Türkiyə Rusiyadan S-400-ləri ala biləcək? – EKSPERT RƏYLƏRİ

    18

    Elxan Şahinoğlu:“Türkiyə bu qərara görə S-400-lərdən imtina etməz”

    Natiq Cəfərli: “Gələn ilin əvvəlinə qədər Türkiyə bu sazişdən çəkilə bilər”

    Aprelin sonlarında ABŞ-da Respublikaçı senatorlar Ceyms Lankford və Tom Tillis, eləcə də Demokrat Partiyasının Senatdakı təmsilçisi Coanna Şahinn tərəfindən təqdim olunmuş qanun layihəsinə Türkiyəyə F-35 hərbi təyyarələrinin satışını dayandırmaq təklif olunub.

    Göründüyü kimi, iki dövlət arasındakı soyuq münasibətlər düzəlmək bilmir. Ekspertlər ABŞ-ın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qərarının gərginliyi daha da artıracağını bildirirlər.

    Əslində, Türkiyə və Rusiya hökumətləri arasında S-400 anlaşması ABŞ hökumətinə qıcıq verir. Ona görə də F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qərarı Senata təklif ediblər. Göründüyü kimi, vəziyyət o həddə çatıb ki, hətta Türkiyə və Rusiya hökumətləri arasında S-400 anlaşmasına görə ABS hökuməti Türkiyəyə sanksiya da tətbiq edə bilər.

    Təbii ki, Konqres F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qərarı təsdiqləyərsə, Türkiyə də cavab tədbirləri görəcək. Bu, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bəyanatında da vurğulanıb: “ABŞ embarqo qoyarsa cavabını verərik. “F-35” qırıcılarının satışının ləğv edilməsi qəbul olunası bir qərar deyil, əgər ləğv edilərsə, cavablarını alacaqlar”.

    Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell aprel ortalarında verdiyi açıqlamada bildirmişdi ki, Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyənin “F-35” qırıcılarının almasına mənfi təsir göstərə bilər. Amma başqa bir məlumata görə, F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qanun layihəsini təklif edən senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis niyyətlərini amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsdə olması ilə əlaqələndiriblər. Qeyd edək ki, E.Branson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.

    F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qanun layihəsini təklif edən senatorlar biri, Ceyms Lenkford Türkiyə hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu bildirib: “Təəssüf ki, Türkiyənin strateji qərarları tədricən cızığından çıxır və bəzən ABŞ-ın maraqları ilə toqquşur. Bundan başqa, Türkiyə hökuməti getdikcə Rusiyaya yaxınlaşır. Eyni zamanda, Türkiyə amerikalı keşişi günahsız yerə həbsxanada saxlayır və ondan siyasi müzakirələrdə istifadə etmək istəyir”.

    Qeyd edək ki, Türkiyə 2002-ci ildən bəri F-35 layihəsinin tərəfdaş ölkələrindən biridir və bu layihə çərçivəsində təxminən 12 milyard dollar dəyərində 120 ədəd F-35A təyyarəsi satın alacaq. Bu barədə anlaşma var. Türkiyənin təxminən 10 şirkəti bu layihə çərçivəsində müxtəlif ehtiyat hissələrinin istehsalına, mühərriklərə texniki baxış işlərinə cəlb olunub.

    ABŞ Konqresi Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qanun layihəsini təsdiqləyərsə, bu o deməkdir ki, anlaşma pozulacaq. Belə olan halda isə bu layihə çərçivəsində müxtəlif ehtiyat hissələrinin istehsalına cəlb olunan türk şirkətlərinə xeyli ziyan dəyəcək.

    Türkiyə və Rusiya hökumətləri arasında S-400 anlaşması ABŞ hökumətinu narahat etdiyi üçün hətta bu gün S-400-ləri istehsal edən Rusiyanın Rosoboroneksport firması ABŞ tərəfindən sanksiya siyahısına daxil edilib. Bu gün tətbiq edilən sanksiyaların 2 il qüvvədə olacağı bildirilir.

    Aydın görünür ki, ABŞ-ın Türkiyənin Rusiyadan satın aldığı S-400 sistemlərinə mane olmaq üçün hər cür təşəbbüs göstərir. Maraqlıdır ki, S-400-ləri istehsal edən Rusiyanın Rosoboroneksport firması ABŞ tərəfindən sanksiya siyahısına daxil edildiyi təqdirdə Türkiyə və Rusiya hökumətləri arasında S-400 anlaşması həyata keçiriləcək?!

    Amerikanın S-400-ləri istehsal edən Rusiyanın Rosoboroneksport firmasını sanksiya siyahısına daxil etməsi onu deməyə əsas verir ki, artıq Türkiyə və Rusiya hökumətləri arasında S-400 anlaşmasının həyata keçirilməsi sual altına düşür.

    “Amerika hərbi təyyarələr satmaqdan imtina edərsə, Türkiyənin alternativəri var”

    “Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir” - POLİTOLOQ

    F-35 döyüş təyyarələrinin satışının ləğv edilməsi barədə qanun layihəsinin Konqresə təklif edilməsi ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, Amerika Rusiya-Türkiyə arasında hərbi əməkdaşlıqdan narahatdır, narazıdır: “Amma bunun günahkarı da elə Amerikanın özüdür. Çünki Türkiyə Rusiyadan qabaq dəfələrlə həm Avropa ölkələrinə, həm də Amerikaya müraciət etmişdi ki, ona müvafiq hərbi texnika satsın. Amerika isə müxtəlif bəhanələrlə həmin hərbi texnikanı Türkiyəni hədəfə alan terrorçulara pulsuz verirdi. Bu da Türkiyədə böyük narazılqla qarşılandı. Ona görə, imkan düşən kimi lazım olan silahları, raketləri Rusiyadan almağı qərar verdilər. İndi də bu, Amerikada narahatlıq yaradıb. Hələ də Amerika Türkiyəyə müasir silahlar satmır. Əgər Amerika hərbi təyyarələr satmaqdan imtina edərsə, onsuz da Türkiyənin alternativəri var, özü də hərbi istehsalla məşğuldur və yaxud yenə də Rusiyaya müraciət edə bilər. Əksinə, bu qərarla Amerika özü Türkiyə ilə münasibətlərə zərər vermis olacaq. Ona görə, düşünürəm ki, son anda Ağ Evdə Dövlət Departamenti bu işə qarışmalı olacaq ki, Türkiyə ilə geridə qalan körpüləri də yandırmasın. Onsuz da Amerika-Türkiyə münasibətlərində xeyli soyuqluq var, bu qərar da üstünə gələrsə, bu münasibətlər daha da soyuyacaq”.

    “Türkiyə sıradan bir dövlət deyil”

    “Amerika tərəfi bu qərarı gündəmə gətirməklə Türkiyə siyasətində dəyişiklik mümkündürmü” sualına E. Şahinoğlu belə cavab verdi: “Bu cür qərarlarla Türkiyə daxili siyasətini dəyişdirmək mümkün deyil. Türkiyə bu qərara görə S-400-lərdən imtina etməz. Türkiyə sıradan bir dövlət deyil ki, hansısa təzyiq qarşısında Rusiya ilə hərbi əməkdaşlıqdan imitna etsin. Konqres bu qətnaməni qəbul edəcəksə, aydın məsələdir ki, Amerika hərbi təyyarələri Türkiyəyə satmayacaq. Türkiyə də məcbur qalıb ya özü istehsal edəcək, (buna da imkanı çatır) ya da oxşar təyyarələri başqa ölkədən alacaq.

    “Türkiyə S-400-ləri alarsa belə, sonradan yeni ehtiyat hissələri almaq kimi problemlə qarşılaşacaq”

    “ÜDM 10 ildə rəsmilərin dediyi kimi 3,5 dəfə yox, 2,6 dəfə artıb” - NATİQ CƏFƏRLİ

    ABŞ-ın S-400-ləri istehsal edən Rusiyanın Rosoboroneksport firması sanksiya siyahısına daxil etməsinə rəğmən, Türkiyə və Rusiya hökumətləri arasında S-400 anlaşmasının həyata keçirilməsinin mümkünlüyü ilə bağlı iqtisadçı Natiq Cəfərli dedi ki, bu anlaşma sanksiyadan əvvəl bağlanılan anlaşmadır: “Ona görə, həyata keçirilə bilər. Sadəcə, Türkiyənin NATO üzvü olduğu üçün NATO nizamnaməsinə uyğun olaraq NATO standartlarına uyğun silah almaq kimi bir öhdəliyi var. İndi NATO baş katibi Türkiyəyə səfər etdi. Bu yaxınlarda Türkiyə heyəti də NATO-da səfərdə olacaq. Hər şey bu səfərlərin nəticəsindən asılı olacaq. Amma anlaşma bağlanan müddətdə sanksiya yox idi. Bu gündən sonra anlaşmaların bağlanmasına həmin sanksiyanın tətbiq olunması gündəmə gələcək. Hətta bu gündən sonra Türkiyə Rusiyadan S-400-ləri alsa belə, sonradan onların hər hansı bir detalını dəyişmək və yaxud sıradan çıxmış hissələrinə yeni ehtiyat hissələri almaq kimi problemlə qarşılaşacaq. Yəni Türkiyə bunu gözardına alıb, bu anlaşmanı sona çatıdracaqsa, bu zaman Türkiyənin ciddi problemləri yaşana bilər. Ona görə, bu anlaşmanın indiki sanksiyaya dəxli olmasa da, gələcəkdə ehtiyat hissələrinin alınmasında Türkiyə ciddi problemlərə qarşılaşacaq. Mənə elə gəlir ki, bu sazişin tam həcmdə həyata keçirilməsi NATO-Türkiyə görüşlərinin nəticəsindən asılı olacaq. Artıq vəsaitin bir qismi də ödənilib, istehsal da başlanılıb, 2019-cu ildə ilk hissələr təqdim olunmalıdır. Amma bunun hansı səviyyəyə çatacağını demək olmaz və yaxud Türkiyə bu sazişdən çəkilsə, təqribən 1 milyard dollara yaxın kompensasiya ödəməlidir. Müqavilədə bu da var. Əgər NATO bunu öz üzərinə götürsə və Türkiyəni inandıra bilsə, mənə elə gəlir ki, gələn ilin əvvəlinə qədər Türkiyə bu sazişdən çəkilə də bilər

    Şamo EMİN, Hurriyyet.org