sistemlərinə maraq göstərir, o cümlədən Azərbaycan bu ölkədən pilotsuz təyyarələr almaq üçün danışıqlar aparır.

Sayt yazır ki, KARGU kamikadze-dronlarının ixracı ilə bağlı 3 ölkə ilə danışıqlar gedir.  Bunlar Türkiyəyə dost və qardaş ölkələrdir, yüksək səviyyədə aparılan danışıqlar nəticə vermək üzrədir. STM süni intellektlə idarə olunan və avtomonom uçan, hədəfi müstəqil şəkildə təsbit edib vura bilən dron sistemərinin ixracı ilə bağlı danışıqları yaxın zamanda tamamlayacaq, ilk müqavilə imzalanacaq.

Şirkət ötən il ilk dəfə dronların sürü halında tətbiqini də uğurla sınaqdan keçirib. Nəticədə 20-dən çox KARGU kamikadze-dronu sürü halında uçmaqla döyüş vəzifəsini yerinə yetirmək imkanı əldə edib. Türkiyə hazırda dünyada kamikadze-dronların sürü halında tətbiqi texnologiyasına malik ilk ölkədir. Hazırda şirkət dronların sürü halında uçması alqoritmini təkmilləşdirmək üzərində işləyir.

Virtualaz.org istisna etmir ki, Türkiyədən KARGU dronlarını almaq istəyən həmin üç dost-qardaş ölkədən biri də Azərbaycandır.