“Türkiyəni hərb meydanına çağırmaq lazımdır”

81

Qabil Hüseynli: “Azərbaycan hakimiyyəti həm diplomatik, həm hərbi sahədə tədbirlər görməlidir

“Bu dəfə “humanitar atəşkəs” adı altında daha çox vaxt udmağa çalışdılar və  bununla da Ermənistanın dünyada yalvarıb-yaxarmasına və silahlanmasına şərait yaratdılar”

Moskvada əldə olunan “humanitar atəşkəs”dən sonra Azərbaycanı məğlubiyyət masasına oturtmağa çalışan Rusiya dayanmadan Ermənistanı silah-sursatla təmin edir. Başından bəri aydın idi ki, bu atəşkəs aktı nəyə hesablanmışdı. Bizi Rusiyaya sürükləyən Putinin Suriya və Liviyada dinc sakinlərin başına bombanı yağış kimi yağdırdığını hansımız görmədik ki?

O da təsadüfi deyil ki, bu gün Rusiya bizim xarici işlər naziri Ceyhun Bayramovun imzaladığı atəşkəs sözləşməsindən çox razıdır. Putinin sözçüsü Peskovun Dağlıq Qarabağla jurnalistlərə verdiyi açıqlamasında bildirdiyi -“Əldə edilən humanitar atəşkəs qərarını yüksək qiymətləndiririk. Dağlıq Qarabağdakı Moskva vəziyyəti çox yaxından izləyir. Kreml Dağlıq Qarabağla bağlı razılaşmaların yerinə yetirilməsini son dərəcə vacib hesab edir” fikrini anlamaq üçün diplomat olmaq gərək deyil, yəni “atəşkəsi davam etdirin…” Və nədənsə, Türkiyə prezidenti Ərdoğanın daha bəyanatları eşidilmir. Atəşkəs razılaşması imzalayan “baş diplomatımız” səbəbini bilirmi? Elə politoloq Qabil Hüseynli ilə söhbətimiz də bu barədə oldu.

– Qabil bəy, ilk olaraq mediada Avropa dövlətlərindən və həmişəki kimi Rusiyadan Ermənistana 72 saatlıq atəşkəs dövründə külli miqdarda silah-sursat daşınması haqda fikrinizi bilmək istəyərdik. Belə çıxır ki, atəşkəs elə bunun üçün lazım imiş. Azərbaycan bunun qarşısında hansı adekvat tədbirləri görməlidir?

– Azərbaycan məsələni diplomatik müstəviyə daşımalıdır, BMT Təhlükəsizlik Şurasına çıxarmalıdır. Xristian dünyasının müsəlman dünyasına qarşı islamofobiya siyasəti aparmasını göstərməlidir, İslam Əməkdaşlıq Təşkilatına müraciət etməlidir. Hətta Qoşulmayanlar Hərəkatında da bu məsələni müzakirə etmək olar. Amma BMT-də mütləq bu məsələ qaldırılmalıdır. Bu atəşkəs hərbi üstünlük qazanmaq üçün döyüşən tərəfə silah göndərməkdən ötrü idisə, başda Rusiya və Qərb olmaqla, bunu Azərbaycana qarşı həyata keçirilən ən azğın təcavüz kimi qiymətləndirmək lazımdır.

– Sizcə, Azərbaycan bu məsələni diplomatik müstəviyə daşımaqla yanaşı, hərbi meydanda da irəliləməlidirmi? Ortaya necə mövqe qoyulmalıdır?

-Cəbhədə hərbi sahədə möhkəmlənmək lazımdır və Türkiyəni də hərb meydanına çağırmaq lazımdır. Çünki müharibəni özləri qızışdırdılar. Bunun öhdəsindən Azərbaycan tək gələ bilməz. Qardaş Türkiyənin, Pakistanın köməyi lazımdır. Məsələ həddən artıq böyükdür. Azərbaycan hakimiyyəti həm diplomatik, həm hərbi sahədə tədbirlər görməlidir.

-Türkiyə, Pakistan hətta Ukrayna bizə açıq hərbi dəstək verdilər. Hətta Türkiyədəki MHP başkanı Dövlət Baxçalı da bildirmişdi ki, “Qarabağda Azərbaycan bayrağı asılanadək qurulan hər bir masa tələdir”. Bu dəstəyin olduğu bir vaxtda biz atəşkəsə məcbur idikmi?

-Hətta İkinci Dünya müharibəsində də cəbhənin müəyyən hissələrində atəşkəs elan edib, meyitləri yığışdırırdılar. Ondan sonra müharibə davam edirdi. Zənnimcə, bu dəfə “humanitar atəşkəs” adı altında daha çox vaxt udmağa çalışdılar və  bununla da Ermənistanın dünyada yalvarıb-yaxarmasına və silahlanmasına şərait yaratdılar.

-Yəni 72 saatlıq humanitar atəşkəs daimi atəşkəsə keçəcək, yoxsa bitdikdən sonra bizim tərəfimizdən hərbi əməliyyatlar davam edəcək?

-Atəşkəs artıq yoxdur. Ruslar belə planlamışdılar ki, humanitar atəşkəsdən sonra substantiv danışıqlar başlasın. Bu xam xəyaldır. Sanki hətta Minsk qrupunun iştirakı ilə danışıqların aparılması da qabaqcadan razılaşdırılmışdı. Bu qurulmuş bir oyun idi. Bu oyunda da aparıcı xristian dövlətlər iştirak etdilər. Onlar bu məsələni bir-biri ilə əlaqələndirərək, sözün həqiqi mənasında Azərbaycana qarşı hazırladıqları planı həyata keçirməyə çalışdılar.

– “Euronews”un məlumatına görə, 27 Avropa dövləti Lüksemburqda Dağlıq Qarabağın müzakirəsi üçün iclas keçirəcək…

-Onlar Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər. Rəsmi Bakıya qarşı sanksiyaları nəzərdən keçirə bilərlər. Amma bu, tamamilə mümkün olmayacaq. Belə olacağı təqdirdə onlar acıq surətdə birmənalı olaraq xristian tərəfkeşliyini ortaya qoyacaq. Bu, bir sıra alimlərin söylədikləri kimi, sivilizasiyaların toqquşması – “xaç yürüşü” deməkdir. Bir zamanlar Yaxın Şərq ölkələrinin üzərinə bu “xaç yürüşü” edilərdi, indi isə Azərbaycanın üzərinə “xaç yürüşü” edilir.

-Bəs, bu Azərbaycana imkan vermirmi ki, açıq şəkildə Türkiyənin hərbi bazalarını ölkəmizdə yerləşdirsin, Pakistandan hərbi yardım istəsin və hərbi yardımı açıq müstəviyə keçirsin?

– Zənnimcə, hərbi yardım məsələsi açıq müstəviyə keçəcək. Türkiyənin müharibəyə qoşulması məsələsini reallaşdıracaq. Hətta Pakistan da tam qoşulmasa belə, müəyyən ordu hissələrini buraya göndərəcək. Əgər ermənilərin xətrinə bunlar heç nəyi nəzərə almırlarsa… Amma hər halda mən Lüksemburqda topalanan iclasdan Azərbaycana qarşı çox ciddi qərarların olacağını gözləmirəm. Sülhə çağırış ola bilər.

Ülviyyə Şükürova