Türkiyəli nazirlərin Şuşanın azad olunduğu gün Bakıya gəlişindən çıxan nəticələr

84

Deputat Aydın Hüseynov: “İki qardaş ölkənin məsləhətləşmələr aparması təbiidir və faydalıdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar noyabrın 8-də Bakıya səfərə gəldilər. Azərbaycan Prezidenti İlham Əliyev hər iki naziri qəbul etdi. Qardaş ölkənin nazirlərinin Azərbaycana gəlişinin məhz Şuşanın müzəffər Azərbaycan ordusu tərəfindən azad olunduğu gün baş verməsi xüsusi maraq doğurmaqla yanaşı, əhəmiyyət kəsb edir.

Bu barədə Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinin müdiri, deputat Aydın Hüseynov Musavat.com-a bildirdi ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası ən xoş günlərində də, ən ağır günlərində də bir-birinin yanında olublar. 8 noyabr 2020-ci il Azərbaycanın, Azərbaycan xalqının xoş günü, bayram günü, qələbə günü idi. Belə bir gündə də qardaşlarımız yanımızda oldular və bundan təbii heç nə ola bilməzdi: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akarın məhz Şuşanın azad olunduğu gün Bakıya gəlmələri, Azərbaycanın Ali Baş Komandanı ilə görüşmələri iki qardaş dövlətin qələbə sevincini bir yerdə qeyd etməsi idi. Şuşanın azad olunmasına Türkiyəli qardaşlarımız bizim qədər sevinirlər. Bu da təbiidir, çünki bizim aramızda qardaşlıq telləri o dərəcədə sıx bağlıdır ki, dünyada bu səviyyədə bir-birinə bağlı ikinci dövlət yoxdur. Dünyada ikinci belə bir nümunə yoxdur ki, iki dövlətin birinci şəxsləri arasında Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olduğu qədər yaxın dostluq, qardaşlıq münasibətləri olsun. Həm Türkiyə və Azərbaycan dövlətləri, həm də Azərbaycan və Türkiyə Prezidentləri bu mənada da dünyaya çox yaxşı nümunə göstərirlər”.

A.Hüseynov qeyd etdi ki, Türkiyənin xarici işlər naziri və müdafiə naziri sentyabrın 27-dən artıq bir neçə dəfə Bakıya səfər ediblər, 8 noyabrda edilən səfərin isə daha xüsusi mənəvi, siyasi mənası var. Hər iki nazirin səfəri həm də Azərbaycan xalqında, torpaqlarımızın azad olunması uğrunda savaşan hərbçilərimizdə əlavə ruh yüksəkliyi, inam, coşqu yaratdı: “Azərbaycan tək olmadığına tamamilə əmindir, bizim Türkiyə kimi nəhəng qardaşımız var. Nazirlərin səfəri düşmənlərimizə mesaj və xəbərdarlıq da sayıla bilər. Türkiyə bununla bir daha mesaj verdi ki, Azərbaycanın yanındayıq, ona siyasi, mənəvi dəstəyimiz daha da artır, işğalçı Ermənistan və işğalı dəstəkləyənlər bunu bilsinlər. Siz diqqət edin, Azərbaycana diplomatiya idarəsinin birinci şəxsi ilə Müdafiə Nazirliyinin birinci şəxsi bir yerdə, özü də Şuşanın azad olunduğu gün, düşmənin ən qəzəbli olduğu anda gəlirlər. Siyasi proseslərdən azacıq anlayışı olan istənilən insan bunun mənasını asanca dərk edir”.

Deputat həmçinin hesab edir ki, nazirlərin Bakıya səfəri həm də müharibənin növbəti-sonuncu mərhələsilə bağlı məsləhətləşmələr aparılması üçün də əhəmiyyətli səfər sayıla bilər: “Hər kəsə bəllidir ki, ilk gündən Türkiyə Azərbaycana siyasi, mənəvi dəstək verir və bunu gizlətmir. Çünki bu, təbiidir. Şuşanın azad olunması müharibədə yeni mərhələnin başlanması anlamı da daşıyır. Bu mənada iki qardaş ölkənin məsləhətləşmələr aparması təbiidir və faydalıdır. Azərbaycan-Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirəcək. Cənubi Qafqaz bölgəsi və deyərdim ki, bütün Qafqaz bundan fayda götürəcək”.
Həmsöhbətimiz onu da dedi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkənin nazirlərinin Azərbaycanda qələbə paradında Azərbaycan Prezidenti İlham Əliyevlə çiyin-çiyinə dayanması günü uzaqda deyil. Azərbaycana bu haqq işində mənəvi dəstək vermiş bütün dostların, dövlətlərin rəsmilərinin bu paradda iştirakından təbii heç nə ola bilməz.

Etibar Seyidağa,
Musavat.com