Türkiyədə Azərbaycan günü keçiridi – FOTOLAR

    12

    Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə İstanbul şəhəri, Başakşəhər rayonu Milli Eğitim (Təhsil) Müdirliyinin “Könül Körpüsü” layihəsi çərçivəsində Başakşəhər Miktat Ağaoğlu Məslək və Texnik Anadolu Lisəsində Azərbaycan günü keçirilib. Türkiyədə yaşayan azərbaycanlı yazar Könül Ordubadi və Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıcı-dramaturq, tədqiqatçı Aygün Həsənoğlu tədbirdə iştirak ediblər.

    Tədbirdən əvvəl məktəb şagirdlərinin əl işlərindən hazırlanmış Azərbaycan sərgisinə baxış keçirilib. Tədbir, Türkiyə və Azərbaycan himnləri ilə başlayıb. Sonra lisənin müdiri Yılmaz Kaptan tədbiri açmış, layihə barədə məlumat verərək Azərbaycan xalqını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığından, lisənin uğurlarından danışmışdır.

    Sonra şagirdlər və müəllimlər çıxış etmişlər. Tədqiqatçı Aygün Həsənoğlu tədbirin təşkili üçün məktəb müdiriyyətinə təşəkkür etmiş, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məruzə etmişdir. Şair Könül Ordubadi da çıxış etmiş, Azərbaycana və Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi şeirlərini oxumuşdur.

    Çıxışlardan sonra ədəbi hissə başlamışdır. Lisənin şagirdləri Azərbaycan və Türkiyədə sevilən “Ayrılıq”, “Sarı gəlin” və digər mahnıları oxumuş, şeirlər söyləmişlər. Tədbirin sonunda məktəbin dizayn bölməsinin şagirdləri tərəfindən hazırlanmış geyimlər nümayiş etdirilmiş və alqışlarla qarşılanmışdır. Tədbirdə, Azərbaycandakı məktəblərdən biri ilə “Qardaş məktəb” layihəsinə başlamaq qərara alınmış, bu tədbirin Azərbaycan-Türkiyə qardaşlığı üçün atılmış gözəl bir addım olduğu qeyd edilmiş və davamının zəruri olduğu vurğulanmışdır.

    Hurriyyet.org