“Türkiyə və Gürcüstana daşınmaz əmlak yatırımları artacaq” – İQTİSADÇI

    18

    “Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ADIF tərəfindən sığorta olunmayacaq və onlara görə kompensasiya ödənilməyəcək. Bu günə qədər manatla qorunan əmanətlər 15%, xarici valyuta ilə isə 3% idi”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib.

    “Bu qərar manatla depozitlərin azalmasına səbəb olacaq”

    Cəfərli qeyd edib ki, bu qərar əvvəl bağlanmış depozit müqavilələrinə aid deyil: “1.Əvvəl bağlanmış müqavilələrin müddəti bitən kimi yeni müqavilələrdə bu qərar nəzərə alınacaq. 2. Azərbaycanın primitiv iqtisadi modeli olduğuna görə depozit faizlərinin azalması kredit faizlərinə təsir etməyəcək, məntiqlə təsir etməlidir. Yəni, depozit faizlərinin enməsi normal ölkələrdə kredit faizlərinin də azalmasına səbəb olmalıdır, amma təsir etməyəcək. 3. Əslində, bu qərar bankları qorumağa yönəlib, bu qədər yardımlara baxmayaraq, bank sektoru hələ də özünə gələ bilməyib, problemlər qalmaqdadı. Çünki bütün iqtisadi sistemin bərbad olduğu bir ölkədə ayrıca bank sistemi normallaşa bilməz. Bank sisteminin vəziyyəti nəticədir. Yəni ümumi sistem problemlərinin nəticəsidir. 4. Bu qərar manatla depozitlərin azalmasına səbəb olacaq, vətəndaşlar riskli manat depozitlərindən çıxacaq. Çox güman ki, Türkiyə və Gürcüstana daşınmaz əmlak yatırımları artacaq, ya da manat depozitlərindən yenidən dollara-avroya sürətli keçid baş verəcək”.

    Şamo EMİN, Hurriyyet.org