Türkiyə ordusu “Koca Yusuf” əməliyyatına başlayır – Azərbaycanlılar da evakuasiya ediləcək…

6

Çində koronovirus epidemiyasının episentri olan Vuhan şəhərindən 35 Türkiyə və 10 Azərbaycan vətəndaşının evakuasiya edilməsi üçün Türkiyə ordusu “Koca Yusuf” əməliyyatına başlayır.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ambulans-təyyarəyə çevrilən və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Koca Yusuf” adlı “Hercules” hərbi-nəqliyyat təyyarəsi bu məqsədlə Vuhana uçmağa hazırlaşır. Təyyarənin heyəti və Vuhandan evakuasiya ediləcək şəxslər xüsusi geyimlərdə olacaq. Evakuasiya ediləcək şəxslər Türkiyədə 14 gün karantində saxlanılacaq. Belə ki, koronovirusun inkubasiya dövrü 14 günə qədər çəkə bilir.

Xəbər verilir ki, Vuhandan Türkiyə və Azərbaycan vətəndaşlarının evakuasiya edilməsi üçün Çin hökuməti ilə danışıqlar aparılıb, icazələr alınıb. Evakuasiya üçün məxsusi olaraq Türkiyə HHQ-nin nəqliyyat təyyarəsi ambulans-təyyarəyə çevrilib, göyərtəsinə zəruri avadanlıqlar quraşdırılıb.

Səhiyyə naziri Fahrettin Koca jurnalistlərə bildirib: “Vuhandakı vətəndaşlarımızda hazırda xəstəlik əlamətlərinin olmadığını öyrəndik. Ancaq buna baxmayaraq onlara ilkin tbbi müdaxilə Vuhan aeroportunda göstəriləcək. Təyyarədə tibbi persnal olacaq, pilotlardan digər heyət üzvlərinə qədər hər kəs xüsusi qoruyucu geyimdə olacaq. Türkiyəyə gətirilən vətəndaşlar 14 gün karantində saxlanlacaq ki, kimsənin ağlında sual işarəsi qalmasın”.

KİV-lər yazır ki, evakuasiyadan əvvəl həmin adamlardan xəstə olub-olmadıqları haqda məcburi izahat alınacaq. Daha sonra Vuhan aeroportunda onlar həkim-infeksionistin müayinəsindən keçəcək və xüsusi geyimlə təyyarəyə daxil olacaq. Geri qayıdarkən təyyarədə sərnişinlərin hər birinə ayrı paketlənmiş qidalar və birdəfəlik qablarda içkilər veriləcək, tullantılar üçün hər bir sərnişinə ayrı qutu ayrılacaq. Təyyarədə eyni anda birdən çox şəxsin maskasını çıxarmasına və yemək yeməsinə, maye içməsinə icazə verilməyəcək.

Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vuhandan türkiyəlilərin və azərbaycanlıların evakuasiyası üçün tapşırıq verdiyini açıqlayıb. Ərdoğan bildirib ki, Azərbaycan tərəfi öz vətəndaşlarının evakuasiyası üçün Türkiyədən kömək istəyib.