“Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər” – Ərdoğan

6

"İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib.

Türkiyə Prezidenti bildirib ki, dörd bir tərəfdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər:

"Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

Sabah Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm".

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki,  ölkəsi Azərbaycanın uğurları ilə fəxr edir: "Həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını Allahdan diləyirəm.

Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcəkdir. Bunu da görəcəyik.

Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadıq. Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram.

Şuranın iclasında əlaqələrimizi hər bir sahədə daha necə inkişaf etdirə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Bir az əvvəl 14 sənəd – memorandum, saziş və protokol imzaladıq. Bu, təbii ki, çox önəmlidir. Aidiyyəti nazirlərimiz bu sahədə işi davam etdirəcəklər. Amma bunların arasında ən önəmlisi, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir.

Nəqliyyat sahəsində də eyni şəkildə. Dəmir yolu ilə bağlı da infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə tamamlanacaqdır. Bu sahədə daha bir önəmli addım qardaşım İlham Əliyev ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etməyimiz oldu. 2019-cu ildə ticarət dövriyyəmiz təxminən 4,5 milyard dollar oldu. Bu rəqəmi 2023-cü ildə, İnşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Buna da nail olmalıyıq. Bu gün imzalanan preferensial ticarət sazişimiz bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq". \\Modern.az