Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İran kəşfiyyatı üçün işlədiyi aşkar edilən 11 nəfəri həbs edib

381

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İranın Türkiyədəki kəşfiyyat şəbəkəsinə böyük zərbə endirərək, İran kəşfiyyatı üçün çalışan narkotik qaçaqmalçısı Zindaşti ilə əlaqəsi olan 11 nəfəri yaxalayıb.

TRT Haber kanalının bildirdiyinə görə, məsələ İsveçdə 14 il sürgündə qalan iranlı müxalifətçi Həbib Çaabın Türkiyəyə gəldikdən sonra yoxa çıxmasından sonra başlayıb. Türkiyə Milli Kəşfiyyat Təşkilatının çevik şəkildə apardığı təhqiqat Çaabın yoxa çıxmasının ardındakı sirli hadisələr zəncirini aşkara çıxarıb. Təhlükəsizlik idarəsinin əldə elədiyi faktlar nəticəsində, iranlı müxalifətçinin İran kəşfiyyatına xidmət edən narkotik alverçisi Zindaşti tərəfindən, keçmiş həyat yoldaşının vasitəsi ilə tələyə salındığı bəlli olub.

İrana qaçırılıb

Əldə olunan məlumata görə, keçmiş həyat yoldaşı Çaabı görüşmək və 100 min avro borc vermək vədi ilə İsveçdən İstanbula dəvət edib. Çaab da 9 oktyabr tarixində Beylikdüzü rayonunda yerləşən bir ünvana gedib, keçmiş həyat yoldaşının içərisində olduğunu güman elədiyi mikroavtobusa minib. Maşına minən kimi, bihuş edilərək qaçırdılıb. Zindaştinin adamları İrana doğru yola çıxıblar, alternativ yollarla Vana, oradan da İrana gediblər.

İstintaqı dərinləşdirən Milli Kəşfiyyat Təşkilatı İran kəşfiyyatı ilə əlaqədar olan bir qrupu ifşa edib. Zindaştiyə xidmət edən və hadisədə əli olan 11 nəfər aşkar edilərək tutulub.