Türkiyənin Azərbaycanda nəinki sülhməramlısı, hərbi bazası olacaq – təhlil

846

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi 44 gün sonra Azərbaycanın qələbəsi ilə başa çatdı. Qısa xronologiya belədir: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Hadrutu, Suqovuşanı, ümumulikdə 300-dən çox kənd və qəsəbəni Ali Baş Komandanın əmri ilə Rəşadətli Azərbaycan Ordusu döyüşərək azad etdi. Əsgərlərimiz Xankəndi yaxınlığına çatanda artıq Ermənistan kapitulyasiya elan etdi: Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan birgə sənəd imzaladı. Hərbi əməliyyatlar dayandırıldı, Ermənistan Ağdam, Laçın, Kəlbəcəri də 1 dekabradək boşaldır, təhvil verir, yalnız Laçın koridoruna və Qarabağda ermənilərin də yaşayacağı məntəqələrə Rusiya sülhməramlıları gəlir. Habelə, bu sənəddə Naxçıvana birbaşa dəhliz də verilməsi əksini tapır.

Faktiki olaraq biz nəinki Qarabağı azad etmişik, ərazi bütövlüyümüzü təmin etmişik, hətta 26 ildə təklif etdiyimiz sülh planlarından daha böyük nailiyyətlər əldə etmişik! Sülh planlarında nə nəzərdə tutulurdu, bilirsiniz? Məncə, artıq onları da xalqa tam detalları ilə açıqlamaq lazımdır. Onda bugünkü qələbəmizin nə qədər böyük, tarixi olduğunu hər kəs bir daha fərq edəcək.

Qısaca onu qeyd edə bilərəm ki, sülh planında Qarabağı könüllü azad etmələri müqabilində ermənilərə Qarabağda ən yüksək status verilməsi belə nəzərdə tutulurdu. Bundan xalqın da xəbəri vardı. Naxçıvana dəhliz verilməsi haqda ümumiyyətlə danışılmırdı ötənlərdə. İndi isə – daha dəqiqi Prezident İlham Əliyevin apardığı siyasət, qurduğu taktika nəticəsində nə status məsələsi var, nə də buna oxşar bir şey. Bütün Qarabağ xüsusi statussuz, muxtariyyətsiz-filansız Azərbaycan ərazisidir.

Sülhməramlı məsələsi isə bütün həll variantlarında mövcud olub və bu sülhməramlıların əsasən Rusiya hərbçilərindən formalaşacağı sirr deyildi. Buna indiyədək Azərbaycanda kimsə etiraz da bildirməmişdi. (Maraqlıdır ki, bunu özlərinə siyasi divident olaraq radikal müxalif qrupların təmsilçiləri (konkret olaraq Əli Kərimli) də bilirdilər və normal hal olduğunu fərq edirdilər. Ancaq Qarabağ azad ediləndən sonra bunu bir “faciə” kimi ortaya atdılar, çünki siyasi mövcudluqlarını qorumaq üçün heç bir bəhanələri qalmayıb. Bundan sonra müəyyən bir qruplar da bilərəkdən, bilməyərəkdən onların küyünə düşdülər. Hansı ki, o radikal qrupların başçıları sülhməramlılarsız, Rusiyasız bu işin həllinin mümkünsüzlüyünü anlayırlar, ancaq indi bundan qərəzli şəkildə iqtidara qarşı qullanırlar-red.)

Vurğulanması vacib olan bir məsələ də oduri, əvvəllər aparılan danışıqlarda sülhməramlı kontingentdə Türkiyə əsgərlərinin iştirakına Minsk Qrupu və digər tərəflər razılıq vermirdi və indiyədək heç bir həll planında öz təsdiqini tapmırdı! Amma bu gün Qarabağ elə bir uğurlu taktika və diplomatik gedişlərlə olunub ki, Rusiya sülhmaramlıları ilə yanaşı, Türkiyə hərbçiləri də bu prosesdə paralel iştirak edəcəklər. Daha nə Minsk Qrupu var, nə hansısa mənasız söhbətlər aparan tərəflər. İndi məsələ Türkiyə və Rusiya ilə birlikdə həll edilir və təbii ki, bütün detallar Azərbaycanın xeyrinədir. Baxın Ermənistana, ağlaşırlar, köçüb gedirlər, xəyanətkar axtarırlar, Rusiyanı da söyürlər, inqilab ərəfəsindədirlər, məhv olublar. Əgər bicə detal onların xeyrinə olsaydı, bilirsiniz nə edirdilər ondan yapışıb?..

Türk sülməramlılarına dair demoqogiyalar ola, kimsə reallıqlara deyil, öz fantaziyalarına inana bilər. Amma fakt bundan ibarətdir ki, bundan sonra Azərbaycanda nəinki Türkiyə sülhməramlıları, birbaşa Türkiyə hərbi bazası da olacaq! Bunun detalları haqda danışmayaq, bircə onu xatırldaq ki, F16-lar hazırda da bizim ölkədədir…

Konkret olaraq sülhməramlı məsələsinin mahiyyətinə gəlincə, öncə onu deyək ki, Rusiya sülhməramlılarını bölgəyə buraxmamaq çağırışları açıq bir təxribatdır. Bir az siyasi savadı, regionadkı gerçəkləri bilən adamlar anlayır ki, Rusiyanın ölkəmizdə sülhməramlı formatında da nüfuz şansını tanımamaq böyük flakətlərə yol aça, sevincimizi gözümüzdə qoyacaq proseslərlə nəticələnə bilərdi indiki anda. Əlbəttə, zamanı yetişəndə, geosiyası durumdan asılı olaraq, gələcəkdə heç bu sülhməramlılar da olmayacaq: Qarabağı 44 günə azad edən, Qəbələ RLS-i ölkədən çıxarmağı bacaran dövlət bunu da edəcək…

Bəziləri isə söylənir ki, bəs, niyə mən Laçın koridorundan keçəndə, Xankəndinə gedəndə rus hərbçisi pasportumu yoxlamalıdır. Yoldaş, soydaş, qardaş, axı biz 30 ildir o yurda ümumiyyətlə gedə bilmirdik! Nağıl kimi görünürdü. İndi isə 7 rayonumuza tam sərbəst dolaşacağıq, cəmi 2 min kvadrat kilometrlik ərazidə – ermənilər də yaayan kiçik bölgədə təhlükəsizlik üçün müvəqqəti yoxlamalar olacaq. İfrat maksimalizm anormaldır, reallıqlara baxaq..

Amma müharibədən dərhal sonra şəhidlər verən, qəzəbli iki tərəf arasında mütləq sülhməramlı qüvvələr olmalıdır, bunsuz mümkün deyil. Əgər sülhməramlı missiyasını təkcə Türkiyə hərbçiləri yerinə yetirsəydi, bu da arzuolunmaz hallara səbəb ola bilərdi: Ermənilər bütövlükdə türkə nifrətlə yanaşır, yalnızca Azərbaycan türklərinə yox. Bu baxımdan indiki anda ermənilərin sözünə müntəzir olduğu rusların da orada olması bəlkə də daha səmərəlidir.

Ən mühüm olan odur ki, sülhməramlı missiya yalnız ruslardan ibarət deyil!

Hər kəsdən öncə bunu Ali Baş Komandan, Prezident İlham Əliyev noyabrın 10-da gecəyarı xalqa müraciətində bəyan etdi ki, sülhməramlı missiyada Türkiyə də iştirak edəcək!

Dünən Türkiyə Prezidenti R.T.Ərdoğan bəyan etdi ki, Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq.

Bu gün Rusiyanın müdafiə naziri rəsmən bəyan edib ki, Türkiyə-Rusiya arasında sülhməramlı mərkəzlə bağlı memorandum imzalanıb.

“Atəşkəsə nəzarət mərkəzinin işində Rusiyanın fəaliyyəti nə olacaqsa, Türkiyənin də fəaliyyəti o olacaq”. Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək:
“Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Həmçinin həmin mərkəzdə Türkiyənin olması da Azərbaycan xalqının istəyi idi”.

“Atəşkəsə nəzarət mərkəzi Azərbaycan torpaqlarında bizə verdiyi yerlərdə olacaq. Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim” deyən Çavuşoğlunun sözlərinə görə, mərkəzin hansı şəhərdə və bölgədə olacağı barədə nəsə demək hələ tezdir:
“Biz əlbəttə, mərkəzin harada olması ilə bağlı təkliflər verəcəyik. Ancaq Azərbaycanın icazə verdiyi yerlərdə mərkəzlər qurulacaq”.
Bu gün həmçinin, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlama verdi ki, Türkiyə Qarabağda atəşkəsə nəzarət və təftiş ilə bağlı razılaşmanın tətbiq olunmasını müşahidə və təftiş etmək üçün ortaq sülhməramlı qüvvələrdə yer alacaq.
Mevlut Çavuşoğlu həmçinin bəyan etdi: “Rusiya ilə razılığa gəldik. Razılaşmanı pozan fəaliyyətləri müəyyənləşdirəcəyik və bölgəni PUA-lar ilə yoxlayacağıq”.

Az sonra Rusiya xarici işlər naziri Sergey Lavrov da bunu təsdiqlədi: “Qarabağdakı Rusiya-Türkiyə nəzarət mərkəzi pilotsuz təyyarələrdən istifadə edəcək”.

“Tərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə türk hərbçisini də istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir”.

Bunu isə “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.

“1 960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək”, – o vurğulayıb.

Daha nə eşitmək istəyirsiniz? İlham Əliyev bu günədək hansı dediyini etmədi? Hamısını yerinə yetirib dediklərinin! Türkiyə indiyədək bir yalan söylədimi? Qətiyyən! Nə dedilərsə, o da oldu. Bəs indi niyə bəziləri inanmır? Deməli, bəziləri küyə düşüb, bəzilərində də qərəz var…

Bəziləri kontur-arqument kimi Paşinyandan, bir sıra qəzərli Rusiya KİV-lərindən, hətta təxribatçı Peqovdan, ANNA-dan sitatlar gətirirlər ki, bəs onlar deyir türk sülhməramlıları gəlməyəcək. Yoldaşlar, bu mənbələr müharibə günlərində hansı yalanları dedilər, unutmusunuz? Ordumuz Qubadlıda bayraq asandan 3 gün sonra da deyirdilər ki, guya ermənilər Qubadlını geri alıb… İndi də yalan danışırlar…

Biz hədəfimizə çatmışıq! Qarabağı almışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, qələbə çalmışıq. Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri istəsələr Azərbaycanın qanunları tabeliyində əvvəllər, son 60-70 ildə yaşadıqları yerdə yaşaya bilərlər. İstəməzlər, çıxıb gedərlər. Orada yaşayanların şuluq salmamasına isə sühməramlılar nəzarət edəcək, tam ağıllı davranana qədər.

Rusiya sülhməramlıları ilə yanaşı türk sülhməramlılarının olmayacağı düşüncəsindən də uzaqlaşın, enerjinizi buna sərf etməyin, hansısa korporativ maraqlı siysətçinin küyünə düşməyin. Necə ki, xalqımız 27 sentyabrdan indiyədək möhtəşəm birlik, mütəşəkkillik nümayiş etdirib, daim belə olmalıyıq, hansısa destruktiv güclərin pafoslarına uymamalıyıq. Öz başınızla, soyuq düşünün, onda gözəl olur cəmiyyət.

Yuxarıda Türkiyə rəsmilərinin – nazirlərin də açıqlamalarını oxudunuz. Ondan əvvəl Azərbaycan və Türkiyə prezidentlərinin bəyanatlarını da xatırlatdıq. Paralel olaraq onu da düşünün ki, Azərbaycanla Türkiyə bundan sonra bütün sahələrdə daha sıx əməkdaşlıq, müttəfiqlik edəcək. Zatən, bu istiqamətdə addımlar da atılıb. Bu ilin yayında Azərbaycan-Türkiyə birgə təlimləri çərçivəsində Azərbaycana Türkiyədən bütün qoşun növləri gəldi. Onların bir qismi hələ də burada qalmaqdadır. Ehtiyac, zərurət duyulursa, təbii ki, nəinki türk sülhməramlı kontingenti, birbaşa Türkiyə bazası birdəfəlik yerləşəcək Azərbaycana. Bu, Türkiyə və Azərbaycanın öz arasında həll edə biləcəyi məsələdir, bunu kimsəylə məsləhətləşməyəcəyik…

Bizi irəlidə daha böyük xoşbəxtliklər gözləyir. Bu xoşbəxtliyi biz Şuşadan, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Hadrutdan, Qubadlıdan, Cəbrayıldan, Zəngilandan və əlbəttə ki, Xankəndindən də seyr edəcəyik. Hansı ki, cəmi 2 ay öncəyədək o yurdlarımıza həsrət idik…

İndi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”