“Türkiyənin Fransaya Ərdoğanın Makrona etirazı arqumentli tənqidi anlaşılandı” – NATİQ CƏFƏRLİ

57

“Lakin qarşılıqlı boykot Fransaya xeyir verə bilər, ona görə də haqlı mövqelərin hüquqi və siyasi müdafiəsi daha məntiqli və doğrudur”

“Türkiyənin Fransaya, Ərdoğanın Makrona etirazı, arqumentli tənqidi anlaşılandı, amma Fransa mallarını boykota çağırmaq həm məntiqsizlikdir, həm də ziyanlı”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, son iki ildə Türkiyə Fransaya aldığından daha çox mal satır: “2019-cu ildə Türkiyə Fransaya 7,9 mlrd. dollarlıq mal satıb, Fransadan isə 6,8 mlrd. dollarlıq mal alıb – Türkiyə bu ticarətdə 1,1 mlrd. dollar qazanıb, bu isə Türkiyədə yüzminlərlə iş yeri deməkdir. Bu ilin ilk 8 ayında Türkiyə Fransaya 4,2 mlrd. dollarlıq mal satıb, 3,9 mlrd. dollarlıq isə mal alıb – müsbət saldo yenə Türkiyənin xeyrinədir, 300 mln. dollar qazanc var. Qarşılıqlı boykot kimə xeyir verə bilər – təbii ki, Fransaya, ona görə də haqlı mövqelərin hüquqi və siyasi müdafiəsi daha məntiqli və doğrudur, populizmə yurarlanmaq olmaz”.

Bizdə də boykota çağırışların olduğunu vurğulayan Natiq Cəfərlinin fikrincə, bunun da məntiqi və məzmunu yoxdur: “Fransa üçün bizim – Azərbaycanın aldığı mal ixracatının 0,01%-i də deyil. Biz isə onlara bu ilin ilk 9 ayında 56 mln. dollarlıq mal satmışıq – bu isə bizim üçün heç də az deyil. Ən çox aldığımız mallardan biri avtomobillərdir – o da Fransa malı olsa da, Türkiyədə istehsal olunur. Bir sözlə, Türkiyə bizim üçün arxadı, dayaqdı, qardaşdı, özəl ölkədi, ikinci vətəndi, amma həmişə qardaş-qardaşa, dost-dosta sözün düzünü deməli, nəyin səhv, nəyin doğru olduğu haqqında açıq danışmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org