Türkiyə və Fransa arasında Qarabağ gərginliyi: “Bu, nəzərdən keçirilməsə…”

282

“Qarabağda sonuncu qarşıdurma başlayanda Fransa tərəfləri dayanmağa çağırdı və Türkiyənin Azərbaycana verdiyi dəstəkdən narahat olduğunu açıqladı. Fransanın bu açıqlamasına ölkədəki erməni diasporunun təsiri olsa da, bu reaksiyanın əsl səbəbi Parisin Liviya və Aralıq dənizinin şərqində Türkiyə ilə yaşadığı gəginlikdir”.

Bunu Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilot deyib.

Professor bildirib ki, Minsk Qrupunun həmsədri olan Fransa bitərəf olmalı və ədalətli həll yolunun tapılmasına öz töhfəsini verməli olduğu halda və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı olduğunu təsdiqləyən 4 qətnaməsi olsa da, Qarabağ məsələsində açıq şəkildə Ermənistanı dəstəkləyir:

Bu dəstək Fransa Senatının “DQR”-in tanınmasına çağıran məsləhətçi qərarı ilə son həddə çatdı. Senatın 305 səslə qəbul etdiyi təklifdə Azərbaycanın Türkiyənin dəstəyi ilə hərbi hücumları qınandı və bölgəyə əcnəbi döyüşçülərin aparıldığı iddiası təkrarlandı. Təklifi hazırlayan senatorlar Fransadan ermənilərə humanitar yardım göstərilməsini, Dağlıq Qarabağda törədilmiş “müharibə cinayətləri” ilə bağlı beynəlxalq araşdırma açılmasını, köçkünlərin evlərinə qayıtmalarına kömək etmələrini və bölgədəki ermənilərin tarixi əsərlərinin qorunmasını tələb etdilər.

26 ildən sonra Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsində İrəvanı dəstəkləyən Maronun Parisdə erməni dərnəyinin könüllüləri ilə görüşü zamanı səsləndirdiyi “Dağlıq Qarabağa müdaxilə etməyinizə nə mane olur?” sualına verdiyi cavab isə tarixi etiraf idi. Makron bu suala belə cavab verdi: “Beynəlxalq hüquq və BMT-yə görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Suveren dövlətin tələbi olmadan müdaxilə etmək hüququnuz yoxdur”.

Senatın qərarında cavab verən Fransa Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağın “müstəqilliyini” tanımadığını açıqladı”.

Okan Yeşilot Türkiyə və Fransanın digər bölgələrlə yanaşı, Dağlıq Qarabağ məsələsində də üz-üzə gəldiyini bildirib:

“Kipr sahillərindəki təbii qaz axtarışları NATO üzvü olan Türkiyə və Fransanı üz-üzə qoyub. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti ada sahillərində kəşf edilən nəhəng təbii qaz yataqlarının işlənməsi prosesinə daxil edilməmişdi. Bundan sonra Türkiyə Liviya ilə dəniz dibinin bölüşdürülməsi üzrə müqavilə imzalayaraq, Aralıq dənizinin şərqində araşdırmalara başladı. Bu isə Ankara və Afina arasında təzyiqləri qaldırdı və Fransa bu prosesdə Yunanıstanın yanındadır”.

Professor hesab edir ki, Fransa yürütdüyü beynəlxalq siyasəti nəzərdən keçirməsə, bundan sonrakı mərhələlərdə də Türkiyə ilə bir çox sahədə üz-üzə qalacaq. \\Teleqraf.com