“Türkiyənin masada olması kifayət qədər uğurlu nəticədir”

378

Natiq Cəfərli: “Dekabrın 1-nə qədər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra, yeni sülh sazişi ilə bağlı danışıqlar başlana bilər”

“Rusiya ordusunun missiyası çox ciddi çərçivələnməlidir və bu çərçivələri yaratmaq üçün Azərbaycan parlamentinin xüsusi qərarına ehtiyac var”

“Türkiyənin siyasi dəstəyi olmasaydı, Azərbaycan ordusunun böyük qələbələr əldə etməsi bu qədər qısa zamanda baş verməzdi”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli ilə 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanan Qarabağ münaqişəsinin həllinə dair bəyanat, Azərbaycan-Naxçıvan arasında dəhlizin açılması, Türkiyənin Rusiya ilə birlikdə işğalından azad edilmiş torpaqlarda yaradılacaq ortaq mərkəz əsasında atəşkəslə əlaqədar fəaliyyətləri və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“İlkin dəyərləndirmədə bu bəyanatın müsbət tərəfləri ilə yanaşı, şəxsən məni narahat edən və gələcəyimiz üçün təhdid yarada biləcək tərəfləri də var”

– Natiq bəy, sözügedən bəyanatı necə dəyərləndirirsiniz? Sizcə, hansı müsbət və mənfi tərəfləri var?

– Öncə qeyd edim ki, bu sənəd ilkin şərtlərin razılaşdırılması və atəşkəsin parametlərinin müəyyənləşdirilməsi ilə bağlı ilkin bəyanatdır. Çox güman ki, bundan sonra böyük sülh sazişi olmalıdır. Yəni, güman ki, dekabrın 1-nə qədər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra yeni sülh sazişi ilə bağlı danışıqlar başlana bilər. Təbii ki, ilkin dəyərləndirmədə bu bəyanatın müsbət tərəfləri ilə yanaşı, şəxsən məni narahat edən tərəfləri də var. Müsbət tərəflər ondan ibarətdir ki, sentyabrın 27-də başlanan əks-hücum əməliyyatının 45-ci günündə Şuşada, o cümlədən işğal olunmuş digər şəhər və rayonlarımızda Azərbaycan bayrağının dalğalanmasını təsəvvürümüzə belə, gətirmirdik. Hesab edirəm ki, Azərbaycanın Rusiya və Ermənistanla birgə imzaladığı bu bəyannaməni böyük ölçüdə 2020-ci ilin noyabr ayına qədər hansı üstünlükləri əldə etmək mümkün idisə, həmin üstünlüklərin əldə olunması ilə bağlı imzalanmış sənəd kimi dəyərləndirmək olar. Bu, müvəqqəti qələbədir, lakin hələlik tam zəfər deyil. Tam zəfər o zaman olardı ki, Dağlıq Qarabağ məsələsi birdəfəlik öz həllini tapardı və onda bu, zəfərlə bitmiş bir əməliyyat olardı. Amma insafən, sentyabrın əvvəllərində heç bizim ağlımıza da gəlməz və bəlkə də heç xəyal da qurmurduq ki, 44 günlük əməliyyatdan sonra Şuşa, o cümlədən Dağlıq Qarabağ ətrafındakı bütün rayonlar Azərbaycanın nəzarətinə keçəcək, işğaldan təmizləmə əməliyyatında uğurla başa çatacaq bir məkana çevriləcək. Təbii ki, bunu da nəzərə almaq lazımdır. Odur ki, qəhrəman ordumuz əlindən gələmi etdi və bu uğur üçün əsgərlərimizə, zabitlərimizə çox borcluyuq. Məhz onların fədakarlığı nəticəsində belə bir müqavilənin bağlanması mümkün oldu. Yəni, bir qədər öncə də qeyd etdiyim kimi, ümumilikdə götürdükdə sözügedən bəyannamənin üstün tərəfləri də var, bizi narahat edən və gələcəyimiz üçün təhdid yarada biləcək tərəfləri də var. Ona görə də birmənalı qiymətləndirmək olmur. Yəni bunu həmin dövr üçün qələbə kimi dəyərləndirmək olar, amma ümumi zəfər kimi qiymətləndirmək çox çətindir.

“Azərbaycanda kiçik bir kontingent olsa da, Rusiya ordusunun nümayəndələrinin olması bizim gələcəkdə ata biləcəyimiz addımları kifayət qədər məhdudlaşdırır”

– Bildirdiniz ki, bəyanatın gələcəyimiz üçün təhdid yarada biləcək tərəfləri də var. Həmin sənədin 3-cü bəndində deyilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1 960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Təhdid dedikdə bunu nəzərdə tutursunuz?

– Bəli. Çünki 1990-cı illərdə Rusiyanın hərbi strateji doktrinasında, ətraf postsovet respublikalarının hamısında öz qoşunlarının yerləşdirilməsi ilə bağlı müddəa vardı. Cənubi Qafqazda yeganə ölkə Azərbaycan idi ki, burada Rusiya qoşunları yox idi. Ermənistanda iki hərbi bazası var, Gürcüstanın Abxaziya və Osetiya bölgəsi faktiki olaraq Rusiya tərəfindən işğal olunub və orada da hərbi bazalar yerləşdirilib. Bu, beynəlxalq müqavilələrə əsasən de-yure Gürcüstan ərazisi sayılır. Orda da rus qoşunları var. Beləliklə, yalnız Azərbaycanda yox idi. Lakin indi Azərbaycanda kiçik bir kontingent olsa da, Rusiya ordusunun nümayəndələrinin olması bizim gələcəkdə ata biləcəyimiz addımları kifayət qədər məhdudlaşdırır. Yəni sülhməramlı adı altında Rusiya qoşunlarının Qarabağ ərazisində olması gələcəkdə Azərbaycanın özünün müstəqil şəkildə müəyyən addımlar atmasını mümkünsüz edir. Düşünürəm ki, ən böyük təhlükə də məhz bundan ibarətdir.

“Çox təəssüf ki, gələcəkdə geniş sülh müqaviləsinin bağlanmasında Xankəndi və ətrafında yerləşən ərazilərin statusu məsələsi gündəmə gələ bilər”

– Necə düşünürsünüz, bu bəyanatdan sonra artıq Dağlıq Qarabağdakı qondarma rejimin mövcudluğuna birdəfəlik son qoyuldu? Yəni bir müddət sonra status məsələsi yenidən gündəmə gətirilə bilərmi?

– İlkin imzalanmış sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç nə yoxdur. Əslində, doğrusu da elə budur. Çünki artıq status məsələsi tarixə qovuşmalıdır. Lakin çox təəssüf ki, son zamanlar elə Rusiya tərəfindən səsləndirilən rəsmi bəyanatlardan görünən odur ki, gələcəkdə Dağlıq Qarabağın yerdə qalan hissəsinin, yəni Xankəndi və ətrafında yerləşən ərazilərin statusu ilə bağlı məsələlərin müzakirə olunması ehtimalı artır. Yəni gələcəkdə sülh müqaviləsi çərçivəsində bun məsələnin də müzakirəyə açılacağı gözlənilir. Amma ilkin bəyannamədə belə bir bənd yoxdur. Bu, bizə sərf edə biləcək məqamdır. Ancaq çox təəssüf ki, gələcəkdə geniş sülh müqaviləsinin bağlanmasında bu məsələ gündəmə gələ bilər.

“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşməsi və ümumilikdə Türkiyəyə qədər birbaşa yolun olması çox vacibdir, amma…”

– Bəyanatda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni koridorun yaradılması da öz əksini tapıb. Bu, bizə nə verə bilər? Bunun hansı üstünlükləri var?

– Əslində, həmin yolların, kommunikasiya xəttlərinin açılması çox vacibdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşməsi və ümumilikdə Türkiyəyə qədər birbaşa yolun olması çox vacibdir. Amma məsələ ondadır ki, həmin yolun statusu, təhlükəsizliyi, hansı formada olacağı və nə zaman həyata keçiriləcəyi ilə bağlı heç nə yoxdur. Həmin yolun Ermənistan ərazisindən keçən hissəsində, təqribən 30 kilometrlik bir yol tikilməli, yeni kommunikasiya xəttləri çəkilməlidir. Bu işləri kimin həyata keçirəcəyinə və bu zaman təhlükəsizliyə kimin necə zəmanət verəcəyinə dair hələlik aydınlıq yoxdur. Əgər Ermənistan sözünün üstündə durub dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçından çıxsa, bundan sonra imzalanacaq geniş sülh müqaviləsini bağlansa, bunun da detalları məlum ola bilər. Əslində, əgər bu, həyata keçsə və təhlükəsiz qaydada Bakıdan qatar və ya avtomobillə Naxçıvana, oradan isə Türkiyəyə keçmək mümkün olsa, təbii ki, bu, uğurdur, pozitiv gəlişmədir. Amma bunun hansı formada həyata keçirilməsi hələ də ciddi suallar doğurur.

“Ermənistan bəyanatın şərtlərinə əməl etməsə, Azərbaycan ilk növbədə, beynəlxalq hüquqa əsasən bu sazişin qarantı rolunu oynayan Rusiyaya bütün diplomatik kanallarla rəsmi müraciət göndərir…”

– Əgər Ermənistan bəyanatda qeyd olunan şərtlərə əməl etməsə, o zaman nə baş verəcək?

– Ermənistanın bəyanatın şərtlərinə əməl etməməsi birbaşa Rusiyanın məsuliyyətini artırır. Bildiyiniz kimi, ilk zaman xətti noyabrın 15-dir. Orda biz test olacaq və bu zaman qarşı tərəfin niyyətini görəcəyik. Əgər belə bir hal baş verərsə, yəni dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçından çıxmasalar, yaxud da bunu gecikdirərlərsə, onda Azərbaycan ilk növbədə, beynəlxalq hüquqa əsasən bu sazişin qarantı rolunu oynayan Rusiyaya bütün diplomatik kanallarla rəsmi müraciət göndərir, müəyyən sürə tanıyır, 2-3 gün vaxt verə və bunun yerinə yetirilməsini Rusiya tərəfindən tələb edə bilər. Əgər bu da baş verməsə, artıq imzalanmış sənəd qüvvədən düşmüş sayılır və Azərbaycan öz ərazi bütövlüyünü ordusu hesabına bərpa etmə missiyasını davam etdirə bilər.

“Azərbaycan və Türkiyə rəsmiləri tərəfindən səsləndirilən bəyanatlarda bu mexanizmdə Türkiyə ordusunun iştirak edəcəyi təsbit olunub”

– Qardaş Türkiyənin prosesdə rolu və onun silahlı qüvvələrinin Rusiya ordusu ilə birgə nəzarət mexanizmi necə tənzimlənəcək? Çünki bəyanatda belə bir bənd yoxdur.

– Düzdür, bəyanatda Türkiyənin adı çəkilmir, amma orda birgə nəzarət mexanizminin yaradılması var. Lakin kimlərin iştirak edəcəyi növbəti danışıqlar mərhələsində müzakirə ediləcək. Qardaş Türkiyə əks-hücum əməliyyatının ilk günündən, hətta ondan da əvvəl Azərbaycana böyük mənəvi dəstək oldu və bu günə qədər bu dəstək sürdürülür. Mənə elə gəlir ki, Türkiyənin siyasi dəstəyi olmasaydı, Azərbaycan ordusunun böyük qələbələr əldə etməsi bu qədər qısa zamanda baş verməzdi. Yəni həm Türkiyənin hərbi sənaye kompleksinin Azərbaycan tərəfinə satdığı müasir silahlar, həm də siyasi dəstəyi kifayət qədər dəyərlidir. Türkiyə bununla da qardaş ölkə olduğunu bir daha sübut etdi. Dağlıq Qarabağ məsələsinin son nizamlanma mərhələsində Türkiyənin istənilən formada masada olması kifayət qədər uğurlu nəticədir. Bu mexanizmin hansı formada yaradılacağı, necə işləyəcəyi hələ tam aydın olmasa da, amma hər halda Azərbaycan və Türkiyə rəsmiləri tərəfindən səsləndirilən bəyanatlarda bu mexanizmdə Türkiyə ordusunun iştirak edəcəyi təsbit olunub. Lakin bunun hansı formada həyata keçiriləcəyi hələlik tam məlum deyil. Çox güman ki, bu monitorinq mərkəzi Dağlıq Qarabağa yaxın ərazilərin birində yaradılacaq. Böyük ehtimalla, bu ya Bərdə, ya Tərtər, ya da Gəncə ola bilər. Və orda Türkiyə zabitlərinin, texniki vasitələrinin iştirakı ilə atəşkəs rejiminə nəzarət mexanizmlərinin yaradılması ilə bağlı ümumi razılığa gəlinəcək. Hər halda Azərbaycan və Türkiyə prezidentlərinin bununla bağlı bəyanları var. Düşünmürəm ki, bu, havada qalacaq sözlərdir. Yəqin ki, bunun reallaşdırılması, həyata keçirilməsi mümkündür və olacaq. İndi burda Rusiya tərəfinin mövqeyi çox maraqlıdır. Çünki dünən (srağagün-red.) Rusiya tərəfindən gələn açıqlamalar bir az narahatverici oldu. Belə ki, Putinin mətbuat katibi Peskov Türkiyə qoşunlarının sülhməramlılara heç bir aidiyyatının olmayacağını söylədi. Ancaq müxtəlif monitorinq missiyalarında birgə fəaliyyətlə bağlı ümumi bir razılığın olduğunu və bunun sonradan detallı şəkildə xüsusi müqavilə ilə tənzimlənəcəyini bildirdi. Burda artıq o müqavilə şərtlərinin nədən ibarət olacağı olduqca maraqlıdır. Gərək Azərbaycanla Türkiyə birlikdə öz istəklərini israrla diqtə etməyi bacarsınlar.

“Bu 5 illik müddət daha ciddi və aydın şəkildə Azərbaycan qanunlarına uyğun olaraq, parlamentin qəbul edəcəyi hər hansı bir qərarda mütləq göstərilməlidir”

– Bu cür taleyüklü bəyanat imzalanmazdan öncə parlamentdə müzakirə olunsaydı daha doğru olmazdı?

– Təbii ki, məntiqlə belədir. Yəni parlamentdə müzakirə olunmalıydı, ictimai müzakirələr də olmalıydı. Amma yəqin ki, müharibənin və diplomatiyanın da öz qaydaları var. Azərbaycanda hərbi vəziyyət formal olaraq hələ də davam edir, prezidentin səlahiyyətləri də var. Belə ki, Konstitusiyaya əsasən müxtəlif müqavilələrin imzalanması səlahiyyəti də var. Yəni qanunvericiliyi bir kənara qoysaq, siyasi və taleyüklü bir məsələ olduğuna görə, bunun geniş müzakirə olunmasına ehtiyac var idi. Və Rusiya qoşunlarının Azərbaycan ərazisində hansısa bir formada mövcudluğu mütləq parlamentdə müzakirə olunub, hansısa bir qərara bağlanmalıydı. Düzdür, ilkin bəyannamədə 5 illik müddət göstərilib. Lakin bu 5 illik müddət daha ciddi və aydın şəkildə Azərbaycan qanunlarına uyğun olaraq, parlamentin qəbul edəcəyi hər hansı bir qərarda mütləq göstərilməlidir. Həmçinin, bu 5 illik müddətin göstərilməsi çox ciddi çərçivələrə və şərtlərə əsaslanmalıdır. Yəni Rusiya ordusunun missiyası çox ciddi çərçivələnməlidir və bu çərçivələri yaratmaq üçün Azərbaycan parlamentinin xüsusi qərarına ehtiyac var.

“Rusiyanın tarixini, atdığı addımları nəzərə alsaq, təbii ki, Rusiyanın burdan qoşunlarının bizim istəyimizlə çıxarılması bir az qəlizdir, çətindir”

– Sizə elə gəlirmi ki, Rusiya həqiqətən də 5 il sonra bizim tələbimizlə Azərbaycanın ərazisini tərk edəcək? Bu, inandırıcı görünür?

– Əslində, çətin sualdır. Rusiyanın tarixini, tarixdə atdığı addımları nəzərə alsaq, təbii ki, Rusiyanın burdan qoşunlarının bizim istəyimizlə çıxarılması bir az qəlizdir, çətindir. Ona görə də deyirəm ki, bununla bağlı Azərbaycan parlamentində müqavif qanun qəbul olunmalı və bu zaman çox ciddi çərçivələr bəlli olmalıdır. Eyni zamanda, məhz bu məsələdə Türkiyənin rolu qanunvericilik şəklində təsbit olunmalıdır. Yəni Rusiya qoşunlarının Azərbaycandan çıxarılması, sülhməramlı missiyasının bitməsi məsələsinə Türkiyə də daxil edilməlidir. Yəni Azərbaycan tərəfinin tələbi olarsa, Türkiyənin də daxil olacağı monitorinq qrupu bunu birdəfəlik nəzarətdə saxlayıb və Türkiyə ilə birgə bu işin görülməsi daha vacibdir. Odur ki, Türkiyənin bu məsələdə aktiv rol alması önəmlidir, hətta biz parlamentdə qərar qəbul edərkən bunu qanunvericilik şəklinə də sala bilərik. Bu, gələcəkdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılması şansını xeyli artırmış olar.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU