“Türkiyənin danışıqlardan kənarda qoyulması düzgün deyil”

285

Sərdar Cəlaloğlu: “Rusiyanın burda iştirakı, sanki SSR-nin təsir dairəsində olan dövlətlərin illüziyasını yaradır”

Əgər bəyanatla bağlı Türkiyənin hansısa iradları olubsa, bu Türkiyə və Azərbaycan arasında olan diplomatik əlaqələrə mənfi təsir göstərə bilər”

“Rusiya xüsusi təyinatlılarının kommunikasiya xətlərini qoruması olduqca yanlışdır”

“Maraqlıdır ki, Qarabağın azad edilməsi müqabilində Rusiya bizdən nə istəyəcək?!”

“Moskva görüçündə əsas narahatedici məqam Rusiyanın bəyanatda özünü tərəf kimi göstərməsidir. Birinci bəyanatda Rusiya özünü tərəf kimi göstərmirdi. Sadəcə, birinci bəyanatda Rusiya iki dövlət arasında atəşkəs rejiminə əməl edilməsi üçün sülhməramlı missiyasını yerinə yetirən dövlət kimi göstərilib. Amma sonuncu bəyanatda Rusiya özünü tərəf kimi göstərib. Kommunikasiyaların qorunması səlahiyyəti də birtərəfli qaydada Rusiyaya verilir”.

Bunu “Hürriyyət”ə müsahibəsində yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunlarını şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib:

“Ümumiyyətlə, Rusiya bu görüşləri qabaqcadan sürətli və məlum olmayan bir şəraitdə həyata keçirir. Bu da görüşlə bağlı tərəflərin qabaqcadan ciddi şəkildə hazırlaşmasına və ən azı görüşdə müzakirə olunacaq məsələnin ictimaiyyət tərəfindən müzakirə edilməsinə imkan vermir. Rusiya bundan öncəki bəyanatı da gecəyarı tərtib edib və tərəflərə telefon əlaqəsi vasitəsilə qəbul etdirdi. Kommunikasiyaların açılması bölgədə əlaqələrin inkişafı baxımından çox önəmlidir. Türkiyə, İran, Ermənistan, Gürcüstan və Azərbaycan üçün iqtisadi əlaqələr baxımından uyğundur. Əsas məsələ budur ki, kommunikasiyalar niyə bağlanmışdı? Kommunikasiyalar Ermənistana qarşı Azərbaycanın tətbiq etdiyi sanksiyalar idi. Çünki Ermənistan Azərbaycana qarşı olan iddialarından əl çəkmirdi. Kommunikasiyaların açılması bizim xeyrimizə olmayan nəticələrə gəitirib çıxara bilər. Birincisi, Ermənistan radikal mövqeyində qalacağı təqdirdə, kommunikasiyalar bir tərəfdən Ermənistanı gücləndirəcək. Digər tərəfdən, İran-Ermənistan əlaqələri yeni müstəviyə çıxacaq. Ermənistan fürsətdən istifadə edib, silah yığacaq və yenidən əvvəlki yersiz iddialarını qaldıracaq. Qarabağ münaqişəsi də belə başlayıb. Sonradan yolları bağladıq ki, Ermənistan bəlkə iddialarından əl çəkə bilsin. Amma ümumilikdə götürdükdə kommunikasiyaların açılması bölgədəki bütün dövlətlərin maraq dairəsinə uyğundur. Burda əsas narahatedici məqam Rusiyanın ikinci bəyanatda özünü tərəf kimi göstərməsidir. Birinci bəyanatda Rusiya özünü tərəf kimi göstərmirdi. Sadəcə, birinci bəyanatda Rusiya iki dövlət arasında atəşkəs rejiminə əməl edilməsi üçün sülhməramlı missiyasını yerinə yetirən dövlət kimi göstərilib. Amma sonuncu bəyanatda Rusiya özünü tərəf kimi göstərib. Kommunikasiyaların qorunması səlahiyyəti də birtərəfli qaydada Rusiyaya verilir. Faktiki olaraq, Azərbaycan və Ermənistan kommunikasiyalardan Rusiyanın nəzarəti altında istifadə edə bilər. Ermənistan və Rusiya bir dövlət kimidir. Amma Azərbaycan və Rusiya ayrı-ayrı dövlətlərdir. Bizim özümüzün strateji müttəfiqlərimiz və maraqlarımız tamam ayrıdır. Dediyim kimi, burda əsas narahatedici məqam Rusiyanın tərəf rolunda çıxış etməsidir. Sanki, Azəbaycan Rusiya qarşısında öhdəlik götürür. Bu da bizim işimizi çox ağırlaşdırır.

Digər bir məqam isə Tükiyənin masa arxasında olmamasıdır. Ola bilər ki, qeyri-rəsmi olaraq Türkiyə buna razılıq versin. Türkiyə Azərbaycana görə, Ermənistana bütün kommunikasiyaları bağlayıb. Azərbaycan Türkiyə ilə razılaşmadan, öz kommunikasiyalarını açıb? Bu məsələ qaranlıq qalıb. Ümumilikdə, Türkiyənin danışıqlardan kənarda qoyulması və görüşün üçtərəfli aparılması düzgün deyil. Necə ki, SSR vaxtında Qarbaçov Azərbaycan və Ermənistan Kommunist partiyalarının rəhbərlərini görüşə çağırırdı, hazırda Putin də özünü elə aparır”.

ADP sədri üçtərəfli görüşdə diplomatik normaların pozulduğunu deyib. O, Azərbaycanın Dağlıq Qarabağ məsələsində Türkiyəni kənara qoyub, üçtərəfli danışıqlara getməsini yanlış hesab edir: “Biz Putinin davranışlarından və görüşü təşkiletmə qaydasından narahatıq. Üç müstəqil dövlət görüş keçirdir, amma orda Rusiyadan başqa digər iki dövlətin bayrağı yoxdur. Digər tərəfdən, görüş dəyirmi masa arxasında keçirilməyib. Putin elə oturub ki, sanki öz işçiləri ilə görüş keçirdir. Görüşdə diplomatik normalar da pozulub. Eyni zamanda, Azərbaycanın dövlət kimi müstəqilliyinə etinasızlıq göstərilir. Daha sonra, Vladimir Putin çıxışlarında Rusiyanın maraqlarından danışır. Bizi narahat edən məqamlardan biri də Rusiyanın Azərbaycandakı tərəfdarlarının aktivləşməsi və televiziyalardan Rusiyanın maraqlarını müdafiə etməsidir. Lakin Azərbaycan da digər müstəvidə işlərini davam etdirir. Pakistanla hərbi əlaqələr yeni müstəviyə keçib. Hazırda Pakistanın nümayəndə heyəti Azərbaycanda səfərdədir. Türkiyə, Pakistan və Azərbaycan Xarici İşlər nazirləri də Pakistanda görüş keçirəcək. Bundan əlavə, Türkiyə ilə Azərbaycan arasında sıx iqtisadi əlaqələr var. Türkiyə Azərbaycana qarşı ola biləcək hər hansısa hərbi təhlükəni öz üzərinə götürüb. Biz atdığımız hər bir addımı Türkiyə ilə razılaşdırmalıyıq. Bəyanat qabaqcadan Türkiyə ilə razılaşdırılıbsa, burda qorxulu bir şey yoxdur. Əgər bəyanatla bağlı Türkiyənin hansısa iradları olubsa, bu Türkiyə və Azərbaycan arasında olan diplomatik əlaqələrə mənfi təsir göstərə bilər. Eyni zamanda, Rusiya xüsusi təyinatlılarının kommunikasiya xətlərini qoruması olduqca yanlışdır. Həm Laçın dəhlizi, həm də açılacaq Mehri dəhlizi Rusiya nəzarətində olacaq. Hələ Mehri dəlizindən söhbət getmir. Müqavilədə sovet dönəmində olan kommunikasiya xətləri nəzərdə tutulur. Biz Ermənistan ərazisindən cəmi 40 km istifadə edib, Naxçıvanla Azərbaycan arasında əlaqə yaradacağıq, amma ermənilər bizim ərazimizin 1000 km-lik yolundan istifadə edəcək. Rusiya ilk imzalanılan bəyanatı da daha sonra bildiyi kimi yozdu. Amma beynəlxalq hüquqda belə bir şey yoxdur. Beynəlxalq hüquqda göstərilir ki, müqaviləni imzalayan tərəflər maddəni bir yerdə yozmalıdır. Rusiya bəyanatda üstüörtülü bir maddə yazıb. Sonradan isə maddəni öz bildiyi kimi yozdu. Nəticədə, Azərbaycan dövlətinin nəzərdə tutmadığı şərtləri dövlətin üzərinə qoyur. Rusiya tərəfi  Qarabağ ərazisini sovet dönəmindəki xəritə əsasında nəzərdə tutduğunu bildirib. Halbuki, indiki Azərbaycan dövlətinin inzibati bölgüsünə uyğun nəzərdə tutulduğu üçün bəynata qol çəkilib. Nəticədə, Kəlbəcərin, Ağdamın və Tərtərin bir hissəsi azad edilməyib. Baxmayaraq ki, İlham Əliyev heç bir statustdan söhbət getməyəcəyini bildirib. Konstitusiyamızda göstərilir ki, ora status vermək olmaz. Baxırsan ki, yenə də ermənilər həyasızlıqlarını nümayiş etdirir. Rusiya gündə bir xəritə ortalığa çıxardır. Həmin xəritələrdə Azərbaycan ərazilərinin bir hissəsini Qarabağa salır. Qarabağ muxtar vilayəti də bizim ərazimizdir. Amma o inzibati bölgüyə salınıb. Xankəndi, Kəlbəcər Azərbaycan ərazisidirsə, Kəlbəcərin üç kəndindən niyə erməni silahlı dəstələri çıxarılmır? Rusiya sülhməramlılarının Qarabağda oturmasına baxmayaraq, hələ də erməni silahlı dəstələri ordadır. Azərbaycan ordusu erməni diversantlarını tutub. Erməni höküməti də Azərbaycandan onların azad edilməsini tələb edir. Halbuki, həmin silahlı dəstələr təxribat törətmək üçün orda olub. İlham Əliyev də etiraz edib ki, onlar azad edilməyəcək. Bundan başqa, belə təxribat əməllərinə əl atılarsa, Azərbaycan çox sərt tədbirlər görməlidir. Hər halda biz Rusiyanın səmimiyyətinə inanmırıq. Bizim maraqlarımız tamam fərqlidir. Azərbaycanın maraqları yalnız Türkiyənin maraqları ilə üst-üstə düşür. Maraqlıdır, son imzalanmış bəyanata Türkiyə necə reaksiya verəcək? Türkiyə Ermənistanla kommunikasiyaları açacaq, ya yox?.. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ məsələsində Türkiyəni kənara qoyub, üçtərəfli danışıqlara getməsi yanlışdır. Burda Rusiya niyə iştirak etməlidir? Türkiyəni kənarda qoyub, Rusiyanın burda iştirakı, sanki SSR-nin təsir dairəsində olan dövlətlərin illüziyasını yaradır. Halbuki, Azərbaycanın strateji müttəfiqi Türkiyədir. Rusiya ilə elə də strateji maraqlarımız yoxdur.  Hər halda ümid edək ki, imzalanmış bəyanat xalqımıza ziyan gətirməyəcək və bizim xeyrimizə olacaq”.

Sərdar Cəlaloğlu onu da bildirdi ki, tarixən Rusiya Azərbaycana düşmən münasibətdə olub və bundan sonra da ölkəmizə qarşı xeyirxah niyyətdə olacağına inanmır: “Təbii ki, Dağlıq Qarabağ əraziləri bütünlüklə azad olunacaq. Maraqlıdır ki, Qarabağın azad edilməsi müqabilində Rusiya bizdən nə istəyəcək?! Əgər Rusiya Qarabağın azad edilməsi müqabilində Ermənistana kommunikasiyaların açılması olacaqsa, biz buna razıyıq. Amma Rusiya bunun əvəzində Azərbaycan dövlətinin maraqlarına zidd hansısa bir tələblər qoyacaqsa, biz buna razı deyilik. Mən Rusiyanın səmimiyyətinə inanmıram. Rusiyanın Azərbaycana qarşı xeyirxah niyyətdə olacağına heç vaxt inanmıram. Tarixən ruslar Azərbaycana qarşı düşmən münasibətdə olub. Ermənistanı da Rusiya dövlətinin maraqları naminə müdafiə edirlər. Azərbaycan bir tərəfdən Rusiya ilə, digər tərəfdən Turkiyə və Pakistanla iş aparır. Pakistanla Azərbaycanın yeni hərbi əlaqələri yaranır. Eyni zamanda, Türkiyə ilə hərbi əlaqələrimiz yeni müstəviyə çıxıb. Bu da məni rahatladır ki, Rusiya Azərbaycana qarşı hansısa oyunlar oynaya bilməyəcək”.

YƏHYA