“Türkiyənin beynəlxalq gücə çevrilməsi Azərbaycanın da maraqlarına cavab verir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

87

“Əgər Qarabağ müharibəsi başlayarsa, Türkiyə Naxçıvandan keçərək Mehri dəlizini götürüb, Qarabağda PKK terror təşkilatının müəyyən təlim mərkəzlərini təmizləyə bilər”

“Türkiyənin Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı başlatdığı “Pəncə-Qaplan” hərbi əməliyyatı irimiqyaslı və əsasən terror təşkilatını Qandildə məhv etməyə hesablanıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, Türkiyənin Suriyanın şimalında və Liviyada apardığı əməliyyatlarla paralel Şimali İraqda bu əməliyyatı keçirməsi, əsasən PKK terror təşkilatının son aylarda güclənməsinin və dəstək alaraq yeni terror hücumlarının qarşısını almaqdır: “Qeyd edim ki, Türkiyə ordusunda PKK ilə əməkdaşlıq edən və bu terror təşkilatının aradan götürülməsində maraqlı olmayan hərbiçilər var idi. Onlar da FETÖ əməliyyatları çərçivəsində zərərsizləşdirildi. Aralıq dənizində Türkiyəyə qarşı olan ölkələr Liviyada və Aralıq dənizində siyasi-hərbi uğurlar əldə edən Ankaraya qarşı PKK terror təşkilatını silahlandırıb daxili problemlərə çəkməyə çalışırlar. Ona görə də Ankara cəld tərpənib PKK-ya qarşı havadan və qurudan irimiqyaslı hərbi əməliyyatlara başladı. Əgər əməliyyata başlanılmasaydı, PKK Türkiyənin daxilində terror hücumları təşkil edəcəkdi. Bu da daxildə yeni savaşa yol açacaqdı. Bununla da Türkiyənin Liviyada və Aralıq dənizi akvatoriyasında mövqeyi zəifləyəcəkdi”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, PKK terror təşkilatını maliyyələşdirən Liviyada Türkiyəyə qarşı olan Birləşmiş Ərəb Əmirliyidir: “Onların əsas planı məhz qeyd etdiyim kimi, Türkiyəni daxildə terror hücumlarına məruz qoymaqdır. Artıq Türkiyə bunun qətiyyətlə qarşısını alır. Anakara İraqda, Suriyada, Liviya və Aralıq dənizində hərbi uğurlara imza atır. Yunanıstan, BƏƏ və Misir, onlara dəstək verən Qərb ölkələrinin bəziləri Türkiyənin bu siyasi-hərbi uğurlarının qarşısını ala bilməyəcəklər. Ankara burada gücləndikdən sonra əsas strategiyası Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Türkiyənin beynəlxalq gücə çevrilməsi Azərbaycanın da maraqlarına cavab verir. Əsasən Qarabağ məsələsi burada prioritet olacaq. Əgər Qarabağ müharibəsi başlayarsa, Türkiyə Naxçıvandan keçərək Mehri dəlizini götürüb, Qarabağda PKK terror təşkilatının müəyyən təlim mərkəzlərini təmizləyə bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org