“Türkiyənin Azərbaycana dəstəyi Rusiyanı narahat edir”

114

Məhəmməd Əsədullazadə: “Kreml terrorçuların əli ilə Türkiyəni zəiflətmək istəyir”

“Azərbaycana bu kimi döyüşçü qrupların gətirilməsinə ehtiyac yoxdur…”

“Ruslar göstərmək istəyirlər ki, guya, Azərbaycan ordusu zəifdir və qeyri-leqal döyüşçülərə ümid edir”

Siyasi gündəm çox sürətlə yenilənir, hər gün yeni gəlişmələrlə qarşılaşırıq. Dünyanın qloballaşaraq “kiçik bir məkan” halına gəlməsi elə bir vəziyyət yaradır ki, bir regionda baş verən hadisələr mütləq digər ölkələrdə əks-səda verir. Söhbət dalğalanmaların yaşandığı, güc mərkəzlərinin dəyişdiyi Yaxın Şərq regionundan və onun təsiri ilə dəyişən Cənubi Qafqazdan gedir. Odur ki, bütün bu regional məsələlərlə bağlı politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

– Məhəmməd bəy, Rusiyanın xarici işlər naziri Lavrov Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri qarşısında çıxış edərkən bildirib ki, Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll üçün ssenarilər yazmır, iki ölkənin arasında danışıqlar gedə bilməsi üçün şərait yaradır. Belə bir sual meydana çıxır ki, bəs illərdir bu danışıqlar nə üçün aparılırdı?

– Rusiyanın Cənubi Qafqazda ciddi maraqları var və görünür ki, bu maraqlar müəyyən qədər zəifləməyə doğru gedir. Biz gördük ki, Ermənistanın Tovuz təxribatı sonrası Türkiyənin Azərbaycana açıq dəstək verməsi, Azərbaycanla birgə hərbi-siyasi təlimləri, bundan əlavə regionda Türkiyənin maraqlarının inkişaf etməsi Rusiyanı narahat edib. Daha sonra biz gördük ki, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını Türkiyə faktoru neytrallaşdıra bildi. Əlbəttə, Rusiya konkret şəkildə Qarabağ münaqişəsi üzərindən Ermənistanla Azərbaycana təzyiq edir. Xüsusilə Azərbaycana. Çünki Azərbaycan Qərbə açılan bir qapıdır. Enerji və nəqliyyat dəhlizləri Azərbaycandan keçərək Avropaya açılır. Bu baxımdan Rusiya çalışır ki, Qarabağ münaqişəsi həll edilməsin, status-kvo qorunub saxlanılsın. Son günlər Moskva ilə Bakı arasında danışıqlar prosesində də biz gördük ki, Rusiya öz siyasətindən geri çəkilmir. Azərbaycana müəyyən təkliflər verilməsində, Ceyhun Bayramovun Moskva, Sergey Şoyqunun Bakı səfərində gördük ki, Bakı öz prinsipial mövqeyində durdu və öz şərtlərini diktə etdi. Bu da Rusiyanı narahat etdi. Rusiyanın xarici siyasətini idarə edən Sergey Lavrov özünü Ermənistanın xarici işlər naziri kimi tanıtdı. Qarabağ məsələsində Lavrov çox ciddi söz sahibidir, Ermənistanın maraqlarına xidmət edərək, münaqişənin məzmununun substantiv mərhələyə keçməsinin qətiyyətlə qarşısını alır. Beynəlxalq Münasibətlər İnstitutunda ATƏT haqda qeydləri göstərir ki, Moskva qəti şəkildə münaqişənin həllinə maraqlı deyil. Lavrov qeyd edir ki, ATƏT yalnız tərəfləri görüşdürə bilər. İndiyə kimi “Lavrov planı”, “Kazan formulu”, “Madrid prinsipləri” neçə illər ərzində masada olub. Hətta Rusiya-Azərbaycan-Ermənistan prezidentlərinin “Kazan formulu” istiqamətində danışıqları olub. Lavrov bu danışıqların üzərindən xətt çəkərək prosesi ATƏT-in Minsk qrupunun həll edə bilməyəcəyini vurğulayır. Demək istəyir ki, 26 ildə biz münaqişəni – status-kvonu qoruduq və bundan sonra da Minsk qrupu münaqişənin həll olunması ilə bağlı addım atmayacaq.

– Sizcə, digər həmsədr dövlətlər Rusiyanın bu mövqeyini dəstəkləyə bilər?

– Hesab edirəm ki, ABŞ Rusiyanın bu mövqeyi ilə razı olmayacaq. ABŞ münaqişənin ədalətli və beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. Bu, Azərbaycanın maraqlarına uyğundur. Fransa Rusiya ilə uzlaşa bilər. Hesab edirəm ki, Lavrov Rusiyanın 26 illik vasitəçiliyini fiaskoya uğratdı və göstərdi ki, Ermənistanla koordinasiyalı çalışır. Görürük ki, Lavrovun bu açıqlaması ilə Ermənistan rəhbərliyi də Qarabağdadır. Orada hərbi infrastrukturun qurulması, obyektlərin tikilməsi, mühəndis istehkamlarının – döyüş postlarının qurulması istiqamətində işlər aparır. Dediyim kimi, Lavrovun açıqlaması göstərdi ki, Ermənistanla koordinasiyalı çalışırlar və Ermənistanı da silahlandırırlar.

– Belə bir nüansı qeyd edə bilərik ki, Lavrov Qafqazda türk faktoru qarşısında artıq kartları açıq oynayır?

– Əlbəttə, Türkiyə Rusiyanın sözü ilə regiondan çıxmayacaq. Necə ki, Rusiya min kilometrlərlə uzaqdan gəlib Suriyada-Türkiyənin sərhədlərində əməliyyatlar aparır, baza qurur, Türkiyənin təsir dairəsinə aid olan Liviyada qardaş ölkə ilə münaqişəyə girir, Türkiyə də Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılmalıdır. Həm dini, həm coğrafi baxımdan Türkiyə regiona yaxındır. Türkiyənin müttəfiq kimi bu tərəflərə ağırlıq verməsi Kremli narahat edir. Buna görə də Lavrov qəzəbini bu prosesdə etiraf edir və münaqişənin həllinə dəstək verməyəcəklərini açıq şəkildə xüsusi biruzə verir.

– İki gün əvvəl Rusiya nəşri “Nezavisimaya qazeta”da Azərbaycanda döyüşmək üçün 500 nəfər civarında türkmən əsilli döyüşçü gətirilməsi haqda məlumat dərc olunub. Biz bilirik ki, Azərbaycanın güclü ordusu var, kifayət qədər ehtiyatda olan hərbçiləri, hətta könüllü döyüşəcək qüvvələri var. Bu təxribatın məqsədi nədir?

– Rusiya informasiya məkanında daima təxribat xarakterli yanlış informasiya siyasəti aparılır. Bilirik ki, Rusiya informasiya məkanında ermənilər kifayət qədər çəkiyə malikdir. Rusiya mətbuatının 70%-i erməni diasporasının əlindədir. Onlar bu faktoru qabartmaqla demək istəyirlər ki, guya terrorçular Azərbaycana gətirilir. Bir neçə gündən sonra bu təxribat davam etsə konkret şəkildə deyəcəklər ki, bunlar terrorçulardır. Bu, Azərbaycana qarşı informasiya təxribatıdır. Azərbaycan Rusiya təbliğatına qarşı öz mövqeyini meydana qoymalıdır. Buradan da bəyan etmək istəyirəm ki, Rusiyanın Azərbaycana qarşı bu kimi hərbi informasiya təxribatlarına qarşı Azərbaycan prinsipial olmalı, bu kimi məsələlərdə Rusiyaya qarşı etirazını bildirməlidir. Çünki Azərbaycana bu kimi döyüşçü qrupların gətirilməsinə ehtiyac yoxdur. Həqiqətən də Azərbaycanın güclü ordusu, hərbi mükəlləfiyyətli ehtiyat qüvvəsi var. Ruslar göstərmək istəyirlər ki, guya, Azərbaycan ordusu zəifdir və qeyri-leqal döyüşçülərə ümid edir. Sadəcə Türkiyənin burada güclü hərbi dəstək verməsi Moskvadakı informasiya məkanını maliyyələşdirən erməni lobbisini narahatlığındandır ki, bu da rəsmi Kremlin xeyir-duası ilə həyata keçirilir.

– Moskva Türkiyə düşmənlərini ətrafına yığmağa başlayıb. PKK-nın Suriya qanadı olan PYD-YPG terrorçu heyətini Lavrov qəbul edib. İş də orasındadır ki, Liviyadakı Sirte şəhərini müzakirə etmək üçün türk heyəti Moskvada müzakirələr keçirən zaman Lavrov da terrorçularla müzakirələr keçirib. Ardınca İran-Türkiyə sərhədində iki türk polisinin terrorçular tərəfindən şəhid edilməsi xəbəri gəldi. Necə düşünürsünüz, İran burada Rusiyanın yanında yer alıdğını ortaya qoyur, yaxud..?

– Rusiyanın regionda apardığı siyasət destruktivdir, həm Türkiyəyə, həm Azərbaycana qarşı. Baxmayaraq ki,  Türkiyə ilə Azərbaycan Rusiya ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olub, Rusiyaya qarşı siyasi provokasiyada iştirak etmir. Amma Rusiya ötən gün terrorçu təşkilat üzvlərini qəbul etdi, danışıqlar apardı. Bu danışıqlarda da əsas məqsəd Türkiyəyə qarşı fəaliyyəti genişləndirmək, PYD-YPG birliyinə hərbi-maliyyə dəstəyini verməkdir. Rusiya terrorçuların əli ilə Türkiyəni zəiflətmək istəyir, Cənubi Qafqazda olduğuna görə, guya, Türkiyəyə təzyiq etmək istəyir.

İrana gəldikdə isə, İran və Rusiya müəyyən məsələlərdə strateji müttəfiqdirlər, birgə hərəkət edirlər və tərəflərin birgə fəaliyyəti Türkiyənin güclənməsinə qarşıdır. Türkiyə-İran sərhədində də baş verən insident İranın PKK terror təşkilatına verdiyi dəstəkdən irəli gəlir. Baxmayaraq ki, İran daxilində də PKK-nın bir qolu olan PJAK təşkilatı var, amma Tehran rejimi Türkiyəyə qarşı bu kimi siyasəti Türkiyənin İraqda və Yaxın Şərqin digər bölgələrində apardığı hərbi əməliyyatlardan irəli gəlir. Çünki Yaxın Şərqdə Türkiyənin mövqeyi güclənməsi İranı narahat edir. İran da bu kimi terror mexanizmlərindən Türkiyəyə qarşıı təzyiq kimi istifadə edir. Göründüyü kimi, həm Rusiya, həm İran Türkiyə ilə Azərbaycanın düşmənləri ilə ittifaqdadırlar. Götürək Rusiyadan İranın hava məkanından istifadə edilərək Ermənistana silah daşınmasını. Bakı-Anakara siyasi arxitekturası Cənubi Qafqazda qurulur və bunun hərbi platforma çərçivəsində formalaşması Tehranı ciddi narahat edir. Türkiyənin Naxçıvan və Abşeronda, yaxud Kürdəmirdə hərbi bazalarının qurulmasına ehtiyac var. Çünki dünyada və regionumuzda yeni hərbi-siyasi nizam formalaşır. Yeni dünya siyasi xəritəsinin formalaşması Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda davam edir. Azərbaycan da əvvəlki balans siyasətindən imtina etməli və Türkiyə ilə birgə öz təhlükəsizliyini qorumalıdır.

– Rusiya mediasında “Krasnodar Erməni Respublikası” barədə rusların narahatçılıqlarını bildirən məlumatlar yayınlandı. Sosial şəbəkələrdə də rusların ciddi narahatlıqları özünü biruzə verir. Deyəsən, bumeranq Rusiyanın özünə qayıdır.

– Mən daim demişəm ki, Rusiyanın Cənubi Qafqazda erməniləri dəstəkləməsi öz geosiyasi maraqlarına təhlükədir. Rusiya Ermənistanın əvəzinə, Türkiyə və Azərbaycanı qazana bilərdi. Avrasiya məkanında güclənə bilərdi. O boyda rus imperiyası ermənilərin əlində gülünc vəziyyətə düşüb. Lavrov Ceyhun Bayramovla danışandan sonra zəng edib Ermənistanın xarici işlər naziri Mnatskayana məruzə edir. Şoyqu Bakıya gəlməmişdən əvvəl zəng edib Tonoyana hesabat verir. Onda belə çıxır ki, Putin Prezident İlham Əliyevlə danışandan sonra Paşinyana zəng edir. Neçə illərin imperiyası –Kreml belə hərəkət edir. Krasnodarda ermənilər çoxluq təşkil edirlər. Erməni faşist Njdenin xatirə lövhəsi qoyulmuşdu.

– Bundan rusların özləri çox narahatdır…

– Əlbəttə, narahat olacaq. Görünür, Rusiyanın Cənubi Qafqaz siyasəti onun öz əleyhinə işləyir. Rus analitikləri həyəcan təbili çalmalıdırlar. Onlar başa düşməlidirlər ki, Rusiyanın qurtuluşu slavyan-türk birliyindədir və onların indiyə kimi apardığı erməni-rus siyasəti Rusiyanın parçalanmasına aparır. Ermənilər elə xəyanətkar millətdirlər ki, onları əsrlərdir himayə edən Rusiyaya qarşı ərazi iddiasına düşüblər. Bir neçə ildən sonra onlar Krasnodarda muxtariyyət tələb edəcəklər. Qarabağda erməni var idi? İrandan gəlmişdilər. Məskunlaşandan sonra muxtariyyət tələb etdilər. Krasnodara köçən ermənilər də Bakıdan gedən ermənilərdir.

– Onlar artıq Qalitski adlı şəxsin Rusiya prezidentliyinə namizədliyi haqda söhbətlər aparırlar…

– Rusiyanın informasiya məkanına başçılıq edən Marqarita Simonyandır. Görünür ki, Putinə təsir edir. O boyda Kreml-Putin ermənilərin əlində oyuncaq olub.

– Avropanın aparıcı dövlətləri kimi Fransa və Almaniya Ağ dənizə gəmilər göndərirlər. Onların Ağ dəniz planlarının arxasında nə durur. Yunanıstanı Türkiyəyə qarşı qızışdırmaqla nə əldə etmək istəyirlər. Söhbət yalnız karbohidrogen yataqlarından gedir?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

**

– Avropanın aparıcı dövlətləri kimi Fransa və Almaniya Ağ dənizə gəmilər göndərirlər. Onların Ağ dəniz planlarının arxasında nə durur. Yunanıstanı Türkiyəyə qarşı qızışdırmaqla nə əldə etmək istəyirlər. Söhbət yalnız karbohidrogen yataqlarından gedir?

 

 

-Aralıq dənizi, Yaxın Şərq dünya nizamının qurulmasında böyük rol oynayır və burada güclü olan dövlət dünya nizamının qurulmasında da yer alacaq. Şərqi Aralıq dənizində karbohidrogen yataqları və bir neçə ildən sonra çıxarılacaq qaz yataqları Türkiyənin Avropaya qarşı enerji təzyiqi etməsinə gətirib çıxaracaq. Həmçinin, Türkiyənin nəqliyyat və dəniz yollarına, həm də bu coğrafiyaya nəzarət imkanı verəcək. Almaniyanın Yaxın Şərq və Aralıq dənizində köklü maraqları var. Onlar çalışır ki, Türkiyənin burada roluna imkan verməsinlər. Ona görə də Yunanıstanı Türkiyəyə qarşı provokasiyaya təhrik edirlər. Yunanıstanın Türkiyə ilə üz-üzə gəlmək üçün heç bir gücü yoxdur. Türkiyənin Antalya şəhərinin iki kilometrliyində Meis adasına mülki gəmilərində yunan hərbçiləri göndəriblər. Makron Türkiyəyə qarşı radikal siyasət aparır.

-Məhz Fransa Türkiyəyə qarşı aqressiv siyasətlə nəyi hədəfləyir. Türkiyənin Afrikaya enməsinin qarşısını almaq istəyir və niyə?

-Afrikada Fransa böyük müstəmləkə tarixinə malikdir, indi də bu nəzarətində olan əvvəlki müstəmləkə dövlətlərdən ildə 500 milyard dollar vəsait əldə edir. Həmçinin, Mali və Nigeriyada böyük “Uran” yataqları var. Bu yaxınlarda da Malidə hərbi çevriliş oldu. Türkiyə Fransanın ona qarşı Aralıq dənizi və Liviya provokasiyasına Malidə cavab verdi. Əlbəttə prezident Ərdoğan uzun illərdir ki, Türkiyənin Afrikaya açılması prosesini həyata keçirir., səfərlər edir. Fransa da Türkiyənin Afrikada güclənməsini və tarixi Osmanlı imperiyasını – bu bərpa ərazi formasında yox, nüfuz dairəsinin bərpası ola bilər-yenilənməsindən narahatdır. Fransanın sıxışdırılması, Avropa İttifaqının və Almaniyanın Afrikada sıxışdırılması demək olacaq.

-Belə deyə bilərik ki, Türkiyənin Afrikada güclənməsi Fransa Afrikada olmayacaq?

-Bəli, çünki Türkiyə ədalətlidir, Türklük qanunlara əməl etməkdir. Türkiyə heç vaxt istismar etmir. Buna görə Türkiyənin Afrikada olması bu qitənin xalqlarının mədəni, dini, iqtisadi inkişafına gətirəcək. Allah Türkiyəni qorusun, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Əgər Türkiyə Aralıq dənizi və Suriya, Liviya və digər Afrika ölkələrində möhkəmlənməsə idi, bu gün Tovuz təxribatlarında Cənubi Qafqaza gələ bilməz və yanımızda ola bilməzdi. Türkiyə güclüdür ki, yanımızdadır və rəsmi Bakı Moskva ilə son 26 ildə ilk dəfədir diktə dilində danışır.

-Bildiyimiz kimi, ABŞ-ın da Yunanıstanda hərbi bazaları var, ümumiyyətlə ABŞ digər ölkələrdə də xeyli hərbi bazası var. Yunanıstanda da bazaları artırır. Bir yandan Avropaya “sizi Rusiyadan qoruyuram” deyib həm Avropanı, həm Rusiyanı mühasirəyə alır. ABŞ-ın Ağ dənizdə maraqları nədir? Yalnız karbohidrogen ehtiyatlarımı?

-ABŞ bu məsələdə Türkiyəyə müəyyən qədər dəstək verir. O çalışır ki, NATO parçalanmasın. Türkiyənin Ağ dənizdə güclənməsi İsraili də narahat edən faktordur. Bilirik ki, ABŞ-da İsrail lobbisi güclüdür. Onlar Türkiyənin qarşısını müəyyən qədər almaq istəyirlər. ABŞ istəyir ki, Türkiyə əvvəlki kimi onun siyasi xətti ilə hərəkət etsin.

-Sözəbaxan olsun?

-Türkiyə də bunu etmir və müstəqil siyasət həyata keçirir. Türkiyənin müəyyən qədər güclənməsi ABŞ-ın maraqlarına cavab verir. Baxmayaraq ki, ara-sıra əlaqələrdə soyuqluq yarandı. Gah Yunanıstanı masa ətrafına gətirirlər, gah Yunanıstanla hərbi təlimlər keçirirlər. Fikrimcə ABŞ-ın buradakı siyasəti Türkiyəyə qarşı yönəlməyib. İngiltərə və İtaliya da Türkiyəni dəstəkləyir. Çünki Fransa ilə ABŞ arasında ciddi problemlər var. Makron Avropa ordusunun qurulmasına çağırış edir. ABŞ burada Türkiyəni Fransaya qarşı dəstəkləyir.

-Mən bir məqamı qeyd etmək istəyirəm. Bilirik ki, Çinin Böyük İpək Yolu layihəsinin dəniz ayağı Ağ dənizdən keçəcək. ABŞ-ın Ağ dəniz regionuna nəzarəti ələ keçirməsi məhz bu səbəbdən ola bilərmi?