“Türkiyə NATO üzvü qalmalıdır” – KAMRAN SULTANLI

    3

    “NATO Türkiyənin həm Qərb, həm də Şərqdən gələn təhlükələri önləməsi üçün önəmli platformadır”

    “Türkiyə Rusiyadan S400 aldıqdan sonra Türkiyənin NATO-dan çıxması ilə bağlı geniş müzakirələr aparıldı. Bu mövzu Azərbaycanda, Türkiyədə aktual olaraq müzakirə edilir. Rusiya mediasi isə bunu olduqca aktiv şəkildə işıqlandırır. Rusiyanın Türkiyənin NATO-dan çıxması ilə bağlı mövzunu bu qədər tirajlaması anlaşılandır. Bu, Moskvanın arzuladığı senaridir”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Kamran Sultanlı şərh edib.

    “Türkiyəni NATO-nun qoruması vacibdir”

    K. Sultanlı qeyd edib ki, Türkiyə NATO-da tək Rusiya tərəfindən təhlükələri önləmək üçün üzv qalmır, həmçinin Qərbin özündən də gələcək təhlükələri önləmək üçün bu təşkilat önəmlidir: “NATO Türkiyəni faktiki Şimali Atlantika dünyasının üzvünə çevirir. Türkiyəni birbaşa okeanın o tayı ilə müttəfiq edir, koordinasiya edir. NATO Türkiyəni daima qoruyub və yenə də qoruyur. Türkiyə dörd dəfə NATO-nun 4-cü maddəsinə istinad edərək alyansdan yardım istəyib. Əgər sabah Türkiyəyə qarşı hər hansısa hücumu NATO önləməsə, bu alyansın özünün də imicinə zərbə endirər. Bu, həm də Avropa dövlətlərini qayğılandırar ki, sabah mənə qarşı təhlükəni də alyans önləməz. Bu baxımdan, Türkiyəni NATO-nun qoruması vacibdir”.

    “Ərdoğanın S-400 qərarı hərbidən çox, siyasidir”

    “Türkiyə NATO üçün önəmlidir, lakin NATO-Türkiyə əlaqələrinə birtərəfli yanaşmayaq. Türkiyənin NATO üçün önəmi olduğu kimi NATO-nun da Türkiyə üçün önəmi böyükdür. S-400 komplekslərinin Türkiyə tərəfindən alınmasında ABŞ-ın böyük nöqsanı var. Obama administrasiyası bu məsələdə böyük nöqsana yol verdi. Lakin zənnimcə, Erdoğan Obamanın ona “yox” deyəcəyini bilirdi və buna görə də Amerikaya müraciət etdi. “Yox” cavabından dərhal sonra isə Ankara bunu bəhanə edərək Moskvaya müraciət etdi. Bununla həm Türkiyə Rusiya ilə təyyarə olayından sonra əlaqələri düzəltmək üçün vasitə kimi istifadə etdi. Digər tərəfdən Əsədin Suriya səhnəsində dominantlığı ələ alması Türkiyənin Rusiya amilini nəzərə almağa vadar edirdi. Erdoğanın S-400 qərarı hərbidən çox, siyasidir. Bu, həm də Qərbə darbə hadisələri ilə bağlı mesaj və revanj xarakterli bir bazarlıqdır. Baxmayaraq ki, sonralar Vaşinqton “Patriot”ları Türkiyəyə satmağa icazə verdi, lakin Türkiyə texnoloji əməkdaşlığı da Vaşinqtondan tələb edirdi. ABŞ özünün texnoloji sirrlərini çox az dövlətlərlə(İsrail və Britaniya) bölüşür. ABŞ bəzi hərbi məhsullarını heç ixrac belə etmir. Örnəyi beşinci nəsil F-22 Raptor təyyarələridir”,-deyə politoloq nəzərə çatdırıb.

    “Alyansdan çıxmaq asandır, lakin oraya qayıtmaq çətindir”

    K. Sultanlı vurğulayıb ki, Türkiyə hər nə qədər son dövrlər Avrasiya cəbhəsi ilə yaxınlaşsa da, Türkiyə əvvəlki tək bir Qərb dövləti olaraq qalır: “NATO Türkiyənin demokratikləşməsində, texnoloji inkişafında və sistematik transformasiyasında böyük rol oynadı. NATO sahəsində Türkiyə özünə qarşı təhdidləri önləyə bilir. NATO Türkiyənin həm Qərb, həm də Şərqdən gələn təhlükələri önləməsi üçün önəmli platformadır. Üstəlik NATO Türkiyəni güclü şəkildə Qərblə iqtisadi inteqrasiyaya yönəldib. Alyansdan çıxmaq asandır, lakin oraya qayıtmaq çətindir. Bəzən dövlətlər NATO-nun hərbi qolundan çıxsalar da, mülki qolunda qalırlar.(Fransa soyuq müharibə dövründə bu cür hərəkət etmişdi). Fransa və Yunanıstan NATO-nu tərk etsələr də, sonda yenidən alyansa geri qayıtdılar. NATO-nun üzv dövləti xaric etməsi kimi bir mexanizmi yoxdur. Üzv dövlət özü alyansı tərk edə bilər. Lakin Türkiyənin buna gedəcəyini zənn etmirəm. Türkiyənin bu təşkilatdan imtinaya vadar etmək istəyən dairələr var. Bu, həm Qərbdə, həm də Şərqdə mövcuddur. Atatürkün NATO-da təhqir edilməsi kimi bu cür təxribatlar daima olub və bundan sonra da ola bilər. Amma Ankara bu cür insidentlərə görə geosiyasi strategiyasını dəyişməz”.

    “İncirlik Türkiyə və NATO üçün simvolik və ideoloji əhəmiyyətə malikdir”

    “Türkiyə-NATO əlaqələrində İncirlik bazasının böyük rolu var. Bu baza soyuq müharibə dövründə böyük əhəmiyyətə malik olub. Bu baza ABŞ-ın deyil, NATO-nun bazasıdır. Bu bazanın hazırda ABŞ üçün rolu soyuq müharibədə olduğu qədər həyati deyil. Lakin Türkiyə bu bazanı bağlamır. Kipr hərakatından sonra qısa zaman bağlansa da, sonradan yenidən açıldı. Hətta darbə hadisələrindən sonra bağlanacağı ilə bağlı məsələlər qaldırılsa da, bu məsələ daha sonra müzakirə olunmadı. İncirlik Türkiyə və NATO üçün simvolik və ideoloji əhəmiyyətə malikdir. Bu baza Türkiyəni AvroAtlantik məkanla bağlayan əsas vasitədir. Türkiyə höküməti bazanı bağlasa, AvroAtlantik məkandan imtina etmiş görüntüsü yaranacaq. Türk höküməti buna gedəcəyini zənn etmirəm. İncirlik əvvəlki qədər xüsusi rola malik olmasa da, lakin həm NATO həm də Türkiyə ABŞ üçün simvolik rola malikdir. Bazanın bağlanmasından hər iki tərəf itirəcək”,-deyə politoloq əlavə edib.

    “Türkiyənin əsas ixrac marşrutu məhz Qərbdir”

    K. Sultanlı hesab edir ki, Türkiyə-NATO əlaqələrində iqtisadi amilin xüsusi rolu var: “Türkiyənin əsas iqtisadi tərafdaşları NATO üzvləridir. Türkiyənin onlarla güclü iqtisadi aslılığı var. Həmçinin Türkiyənin əsas ixrac marşrutu məhz Qərbdir. Türkiyənin NATO üzvü olmasına görə Qərb Ankaraya qarşı ən azı İran kimi daha sərt sanksiyalar tətbiq etmir, daha çox simvolik xarakterli sanksiyalar tətbiq edir. 90-cı illərdə İranla Türkiyə arasında müharibə xarakterli hadisə baş verə bilərdi. Həmin dövr Türkiyədə Tansu Çillər rəhbər idi. İranın Türkiyəyə qarşı sərt ritorikası əslində, NATO-ya müharibə elanı idi. Bu hadisədən dərhal sonra gecə Bill Klinton yuxudan oyanır və NATO vasitəçik edir, münaqişənin qarşısı alınır”.

    “Bu gün Rusiya Qara dənizdə gücünü artırır”

    Sultanlının fikrincə, sövlətlərin hər hansısa qurumdan çıxması asan proses deyil: “Üstəlik güclü inteqrasiya etdiyin qrupa. Erdoğanın uzun illər etdiyi bir çıxışı hələ də aktualdı. Erdoğan Rusiyanın Qara dəniz və Balkanlarda artan gücündən narahat olmuşdu. Bu gün Rusiya Qara dənizdə gücünü artırır. Bu isə Türkiyə üçün NATO-nun ehtiyacını artırır. Bütün bunlara görə Türkiyə NATO üzvü qalmalıdır. Eyni zamanda Suriyadaki proseslərə görə Rusiya ilə də balansı qorumalıdır”.

    Şamo EMİN, Hurriyyet.org