Türkiyə XİN-dən Fransaya etiraz: “Senatın qətnaməsi gülünc, tərəfgir və reallıqlardan qopuq anlayışın təzahürüdür”

237

Fransa Senatının Dağlıq Qarabağı tanımasına Türkiyə XİN sərt reaksiya verib.

Ovqat.com-un məlumatına görə, bəyanatda deyilir:

“Fransa Senatının dünən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar beynəlxalq hüququn ən əsas prinsiplərinin, legitimliyin və ədalətin daxili siyasi maraqlara qurban verilməsinin bariz nümunəsidir. Biz qərarda Türkiyəyə qarşı əsassız iddiaları inkar edirik. Fransa Senatının bu qərarı  ATƏT-in Minsk qrupunun prinsip etibarilə tərəfsizliyini qorumalı olan həmsədrlərinin gördüyü işlərin indiyədək nə üçün çözülə bilməməsinin və bu məsələdə bitərəf mövqe sərgiləmədiyinin dəqiq göstəricisidir.

Ermənistanın əvvəlcə Tovuzda, ardınca isə Yuxarı Qarabağda törətdiyi təcavüz və təxribatlardan sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, 30 ilə yaxın müddətdə işğal altında tutulan ərazilərini qurtardı.

Əslində, Azərbaycanın öz ərazisində əldə etdiyi nəticə BMT-nin qərarlarında qeydə alınmış və bu hüquq Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun nizamlama sənədlərində öz əksini tapsa da, həyata keçirilməmişdir. Halbuki BMT-nin müvafiq qətnamələri ermənilərə işğal altındakı Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxmağı tələb edirdi.

Buna baxmayaraq, Fransa Senatının Azərbaycanı işğaldan xilas etdiyi ərazidən çıxarmaq çağırışı mənasız, qərəzli və ciddi alınmayacaq gülünc, tərəfgir və reallıqlardan qopuq  anlayışın təzahürüdür. Bu, heç bir ağlabatan əsasla izah edilə bilməyən sağlam düşüncədən məhrum olan bir qərardır və Fransanın problemin həllinə real töhfə vermək imkanlarını məhdudlaşdırır.

Fransa hökumətinin də qəbuledilməz kimi qiymətləndirdiyi elementlərdən ibarət olan bu qərar son zamanlar Fransada tez-tez rast gəlinən Türkiyənin əleyhdarlığını əks etdirir. Türkiyənin yaxın coğrafiyasında haqqın, hüququn və legitimliyin yanında tutduğu prinsipial mövqenin Fransa tərəfindən obyektiv və qərəzsiz alqılanması; tarixə və ya birbiriylə əlaqəsiz məsələlərə son dərəcədə səhv istinadlardan çəkinilməsi münasibətlərimizin təhlükəsizliyi üçün əsas tələbdir.

30 ilə yaxın davam edən Azərbaycan-Ermənistan münaqişəsi indiki mərhələsində biz Fransanın regiondakı vəziyyəti sabitləşdirmək üçün konstruktiv mövqe tutmasını, düzgün nəticə çıxarmasını arzulayırıq. Bunun üçün mövcud reallıqları əsas tutaraq beynəlxalq hüquqa uyğun olaraq qərar qəbul etməyə səy göstərmək kifayət edər.

Türkiyə bu çoxillik münaqişənin regional sülh və sabitliyə yardım etmək üçün davamlı həllinə nail olmaq üçün digər tərəfdaşları kimi Fransa ilə əməkdaşlıq etməyə hazırdır.