Türkiyəyə qarşı birləşən ölkələrin məqsədi nədir?

138

İbrahim Rüstəmli: “Bu dövlətlərin məqsədi Türkiyəni istər hərbi, istərsə də siyasi baxımdan çökdürməkdir”

İlqar Vəlizadə: “Uzunmüddətli gərginlik yaşana bilər, amma müharibənin olmasından danışmaq mümkün deyil”

Xəbər verdiyimiz kimi, Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə toplantı keçirilib. Toplantıda Türkiyə tərəfindən guya suverenliyi pozulanYunanıstan və CənubiKiprə dəstək ifadə edilib, 24-25 sentyabrda keçiriləcək Avropa Birliyi zirvə toplantısında Türkiyəyə qarşı sanksiyanın görülə biləcəyi xatırladılıb.

Mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli, Türkiyə ətrafında baş verən hadisələrin zaman-zaman planlaşdırıldığını və bütün bunların qardaş ölkəni susdurmaq məqsədi daşıdığını bildirdi: “Əslində hazırda “soyuq müharibə” gedir.

Belə ki, indi Türkiyəyə qarşı müxtəlif istiqamətdə mübarizə cəbhəsi açılıb. Son vaxtlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaya həm siyasi, həm də hərbi iradə qoyması, həmin dövlətlərdə çox ciddi qıcıq yaradıb. Dünyada Türkiyə ətrafında baş verən hadisələr hamısı birmənalı şəkildə zaman-zaman planlaşdırılmışdır. Bütün bunlar Türkiyəni susdurmaq məqsədi daşıyır.

Rəcəb Tayyib Ərdoğan bu cür insanlara qarşı birmənalı şəkildə və açıq kontekstdə çıxış edir. Belə olan vəziyyətdə, istər Türkiyənin, istərsə də şəxsən özünün mövqeyini ortaya qoyur. Başda Fransa olmaqla, digər dövlətlər narahat olmağa başlayıb. Bu dövlətlərin məqsədi Türkiyəni istər hərbi, istərsə də siyasi baxımdan çökdürməkdir. Müxtəlif  vaxtlarda Türkiyənin Avropa Birliyinə daxil olmasıyla bağlı Fransa kəskin reaksiyalar sərgiləyib. Fransanın müstəmləkəçilik siyasətini baxdıqda görürsən ki, on milyonlarla insanın həyatının itirilməsinə səbəb olub. Bütün bunlar, Türkiyə prezidentinin çıxışlarında da əksini tapır. Bu kimi faktlar bütün dünya birliklərinə də çatdırılır. İnidiki zamanda, Türkiyəyə qarşı bu cür birliyin yaranması müharibənin yarana biləcəyi ehtimalını artırır. Ancaq hələlik müharibənin başlanması real görünmür”.

Politoloq İlqar Vəlizadə isə Türkiyənin NATO-nun üzvü olduğunu, NATO-nun daxilində tənzimləyici formatların olması səbəbindən baş verə biləcək müharibənin qarşısının alınacağını qeyd etdi: “Müharibədən danışmaq hələ ki, tez görsənir.

Yeri gəlmişkən, bu format artıq neçə illərdir ki regionda mövcuddur. Ümumiyyətlə, Aralıq dəniziylə bağlı fəaliyyət göstərən dövlətlərin birliyidir. Sadəcə olaraq, son vaxtlar Türkiyəylə Yunanıstan arasında gərginlik müşahidə olunur. Digər tərəfdən, bu format illərdir fəaliyyətdədir. Sözügedən dövlətlərin toplanması antitürk formatını əks etdirmir. Qara dənizdə yaşanan gərginlik, bu formatda Türkiyəyə qarşı çıxışlara gətirib çıxarır. Lakin tənzimləyici mexanizmlər müharibənin reallaşmasına imkan vermir. Türkiyə eyni zamanda, NATO-nun üzvüdür. NATO daxilində müxtəlif tənzimləyici formatlar var. Bunların işə salınması müharibənin qarşısını alacaq. Sadəcə, uzunmüddətli gərginlik yaşana bilər, amma müharibənin olmasından danışmaq mümkün deyil”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, MED-7 (Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr) zirvəsində qəbul edilən bəyanatda Şərqi Aralıq və Kipr məsələsi ilə bağlı ifadələrin hüquqi əsasının olmadığını bəyan edib.

YƏHYA