Türkiyədə Azərbaycan vətəndaşlarının test üçün pul ödəməsinə XİN-dən AÇIQLAMA

72

Türkiyədəki Azərbaycan səfirliyi bu ölkədə qalan və vətənə dönmək istəyən vətəndaşlara müraciət edib. Müraciətdə Memorial Sağlıq Qrupu ilə müqavilə bağlandığı bildirilir və həmin vətəndaşların bu səhiyyə müəssisələrində koronavirus testindən keçməsi tələb olunur. Qeyd olunur ki, bu test normalda 1300 lirə (323 manat) olsa da, səfirlikdən bildiriş almış şəxslərə 400 lirəyə (100 manat) başa gələcək. Belə sual meydana çıxır ki, bu ödənişi etməyə maddi imkanı əl verməyən və ölkəyə qayıtmaq istəyən həmvətənlərimiz nə etməlidirlər?
Bununla bağlı Yeniavaz.com-un sorğusuna cavab verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, pulu olmayanlar üçün səfirliyin hər hansı bir köməyi nəzərdə tutulmayıb:
“Vətəndaşın geri qayıtması üçün tələb olunan prosedur budur. Mövcud xəstəlik durumunda vətəndaş geri qayıdırsa, bunun təsdiqi lazımdır ki, o infeksiya daşıyıcısı deyil. Bu test üçün də güzəştli qiymətlər verilib. Azərbaycan tərəfinin təsdiqi olduqdan sonra, yəni uçuş bileti əlində olan və konsulluq tərəfindən təsdiqlənən vətəndaşlara bu qiymətdə test olunur. Əgər bilet almağa vətəndaşın pulu yoxdursa, necə qayıdacaq? Testi verə bilməyən, bileti də ala bilməz belə götürəndə”.