“Türkiyənin hərbi dəstəyinə ehtiyac olsa, biz bu variantı nəzərdən keçirəcəyik”

69

İlham Əliyev: “Bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var”

“Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib. “Hürriyyət” müsahibəni ixtisarla oxucularına təqdim edir.

– Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz?

– Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur.

– Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz?

– Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq.

– Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?

– Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər.

– Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.

– Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq.

– Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

– Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.

– Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?

– Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?

– Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?

– Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər.

– Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar.

– Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər.

– Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkən fikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən, Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusilə türk dronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol verilə bilər?

– Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik.

– Lakin bu…

– Biz onu bərpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu bərpa edəcəyik.

– Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs öldürülüb? Onların sayı nə qədərdir?

– Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405 nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağıdılmışdır, ya da ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz oraya gedib onları yoxlaya bilərsiniz.

– Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və sonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək üçün qarşımız alınmışdır. Bizə bu dəfə oraya gedə biləcəyimizə dair təminat verə bilərsinizmi?

– Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu, mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında qanunvericiliklə tənzimlənir. Ona görə, bu səfər müvəqqəti qaydalara uyğun olmalıdır.

– Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə bilmərik?

– Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş verdiyi yerə getməyi?

– Bəli.

– Orada jurnalistlər olublar.

– Lakin onlar sərbəst hərəkət etməyiblər.

– “Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz?

– Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət etmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münaqişələrdə bunu edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz öz seçimlərimizi edirik, oraya gedirik və hadisələri lentə alırıq.

– Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var – onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq.

– Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi səslənir.

– Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünki Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləği Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar yoxsulluqdan xilas olacaqlar…

– Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?

– Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?

– Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.

– Hansı müstəqil mənbələrdən?

– Bir çox müstəqil mənbələrdən.

– Deyin mənə, hansılardır?

– Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.

– Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz.

– Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?

– Xeyr. Əsla yox.

– Fəal azad müxalif media var?

– Əlbəttə ki.

– Mən bunu harada görə bilərəm?

– Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.

– Qəzetlərdə yox.

– Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?

– Burada müxalifətin olmasına icazə varmı?

– Bəli, icazə var.

– QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.

– Xeyr, əsla.

– Tənqidçilər həbsxanadadır.

– Xeyr, əsla.

– Bunların heç biri həqiqət deyil?

– Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?

– Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız?

– İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki, hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz, ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq.

– Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq illər lazımdır?

–Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

– Prezident İlham Əliyev, icazənizlə sonda bir və ya iki qısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizə böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez danışırsınız?

– Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.

– Bəs gündə?

– Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər. Biz qardaşıq, dostuq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız. Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi dəstəkdir. Başqa heç nə.

– Burada istifadə olunan dronları idarə edən türk pilotlar varmı?

– Xeyr.

– Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindən istifadə olunur?

– Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir.

– Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi?

– Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik.

– Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü görürsünüzmü?

– Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik – əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, – onlar bunu təsdiqləyə bilərlər, – dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, – bu, 1990-cı illərin ortalarında olub, – azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər.

– Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu qəbul edərsiniz?

– İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim və ermənilər bunu rədd etdilər.

– Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz?

– Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq.

 

– Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı?

 

– Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma bu kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar? Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə – status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.

 

– Sizin sülh yolu ilə həllə ümidiniz varmı?

 

– Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı.

 

-İcazənizlə mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bu münaqişədən sonra burada, Azərbaycan xalqı üçün necə gələcək görürsünüz. Bəziləri deyər ki, bilirəm Siz razılaşmazsınız, lakin bəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqları olmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz.

-Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

Hazırıladı: İ.SABİRQIZI