“Türkiyənin danışıqlarda rolunun qarşısının alınması istiqamətində səylər nəticə verməyəcək” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

144

“ABŞ və NATO Cənubi Qafqazda Türkiyəni dəstəkləyir, bu mənada, Moskva çalışacaq ki, Ankara ilə bazarlığa getsin”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağa müşahidəçi və yaxud sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi birtərəfli olaraq Ermənistanın maraqlarına söykənir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Azərbaycanın qəti şəkildə buna getməyəcəyini iddia edən politoloq hesab edir ki, Türkiyənin danışıqlarda rolunun qarşısının alınması istiqamətində səylər nəticə verməyəcək: “Moskva və Ankara arasında ciddi danışıqlar gedir. Ankara mövqeyində kifayət qədər prinsipiallığını qoruyaraq, masada “mən də varam” tezisini ortaya qoyub. Məhz Hulusi Akarin Sergey Soyquya zəngi bu tezisə əsaslanırdı. Regionda dəyişməkdə olan balans Moskvanı Ankara ilə ortaq məxrəcə gəlməyə məcbur edir. Qeyd edək ki, ABŞ və NATO Cənubi Qafqazda Türkiyəni dəstəkləyir. Bu mənada, Moskva çalışacaq ki, Ankara ilə bazarlığa getsin. Bu, Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Bu ortaq məxrəc Ermənistanın məğlub olmasına, Azərbaycanın suverenliyinin təmin edilməsinə söykənəcək. Situasiya mürəkkəbdir. Siyasi həll variantı Ermənistanın mövqəyinə əsaslandığı üçün Azərbaycan qəbul etmir, yalnız hərbi əməliyyatları davam etdirir. Bu da çox qısa vaxtda Azərbaycanın siyasi qələbəsini şərtləndirəcək”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son müraciətinə gəldikdə isə onun açıqlaması Azərbaycanın hərbi əməliyyatlarını davam etdirməsinə rəvac verir: “Paşinyan arxayın idi ki, “demokratik” inqilab edib hakimiyyətə gəlib, Qərb onun Qarabağla bağlı siyasətini dəstəkləyib, Azərbaycana qarşı olacaq. Amma ABŞ və NATO Türkiyənin öncüllüyündə Azərbaycanın maraqlarını dəstəkləyir. Çünki Ermənistanı dəstəkləmək Rusiyanin regionda movqeyinin güclənməsi deməkdir. Ona görə də ABŞ və NATO buna gedə bilməzdi. Fransanın Qarabagla bağlı mövqeyinə gəldikdə, bu, ABŞ və Türkiyənin rolundan irəli gəlir. Fransa prezidenti Emmanuel Makron anti-ABŞ və Türkiyəyə qarşı siyasət aparır. Bir sözlə, regionda ciddi geosiyasi maraq toqquşması davam edir. Nəticədə Azərbaycan Qarabağda öz suverenliyini bərpa edir. Prezident İlham Əliyevin regionda prosesləri obyektiv qiymətləndirməsi, ordunu müasir silahlarla gücləndirməsi bu geosiyasi nizamda Azərbaycana əlverişli şərait yaratdı ki, hərbi əməliyyatlara başlasın”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org