“Türkiyənin masada oturmaması bizə ziyandır” – ELXAN ŞAHİNOĞLU

114

“Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar formatı dəyişdirilməməlidir, bu, Azərbaycan üçün zərərlidir”

“Minsk Qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya və Portuqaliya da var. Belarus məlum, öz hayındadır, İsveçi, Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin qrupda olmasının bizə nə faydası var?” Hurriyyet.org xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar formatı dəyişdirilməməlidir: “Bu maddənin Azərbaycan üçün zərərli olduğunu bəyanat qəbul edilən gün bildirdim. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 4-cü bəndin zərurətini belə izah etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi alınmadı, Dağlıq Qarabağ separatçıları danışıqlarda iştirak edə bilməyəcəklər. Ancaq bu bəndin başqa tərəfi də var ki, danışıqlar formatının dəyişməməsi Türkiyənin masada oturmasını əngəlləyir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, onsuz da separatçılarla birbaşa danışıqların mümkün olmadığı çoxdan bəllidir: “Türkiyənin masada oturmaması isə bizə ziyandır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarıyla Moskvadakı görüşündə İrəvanın narahatlığına səbəb olmadığını, 4-cü bəndə görə Türkiyənin danışıqlarda iştirak etməyəcəyinə işarə etdi”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org