Türkiyə səfiri İran XİN-ə çağrıldı – Ərdoğanın söylədiyi şeirin 9 ballıq əks-sədası

387

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Tehrandakı səfiri Derya Örs Türkiyə Prezidenti R.T.Ərdoğanın dünən Bakıda keçirilən zəfər paradında söylədiyi şeirlə əlaqədar İranın Xarici İşlər Nazirliyinə çağrılıb.

“Səfir cənab Ərdoğanın Bakı səfəri müddətindəki qəbuledilməz bəyanatı səbəbilə çağırılıb. Məsələ ilə bağlı səfirə etiraz bildirilib və “ərazi iddiaları dövrünün” bitdiyi onun diqqətinə çatdırılıb. İran heç kimə onun ərazi bütövlüyü məsələrinə müdaxilə etməyə imkan verməyəcək. Tarix bunun şahididir – İran milli təhlükəsizlik məsələlərində heç vaxt təslim olmur”, – deyə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Xəbər verdiyimiz kimi,  İranın Xarici İşlər naziri Cavad Zərif dünən Azərbaycanda keçirilən qələbə paradında Türkiyə Prezidenti R.T.Ərdoğanın söylədiyi şeirdən narahat olub.

Zərif “Tvitter” hesabında yazıb: “Prezident Ərdoğana Bakıda pislədiyi hadisənin Arazın şimalındakı bölgələrin ana vətənindən zorla ayrılmasından bəhs elədiyi barəsində məlumat verilməyib.

Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyini bilmədimi?

Heç kim sevimli Azərbaycanımız barəsində danışa bilməz”.

Prezident Rəcəb Tayyib  Ərdoğan dünənki çıxışında demişdi: “Araz öz nəğməsini daha da ucadan oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü olacaqdır.

Arazı ayırdılar,

Qum ilə doldurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Çan sənə qurban Laçın”.